Gənclər və idman naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq gənclər və idman naziri Azad Rəhimov sentyabrın 25-də Sumqayıtda vətəndaşları qəbul edib.

Şəhərdəki Tarix Muzeyində gün ərzində aparılan qəbulda Sumqayıt sakinləri ilə yanaşı, Abşeron, Qobustan, Xızı və Şamaxı rayonlarının da sakinləri iştirak ediblər.

Nazir qəbula gələn bütün vətəndaşların arzu və istəklərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb, problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Ümumilikdə 30-dək vətəndaşın iştirak etdiyi qəbulda müraciətlərin böyük əksəriyyəti idman sahəsi ilə bağlı olub. İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin avadanlıqla təchiz edilməsi, gənclərin asudə vaxtlarının təşkili, yay istirahət düşərgələrinin yaradılması, ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı müraciətlər də səsləndirilib.

Vətəndaşların bir sıra müraciətləri yerindəcə həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 5.