Din siyasi alət rolunda
Yaxud Ermənistanın Vatikan
qarşısında oyunlarının pərdəarxası
Özlərini "dünyanın ilk xristian dövləti"
elan edən ermənilər əsrlər boyu bu kartdan məharətlə
istifadə etməyə çalışmışlar. Tarix boyu
dövlətçilik təcrübəsi olmayan ermənilər
üçün dini faktor hər zaman manipulyasiya vasitəsi
olmuşdur. Maraqlıdır ki, ayrı-ayrı
regionlarda xristianlıq ermənilərin fərqli məqsədlərinə
xidmət etmişdir. Fikrimizcə, buna
görədir ki, sayları cəmi bir neçə milyon olan
bu xalqın nümayəndələri xristianlığın
bütün əsas qol və təriqətlərinə xidmət
edirlər. Qriqoryan, katolik, protestant,
yunan-pravoslav, monofizit, diofizit, evangelist və digər dini əqidə
daşıyan ermənilər dünyaya səpələnmişlər.
Ermənilər neçə dil qrupuna, neçə dini əqidəyə,
antropoloji tipə aiddir?
Hələ müsəlman-ermənilər də
ayrıca mövzudur. Türkiyədə dağlıq ərazidə
yaşayan hamşinlər ermənilərin xüsusi qolu hesab
olunur. Müşahidələr göstərir
ki, yaşadıqları əraziyə uyğun olaraq müxtəlif
dini əqidə daşıyıcısı olmaq daha çox
ermənilərin siyasi məqsədlərinə xidmət edir.
Əgər Fransada katolik olmaq lazımdırsa,
burdakı erməni diasporu daha çox katoliklərdir. Qonşu Almaniyada isə protestant ermənilər
üstünlük təşkil edir.
Tarix göstərmişdir ki, müxtəlif dövrlərdə
və dünyanın ayrı-ayrı bölgələrində
xristianlıq ermənilər üçün siyasi alət
olmuşdur. Hələ
səlib yürüşləri zamanı ümumi xristian
maraqları çərçivəsində manevr edən ermənilər
hazırda Afrikada Efiopiya ilə münasibətlər, Yaxın
Şərqdə Livanda siyasi hakimiyyətdə təmsil olunmaq
baxımından xristian dininin daşıyıcısı
olmalarından siyasi manipulyasiya edirlər.
Məlum olduğu kimi, səlib yürüşləri
zamanı ermənilər himayəsində
yaşadıqları türklərə və ərəblər
başda olmaqla birgə yaşadıqları digər müsəlmanlara
xəyanət edərək, səlibçilərin tərəfində
vuruşmuşlar. Səlibçilərin Yaxın Şərqdə Edessa,
Antioxiya kimi şəhərləri almasında bu qala-şəhərlərdə
yaşayan ermənilərin şəhəri təslim etməsi
ilə bağlı onlarla faktlar var. Ermənilərin saxta
"xristian həmrəyliyi" imici yaratmaq niyyəti
onların bu regionda uzun müddət möhkəmlənməsinə
səbəb oldu. Fikrimizcə, məhz bu
dövrdən səlib yürüşlərinin əsas
havadarlarından olan Vatikanla ermənilər arasında gizli
sövdələşmələr olmuşdur və hazırda
da Ermənistan bu missiyadan sui-istifadə edir.
Xristianlıq Afrikada da Ermənistanın siyasi manipulyasiya
alətinə çevrilmişdir. Xüsusi qeyd etməliyik
ki, Ermənistanın Efiopiya ilə əlaqələrində
istifadə etdiyi iki faktordan biri din faktorudur. Efiopiya Afrikada ən qədim xristian ölkəsidir və
bu baxımdan, erməni təbliğat maşını
"dünyanın iki ən qədim xristian dövləti"
ideyası altında çıxış edir. İkincisi, ermənilər amxar əlifbası ilə
erməni əlifbasının oxşarlığından
istifadə edərək, bu iki xalqın qohum və yaxın
olması haqqında təbliğat aparırlar. Beləliklə, yenə ermənilərin tarixi
saxtalaşdırmaq faktı qarşısında
qalırıq.
Necə
ola bilər ki, lazım gəldikdə özünü Hind-Avropa
dil qrupuna aid edən, digər bir halda Qafqazda avtoxton xalq
iddiasında olan ermənilər indi də tamamilə başqa
bir antropoloji tipə, dil qrupuna aid olan həbəşlərlə
qohum xalq olur?
Fikrimizcə, əgər Hind-Avropa dil qrupu İranla
yaxınlıq, Qafqazda yerli olmaq bu torpaqlara iddia etmək
üçün lazımdırsa, erməni-amxar
yaxınlığı Afrikada Ermənistanın
dezinformasiyası üçün lazımdır. Maraqlı bir
mənzərə yaranır. Bir xalq neçə dil
qrupuna, neçə dini əqidəyə, antropoloji tipə
aid ola bilər? Ermənistanın
siyasi, dini və elmi dairələrinin apardığı tarixi
saxtalaşdırmaq siyasəti, dili, dini, əcdadı siyasətə
qurban vermək strategiyası son nəticədə bu xalqın
ümumilikdə etnogenezisini şübhə altına qoyur.
Xüsusi qeyd etməliyik ki, ermənilərin dini mənsubiyyətdən
siyasi məqsədlər üçün istifadə etməsinin
ən bariz nümunəsi Livanın timsalında
görünür. Livanın dövlət quruluşunun
konfessional tarazlıq sistemində ermənilər qriqoryan,
katolik, protestant, evangelist dini əqidə
daşıyıcısı olaraq ayrı-ayrılıqda təmsil
olunmaq hüququna malikdirlər. Livanda ermənilərə
parlamentdə 6 yer və hökumətdə 2 nazir vəzifəsi
ayrılmışdır. Bu ölkədə
milli deyil, dini azlığın təmsilçisinə verilən
imtiyazlar ermənilərin dini sektalara bölgüsünü
şərtləndirən başlıca amildir. Livan
hökuməti tərəfindən rəsmi olaraq 3 erməni
dini məzhəbi ölkədə yaşayan dini sekta kimi
tanınır: erməni qriqoryan, erməni katolik və erməni
evangelistlər. Məsələnin mahiyyətində
isə siyasi ambisiyalar dayanır.
Qafqazda da xristianlıq amili ermənilərin bir neçə
məqsədinə xidmət edir. Birincisi, xristian
albanların irsinə iddia etmək. Qafqaza
sonradan köçürülmə xalq olan ermənilər
öz hamiləri olan böyük dövlətlərin
hesabına bu regionda avtoxton xalqların xristian irsinə sahib
olmağa çalışırlar. Uzun əsrlər
boyu aparılan bu məqsədyönlü siyasət 1836-cı
ildə Rusiya tərəfindən Alban kilsəsinin erməni
qriqoryan kilsəsinə tabe etdirilməsi ilə nəticələnmişdir.
Azərbaycanda islam dini yayıldıqca
ancaq yüksək dağlıq ərazilərdə yerli
xalqların nümayəndələri xristian olaraq
qalırdılar. Bu baxımdan, Qarabağın
dağlıq ərazisində xristian albanların qriqoryan erməni
kilsəsinin təsiri altında assimilyasiyaya
uğradığı tarixi faktdır.
Qafqazda ermənilər digər bir xristian irsinə də
iddialıdırlar. Hazırda erməni təbliğat
maşını xristian qıpçaqları bütün
dünyaya qıpçaqdilli ermənilər kimi təqdim edir.
Xristian qıpçaqların regionda
xaçkarları erməniləşdirilir və dünyaya erməni
mədəni irsi kimi təqdim olunur. Halbuki, bununla
bağlı azərbaycanlı tədqiqatçılarla
yanaşı, türkiyəli tədqiqatçılardan
Yaşar Kalafat, Receb Şahin, Sadi Koçaş xristian
qıpçaq irsinin ermənilər tərəfindən mənimsənildiyi
barədə təkzibolunmaz faktlar ortaya
çıxarmışlar.
Xristianlıq
faktoru Ermənistanın xarici siyasətinin sui-istifadə hədəfidir
Beləliklə, faktlar göstərir ki, xristianlıq ermənilər
üçün hər zaman siyasi alət olmuşdur. Məhz dini faktordan istifadə
edərək ermənilər öz havadarlarının
hesabına özgə torpaqlarında dövlət qurmağa
nail olmuş, qonşularının ərazilərini
işğal etmişlər. Hər hansı bir
siyasi məqsədə çatmaq üçün
bütün dini, ilahi, bəşəri dəyərləri
ayaqlamaqdan isə çəkinməmişlər. Fikrimizcə, Ermənistan Respublikasının
prezidenti Serj Sarkisyanın sentyabr ayının 18-də Vatikana
səfərini də bu prizmadan qiymətləndirmək olar.
Məlum
olduğu kimi, qondarma "erməni soyqırımı"nın 100 illiyi ilə əlaqədar Ermənistan
Dünya Kilsələr Şurası, eləcə də
Vatikanla fəal iş aparır. 2013-cü ildə bütün
ermənilərin katolikosu II Qareginin Dünya Kilsələr
Şurasının 8 il müddətinə
sədri seçilməsindən sonra ermənilərin xristian
faktorunu öz yalançı ambisiyalarının əsirinə
çevirəcəyi şübhə doğurmurdu. Ermənistanın
siyasi və dini dairələri 2015-ci ildə erməni
"soyqırımı"nın
Dünya Kilsələr Şurası tərəfindən
tanınmasına nail olmağa çalışırlar. Digər
tərəfdən Vatikan vasitəsilə xristian
dünyasına təsir göstərmək istiqamətində
iş aparılır. Papa I Fransisk hələ Argentinada olarkən
erməni diasporunun hərtərəfli dəstəyi sayəsində
1915-ci il hadisələri ilə
bağlı birtərəfli məlumatlandırılmışdır.
Nəticədə Papanın mövqeyi də
birtərəfli formalaşmışdır. İndi Ermənistan
rəhbərliyi onu gələn il İrəvanda
keçiriləcək tədbirdə iştiraka sövq etməyə
çalışır.
Serj
Sarkisyanın Vatikana səfərində də əsas niyyət
xristian təəssübkeşliyi ideyası altında ermənilərin
öz siyasi məqsədlərinə nail olmasıdır. Ermənistan prezidentinin Vatikanda səsləndirdiyi
fikirlərlə onun özünün şəxsən
iştirakçısı olduğu terrorçuluq fəaliyyəti
isə bir-birinə daban-dabana ziddir. Qarabağda
azərbaycanlılara qarşı vəhşi qətliamların
şəxsən iştirakçısı olan Sarkisyan
dünya xristianlığının mərkəzindən
hamını aldadaraq bildirir ki, "dindən müharibə və
zorakılıq naminə istifadə olunmamalıdır, din
dünyanın hər yerində tolerantlıq və dialoqun
yaranmasına və saxlanmasına xidmət etməlidir".
Bu fikirləri məhz fərqli dini-etnik
daşıyıcı olduğuna görə günahsız azərbaycanlıların
qətliamında iştirak edən birinin deməsi xristian dini əqidəsini
öz alətinə çevirməyin ən bariz nümunəsidir.
Öz çıxışında kürəkəni,
Ermənistanın Vatikandakı səfiri Mikael Minasyanı tərifləməyi
də unutmayan Sarkisyan Azərbaycanı erməni mədəni
irsinin dağıdılmasında ittiham edir. Birincisi, tarixi
faktlar Qafqazda qədim dövr erməni abidələrindən
danışmağın yersiz olduğunu deyir. Ola bilər
ki, Sarkisyan 1978-ci ildə Ağdərə rayonunun Marquşavan
kəndində ermənilərin bu regiona
köçürülməsinin 150 illiyi ilə əlaqədar
açılmış və elə ermənilərin özləri
tərəfindən də "izi itirmək"
üçün dağıdılmış abidəni nəzərdə
tutur. Yəqin ki, həmin vaxt Xankəndidə
yaşayan Sarkisyan bu abidənin açılışında
iştirak edib. İkincisi, dünyanı keçmiş
cinayətləri unutmamağa çağıran Ermənistan
prezidenti Qarabağda dağıdılan, vandalizmə məruz
qalan islam tarixi abidələri haqqında
susur. Başçılıq etdiyi hərbi
xuntanın yerlə-yeksan etdiyi tarixi abidələr haqqında
isə Vatikanda da bilməmiş deyillər. Beləliklə, Ermənistan rəhbərliyi yenə
xristianlıq faktorundan siyasi riyakarlıq üçün
istifadə edir.
Müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin yaşadığı Azərbaycan əsrlər boyu öz tolerantlığı ilə seçilmişdir. Bu gün də tarixi ənənələrə sadiq qalan Azərbaycan dövlətinin siyasəti tolerantlıq və mədəniyyətlərarası dialoq üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında bildirdiyi kimi: "Multikulturalizm bizim həyat tərzimizdir. Nisbətən yeni anlayış olmasına baxmayaraq, multikulturalizm əsrlər boyu xalqımıza xas olan bir anlayışdır. Əsrlər boyu müxtəlif dinlərin, millətlərin nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar."
Günümüzdə dünyada ən aktual mövzu və proses radikallaşma meyilləridir. Bir tərəfdən müxtəlif qrupların dindən öz məqsədləri üçün istifadə etməsi, digər tərəfdən isə idarə olunan qlobal mətbuatın radikallaşma proseslərini, terrorçu qruplaşmaların fəaliyyətini dini əqidə ilə əlaqələndirmək cəhdləri ən mühüm müzakirə mövzularıdır. Belə bir şəraitdə Ermənistan prezidentinin Vatikan səhnəsindən istifadə edərək Qafqazdakı hadisələri Yaxın Şərqdəki radikal təmayüllərlə əlaqələndirmək niyyətini yalnız bir terrorçunun öz əməllərini dini amalla bağlamaq istəyi ilə müqayisə etmək olar.
Maraqlıdır ki, tarixə ekskurs edərkən ermənilərin Vatikandan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmalarına əvvəlki dövrdə də rast gəlirik. XVII əsrdə erməni icması adından Avropaya göndərilən İsrail Ori də xristian faktorunu erməni maraqları üçün manipulyasiya etmişdir. Bununla bağlı akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix" kitabında dəyərli faktlar əks olunmuşdur. Kitabda göstərilir ki, "Özgə torpaqlarında özlərinə dövlət yaratmaq üçün erməni missionerləri Avropa saraylarını qapı-qapı gəzirdilər. Bu məqsədlə ermənilər belə bir mif yaratmışdılar ki, guya xristian ermənilər Osmanlı və Səfəvi dövlətləri tərəfindən təqib olunur, zorla müsəlmanlaşdırılırlar. Bu mifi dünyaya yaymaq və xristian havadarlarından dəstək almaq məqsədilə İsrail Ori adlı bir missioner Avropaya göndərilmişdi. O, 1704-cü ildə Papa XI Klement tərəfindən qəbul olunur və Papa ermənilərə kömək edəcəyinə söz verir. Əvəzində İsrail Ori vəd verir ki, Səfəvi asılılığından azad olan bütün ermənilər Roma papasının dini rəhbərliyini tanıyacaqlar". Yenə erməni yalanı və xristianlığın siyasi istismarı. Kitabda tarixi faktlara istinadən göstərilir ki, bir müddət sonra İsrail Ori artıq I Pyotrun sarayında eyni vədləri verirdi.
Beləliklə, Ermənistan prezidentinin Vatikana səfəri zamanı kimə nə vəd verdiyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Ancaq mövzu dini dəyər olsa belə, əsas məsələ verilən vədlərin nə qədər etibarlı olmasıdır. Bu yerdə məşhur fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz səfəri" əsərində ermənilər haqqında yazdıqları yada düşür. Qafqaza səyahət zamanı burada yaşayan xalqlarla əyani tanışlıqdan sonra A.Düma yazırdı: "Əgər azərbaycanlı (o dövrün dili ilə tatar) sizə başı ilə razılıq verirsə, ona etibar edin. Əgər fars sizə əl verirsə, ona bel bağlayın. Əgər hər hansı bir dağlı söz verirsə, buna şübhə etməyin. Ancaq əgər bir erməni ilə sövdələşirsinizsə, mütləq bir kağıza qol çəkdirin və iki nəfər də şahid tutun ki, sonra öz imzasını danmasın".
Ərəstü
HƏBİBBƏYLİ,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr
şöbəsinin Analitik informasiya sektorunun müdiri,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 54.