Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq
məsələləri müzakirə edilib
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin
69-cu sessiyasında iştirakı çərçivəsində
sentyabrın 24-də ATƏT-in baş katibi Lamberto Zannier ilə
görüşüb.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, görüşdə Azərbaycan ilə
ATƏT arasında əməkdaşlıq məsələləri
müzakirə edilib. Həmçinin təşkilatın
Bakı layihə əlaqələndiricisi ofisi tərəfindən
təqdim olunmuş layihələrlə bağlı fikir
mübadiləsi aparılıb.
Elmar
Məmmədyarov ATƏT-in baş katibinə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və
aparılan danışıqlar prosesi haqqında məlumat
verib.
Görüşdə
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
ilə Azərbaycan Respublikası Hökuməti arasında
ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi
haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 1.