Prezident İlham Əliyevin İsmayıllıya hər səfəri rayonun

gələcək inkişafı üçün möhkəm təməl olur

 

İsmayıllı şəhərində Prezident İlham Əliyevin sentyabrın 22-də bölgəyə səfərinin yekunlarına həsr olunan fəallar yığıncağı keçirilib.

AzərTAc xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, sahibkarların, əmək veteranları və gənclərin, ziyalıların iştirak etdikləri yığıncağı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov açaraq Prezidentin bölgəyə növbəti səfərinin böyük tarixi əhəmiyyətindən, insanlarda yaratdığı yüksək əhval-ruhiyyədən, onların çalışmaq, qurub-yaratmaq əzminin möhkəmlənməsinə göstərdiyi təsirdən danışıb.

Bu səfərin qarşıdakı neçə-neçə illərin inkişafı üçün möhkəm təməl qoyduğunu vurğulayan natiq dövlətimizin başçısının səfər çərçivəsində rayon mərkəzi xəstəxanasında, rayon icra hakimiyyətinin inzibati binasında, rayon mədəniyyət sarayında aparılan əsaslı və yenidənqurma işləri ilə tanış olduğunu, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçasının, YAP rayon təşkilatı üçün yeni tikilən inzibati binanın açılışında iştirak etdiyini, ümumi sahəsi 2 hektar olan uşaq istirahət və əyləncə parkında yaradılan şəraitlə tanışlığını, ictimaiyyət nümayəndələri ilə səmimi söhbət etdiyini bir daha diqqətə çatdırıb.

Bildirilib ki, səfər zamanı tapşırıqlar verən, yeni layihələrə dəstək olacağını bildirən dövlətimizin başçısının tükənməz qayğısı, ardıcıl diqqəti digər bölgələr kimi, İsmayıllının da bütün sahələrdə sürətli inkişafını təmin edib. Təsadüfi deyildir ki, dövlətimizin başçısı səfərin ertəsi günü - sentyabrın 23-də İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 2 milyon manat vəsaitin ayrılması barədə ismayıllılar tərəfindən minnətdarlıqla qarşılanan Sərəncam imzalayıb.

Fəallar yığıncağında Prezident İlham Əliyevin İsmayıllıya səfərinin yekunları ilə əlaqədar qarşıda duran vəzifələr müəyyənləşdirilib, bununla bağlı tədbirlər planı təsdiq olunub.

Yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 4.