Azərbaycan BMT-nin İnkişaf Proqramı
ailəsinin
fəal və faydalı üzvlərindəndir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin
İnkişaf Proqramının rəhbəri xanım Helen
Klark ilə görüşüb.
Xarici
İşlər Nazirliyindən AzərTAc-a bildiriblər ki,
görüşdə H.Klark Azərbaycanın BMT
İnkişaf Proqramı ailəsinin fəal və faydalı
üzvlərindən biri olduğunu qeyd edib, yaxın günlərdə
Bakıya edəcəyi səfərin əhəmiyyətini
vurğulayıb. H.Klark Azərbaycanı orta gəlirli
inkişaf etməkdə olan ölkə kimi görməkdən,
respublikamızın inkişaf səviyyəsindən və
beynəlxalq aləmdə fəal rol oynamasından məmnunluğunu
ifadə edib.
Nazir
Elmar Məmmədyarov H.Klarkın Azərbaycana səfərinin
BMT-nin İnkişaf Proqramı və Azərbaycan Hökuməti
arasında ikitərəfli əməkdaşlığın
möhkəmləndirilməsi baxımından önəmli
olduğunu deyib. O əlavə edib ki, rəsmi Bakı humanitar
və sosial-iqtisadi çətinlikləri aradan qaldırmaq
üçün yardıma ehtiyacı olan inkişaf etməkdə
olan ölkələrə kömək etmək məqsədilə
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyini
(AIDA) yaradıb və inkişaf etməkdə olan donor ölkə
statusu qazanıb. Nazir indiyədək Latın Amerikası,
Afrika və Asiyanın 30-dan artıq ölkəsinin bu humanitar
yardımdan bəhrələndiyini diqqətə
çatdırıb.
H.Klark
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində
də ciddi nailiyyətlər əldə etdiyini deyib, bu sahənin
BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan arasında
strateji əməkdaşlığın gücləndirilməsində
əhəmiyyətli rola malik olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər
də müzakirə olunub.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 2.