Tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd edilib

 

Sentyabrın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Sadıq Rəhimovun həyat və fəaliyyətinin əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri yubiley mərasimi Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən “Şərəfli ömür” sənədli filminin nümayişi ilə başlanıb. Tədbir çərçivəsində, həmçinin eyniadlı kitabın təqdimatı olub.

Mərasimdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun anadan olmasının 100 illiyi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014-cü il 8 avqust tarixli Sərəncamına əsasən qeyd olunur.

Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi sənayeləşmə siyasəti nəticəsində infrastruktur təminatı yaxşılaşıb, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaradılıb, qeyri-neft sənaye məhsulları istehsalı artıb. 2014-cü ilin “Sənaye ilielan edilməsi, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər ən yaxın gələcəkdə Azərbaycanı regionun güclü sənaye mərkəzinə çevirəcək.

Qeyd olunub ki, zəngin ənənələrə malik Azərbaycan sənayesi hazırkı səviyyəyə çatmaq üçün böyük inkişaf yolu keçib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sənayeləşmə siyasətinin əsası hələ ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub, məhz bu böyük şəxsiyyətin müstəsna xidmətləri sayəsində ölkəmizdə güclü sənaye potensialı formalaşıb.

Heydər Əliyev dühasının uzaqgörənliyinin vacib məqamlarından biri də bacarıqlı insanların potensialından səmərəli istifadə edilməsi, yaşından asılı olmayaraq onları rəhbər vəzifələrə çəkilməklə yüksək etimad göstərilməsi idi. Belə şəxslərdən biribu günlər 100 illiyini qeyd etdiyimiz, ölkə sənayesinin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli dövlət xadimi Sadıq Rəhimov olub.

Hər zaman işinə məsuliyyətlə yanaşan Sadıq Rəhimovun işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəldib. Təsadüfi deyil ki, 18 yaşından başlayaraq Azərbaycan Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində müxtəlif vəzifələrdə çalışmış Sadıq Rəhimov bu müəssisədə direktor vəzifəsinədək yüksəlib. O, 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Müxtəlif vaxtlarda toxuculuq sənayesi naziri, Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfat və mülki tikinti naziri, çoxişlənən sənaye malları naziri, Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri, Bakı Baş Tikinti İdarəsinin rəisi və yüngül sənaye naziri vəzifələrində çalışıb. Azərbaycanda tikinti və sənaye sahələrinin inkişafına özünəməxsus töhfələr verib.

Vurğulanıb ki, görkəmli dövlət xadimi Sadıq Rəhimovun səmərəli fəaliyyəti, iqtisadiyyatın, xüsusilə sənayenin inkişafındakı böyük xidmətləri daim hörmətlə xatırlanır.

Tədbirdə Sadıq Rəhimov ilə birgə çalışmış insanlar, onun yaxınları xatirələrini bölüşüblər. Uzun illər SSRİ-nin yerli təsərrüfat və məişət naziri olmuş, müxtəlif illərdə Sadıq Rəhimovun rəhbərliyi altında çalışmış Nəbibə Həsənova, vaxtilə neft emalı sənayesi naziri işləmiş Kamil Akimov, Şəki rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuzayev tanınmış dövlət xadiminin xidmətlərindən, insani keyfiyyətindən söz açıblar.

Sadıq Rəhimovun nəvəsi, gənclər və idman naziri Azad Rəhimov babasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Tədbirdə Sadıq Rəhimovun həyatının müxtəlif anlarını əks etdirən fotoslaydlar nümayiş olunub.

Yubiley mərasimi bədii hissə ilə davam edib.

 

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 6.