Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva Dədə Qorqud parkında 3D qraffiti layihəsinin
açılışında iştirak edib
Sentyabrın
25-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq
dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət
Məkanının birgə təşəbbüsü ilə
Bakı şəhərinin əsas istirahət mərkəzlərindən
birində - Dədə Qorqud parkında 3D qraffiti layihəsinin
açılışı olub.
Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyeva mərasimdə iştirak
edib.
Layihə
çərçivəsində çəkilmiş qraffiti əsərləri
ictimaiyyəti ekoloji problemlər haqqında məlumatlandırmaq
və insanların diqqətini bu problemlərə yönəltmək
məqsədi daşıyır.
Açılış
mərasimində bildirildi ki, gənc rəssamlar
üçün yeni fəaliyyət istiqamətinin təbliği
kimi Azərbaycanda ilk yerüstü qraffiti əsəri
“Qafqazın böyük beşliyi”nə daxil olan heyvanları
və onların qorunmasının vacibliyini özündə əks
etdirir. Azərbaycan ərazisində məskunlaşan və nəsli
kəsilmək təhlükəsi ilə qarşılaşan
heyvan növlərinin qorunması üçün Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
və rəhbəri Leyla Əliyevanın təşəbbüsü
ilə 2012-ci ildə “Qafqazın böyük beşliyi”
adlı layihəyə start verilib. Bu beşliyə qonur
ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbiri
aiddir.
Hazırda
Dədə Qorqud parkında sərgilənən əsərlərdən
biri İngiltərədən dəvət olunan qraffitistlər
– Eduard Şiron, Ceyms Titçner və Culiyan Fetin tərəfindən
3D formatında 5 gün ərzində işlənib. Burada
xarici qonaqlarla yanaşı, Azərbaycandan olan qraffitistlərin
Xəzər dənizinin ekoloji problemlərini, Heydər
Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi
“Ağacların kəsilməsinə yox” proqramını əks
etdirən əl işləri də vardır.
Yerüstü
3D qraffiti əsərləri ilə oktyabr ayına qədər
tanış olmaq mümkündür.
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 6.