Ürəklərdə şölələnən ümid çırağı

 

Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı

 

Horadiz şəhərinin indiki büsatını görəndə inana bilmirsən ki, yaxın keçmişdə, cəmi bir neçə il əvvəl bu yerlər müharibənin törətdiyi göz dağlayan, ürək göynədən xarabalıqlar olub. Qarabağ uğrunda savaşın ilk dövründə böyük arxaya, güclü texnikaya malik Ermənistan silahlı qüvvələri digər bölgələrimizlə bərabər bu yerləri də işğal edərək odlara qalayıb, viran qoymuşdu. Horadizdə demək olar ki, daş üstdə daş qalmamışdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı dövrün ümumi mənzərəsi acı da olsa təəssüf ki, təxminən belə idi.

Ulu öndərin polad iradəsi ilə yenicə formalaşan Azərbaycan Ordusu Horadizdaxil olmaqla Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etdi. Xalqda inamın sarsıldığı, orduda döyüş ruhunun çox aşağı olduğu bir tarixi məqamda bu, böyük irəliləyiş idi. Ermənilərin faşist xislətinin qurbanı olan Horadiz azad olunarkən müharibə alovunda yenidən odlara qalandı. O tarix ağrılı olsa da, qürurvericidir. İllər ötdükcə həyat sübut etdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursu ən doğru seçilmiş yoldur. Bu yolu yenilməz sədaqətlə, müasir dövrün inkişaf prinsiplərinə uyğun yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin müdrik daxilixarici siyasəti sayəsində Azərbaycan tarixən qısa bir zaman kəsiyində bütün dünyanı heyran qoyan inkişaf səviyyəsinə yüksəldi. Ölkənin artan iqtisadi qüdrəti sayəsində bütün regionlarla bərabər cəbhə bölgələrinin də siması dəyişdi. Bu sırada Horadiz şəhərinin yeri tamam başqadır...

Bu ilin avqustun 28-də respublika Prezidenti İlham Əliyevin Füzuli rayonuna növbəti səfəri reallaşdı. Bu, dövlət başçısının Füzuli rayonuna sayca beşinci səfəri idi. Bölgə əhalisi üçün unudulmaz tarixə çevrilən bu səfərlər Horadiz şəhərinin də, ətraf yaşayış məntəqələrinin də inkişafını, yüksəlişini şərtləndirən başlıca amildir desək, yanılmarıq. Demək olar ki, hər səfərdən sonra Füzulinin inkişafında yeni mərhələ başlayır. Hər səfərdən sonra dövlət başçısının təşəbbüsü, bölgə əhalisinin müraciətləri əsasında yeni sosial obyektlərin tikintisinə, möhtəşəm infrastruktur layihələrinin icrasına start verilir. Beləcə, cəbhə bölgəsi olan, düşmənlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Horadiz ev-ev, küçə-küçə yenidən qurulur, abad, yaraşıqlı, müasir bir şəhərə çevrilir. Horadizdə Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər gözəlliyi ilə göz oxşayan Horadiz şəhərinin müasir görkəminə verilən ən real qiymətdir: "Biz burada, düşmənlə üz-üzə Horadizdə biz bir gülüstan, bir abad şəhər görürük. Getsinlər öz şəhərlərinə baxsınlar. Bu gün Horadiz abadlığına görə onların paytaxtı olan qədim Azərbaycan şəhəri İrəvandan bir neçə dəfə üstündür. Bu, reallıqdır. Bunu hər kəs görür və görməlidir. Azərbaycan ictimaiyyəti də bunu bilməlidir."

Cəbhə xəttinin beş addımlığında yerləşən Horadiz bənzərsiz  yaraşığı, xoş növrağı ilə, sözün gerçək mənasında, düşmənlərimiz üçün göz dağına çevrilib. Əlbəttə, görəni heyran edən bu ürəkaçan mənzərə sehrli bir çubuqla yaranan möcüzə deyil. Bu, vətənini, xalqını sonsuz məhəbbətlə sevən, ölkəsinin hər qarışını gülüstana döndərməyə çalışan dövlət başçısının yenilməz iradəsinin, müdrikliklə idarə olunan bu dövlətdə dinamik şəkildə artan iqtisadi qüdrətin və qədirbilən, dövlətinə, rəhbərinə həmişə  sədaqətli olan sülhsevər bir xalqın tükənməz qurub-yaratmaq əzminin məntiqi ifadəsidir. Bu bölgədə adama xoş gələn ən üstün cəhət isə odur ki, daş üstə qoyulan hər daş, ucalan hər bina, əkilən hər ağac, gül-çiçək kolu vətənə gerçək sevginin canlı təzahürüdür. Burada xatirinə görmək istəyən yoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq görülən hər bir candan, könüldən görülür.

Füzuli rayonunun inkişafı həmişə dövlətin diqqət mərkəzində yer alıb. Son illər bu inkişaf sözün həqiqi mənasında geniş vüsət alıb. Olimpiya idman kompleksi, Muğam Mərkəzi, Tibbi Mərkəz, 25 meqavat gücündə su elektrik stansiyası, abad yollars. məhz son illərin ürəkaçan yenilikləridir. Abadlıq, quruculuq işləri isə zərbəçi ahənglə davam etdirilir. Ötən ay bölgəyə səfər edən Prezident İlham Əliyev sürətli inkişafın göstəricisi olan bir sıra yeniliklərlə tanış oldu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldığı park xeyli genişləndirilib, burada yüksək zövqlə yenidənqurma işləri aparılıb. 10 hektar ərazini əhatə edən Bayraq Meydanı indi bölgə sakinlərinin istirahət yerinə çevrilib. Burada fəaliyyət göstərən 3 istirahət guşəsində adamların dincəlməsi üçün nümunəvi şərait yaradılıb.

Dövlət başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 2 nömrəli körpələr evi-uşaq bağçasının, Horadizdə fəaliyyətə başlayan tikiş fabrikinin, Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolunun açılış mərasimlərində iştirak etmiş, Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə, Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olmuşdur.

Dövlət başçısı bölgəyə səfəri çərçivəsində Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpadan sonra istifadəyə verilməsi mərasimində də iştirak etmişdir. Erməni faşistlərinin yerlə-yeksan etdikləri evlərdən biri də Vəli Səlimovundur. Dövlətin yardımı ilə bərpa edilən, əsaslı şəkildə yenidən qurulan 227 evdən biri də məhz Vəli kişinin evidir. Ev sahibəsi Xuraman Quliyevanın dedikləri:

- Füzuliyə səfəri zamanı ailəmizin qonağı olan, çay süfrəsi ətrafında bizimlə səmimi söhbət edən Prezident İlham Əliyev bu gəlişi ilə bizim ailə salnaməsinə şərəfli bir tarix yazdı. Biz yaxından tanış olub bir daha gördük ki, dövlət başçısı nə qədər humanist, qayğıkeş və diqqətlidir. Böyük ürək sahibi olan cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olmaq zirvəsini artıq çoxdan fəth etmişdir. Bizim ailənin timsalında müharibənin ağrı-acısını yaşamış, uzun illər boyu evsiz-eşiksiz qalıb sonda mənzil-məişət rahatlığına qovuşmuş çoxsaylı ailələr üçün yaradılmış yeni və yüksək həyat şəraitindən Prezidentin necə məmnun olduğunu təsəvvür etmək çətindir. Yeni mənzildə bizə xeyir-dua verdi, xoş arzularını çatdırdı. Biz o görüşü heç bir zaman unutmarıq. Dövlət başçısının qayğı və diqqəti bizə qol-qanad verir, sabaha inamımızı artırır. İnanırıq ki, Prezidentin müdrik siyasəti Qarabağın tezliklə işğaldan azad olunacağını təmin edəcək. Bu, müharibə ilə olacaqsa, bütün  Füzuli camaatı silaha sarılıb Milli Ordumuzun əsgərləri ilə bir sırada döyüşməyə hazırdır.

Bu gün Füzulidə yüksək əhval-ruhiyyə yaşanır. Prezident İlham Əliyevin bölgəyə səfəri hər könüldə, hər ürəkdə xoş ovqat yaratmışdır. Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının sədri, rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova rayonda yaradılmış sağlam mənəvi-psixoloji durumu, yaşanan yüksək əhval-ruhiyyəni belə xarakterizə edir:

- Cəbhə bölgəsi olan Füzuliyə Prezident İlham Əliyevin isti münasibəti, rayonun sosial-iqtisadi inkişafının sürətlənməsinə yönələn davamlı qayğısı burada hər kəs tərəfindən böyük minnətdarlıqla qarşılanır. Dövlətin qayğısı ilə müasir şəhərə çevrilən Horadizdə yenilikləri təkcə gözəl parkxiyabanlarla, çoxsaylı və müasir tipli sosial obyektlərlə, yeni salınan qəsəbələrlə, çəkilən rahat asfalt yollarla xarakterizə etmək səhv olardı. Bu yanaşma bütün uğurlarımızı əhatə etmir. Horadizin diqqət çəkən müasir bir şəhər kimi başdan-başa yenidən qurulması düşmənlərimiz üçün göz dağına çevrilməsi söz yox ki, böyük nailiyyətdir. Ancaq mən deyirəm ki, başqa heç nə ilə müqayisə olunmayacaq uğur Prezident İlham Əliyevin davamlı qayğısı və xüsusi diqqəti ilə hər bir Füzuli sakininin könlündə yandırılan ümid çırağıdır. Adamlar adətən eşitdiklərinə yox, gördüklərinə inanırlar. Bizim bölgədə hər addımda dövlətin qayğısı, isti münasibəti görünür. Yeni tikilən məktəblər, uşaq bağçaları, xəstəxanalar, mədəniyyət ocaqları, parklar, xiyabanlar, asfalt yollars. bölgə əhalisinin rahatlığına xidmət edir. Ətir qoxuyan əlvan gül-çiçəklər təkcə yol kənarlarına, parkxiyabanlara əkilmir. Rayonda dövlət məmurlarının əhali ilə qarşılıqlı hörmət və ehtirama söykənən münasibəti gerçək bir gülüstan yaratmışdır. Bu gülüstanın mayasında dövlətə, Prezidentə sədaqət, vətənin hər qarış torpağına sonsuz məhəbbət dayanır.

Söhbət açdığımız bu bölgə sözün həqiqi mənasında möcüzələr diyarıdır. Hər doğan günəş, hər açılan səhər xoş müjdələri ilə bu yerin övladlarının könlünə nikbinlik toxumu səpir. Dövlətin qayğısından güc alan Füzuli camaatı vətənə, xalqa, Prezidentə sədaqətli olduqlarını fəal vətəndaş mövqeləri ilə hər gün dönə-dönə sübut edirlər. Füzuli rayonunun ağsaqqallarından olan Məcnun Namazəliyevin şirinduzlu söhbətlərindən bir məqamı bütün elin-obanın ürəyindən keçən istək kimi də dəyərləndirmək olar:  şükranlıq yüksək əxlaqi-mənəvi keyfiyyətdir. Bir millət olaraq bizim şükür ediləsi çox şeyimiz var. Azad, müstəqil, suveren, iqtisadi cəhətdən qüdrətli, güclü orduya malik dövlətimiz, vətəninə, xalqına ləyaqətlə xidmət edən müdrik Prezidentimiz, şanlı tariximiz, firavan bu günümüz, işıqlı sabahımız var. Bunlar millətin sərvətləridir. Onları göz bəbəyi kimi qorumaq isə bir azərbaycanlı olaraq hər birimizin şərəfli borcudur.

 

Lazım  QULİYEV,

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 4.