Jurnalistika fakültəsinin ilk məzunları - 40 il

 

1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indi BDU - red.) 50 illik yubileyi keçirilirdi. Respublika rəhbərliyinə yenicə təyin edilən Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev universitetin filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən jurnalistika şöbəsinin fakültə olmasına dəstək verdi. Beləliklə, o fakültənin ilk məzunları bizlər olduq.

1974-cü ildə jurnalistika fakültəsi ilk məzunlarını Azərbaycanın müxtəlif şəhərlərinə qəzet, jurnal, nəşriyyat tərcümə sahəsində işləməyə göndərdi. O tarixi günlərdən az, çox, düz 40 il keçib. Jurnalistika fakültəsinin ilk məzunlarından olan mənə elə gəlir ki, sanki dünən tələbə adını qazanmışdıq. tez ötdü o 40 il. Dünən idi 190 saylı məktəbin yanındakı birmərtəbəli qədim binada dərsə başlamağımız. Azərbaycanın müxtəlif bölgələrindən - rayon kəndlərindən gəlmişdik, bəlkə çoxumuz qatara ilk dəfə minmişdik, bəlkə çoxumuz paytaxtımız Bakını ilk dəfə görürdük, çəkingən, utancaq yeniyetmələr idik. Məktəbi 1968-1969-cu tədris ilində bitirsəm , dörd balım çatmadığı üçün 13 yaşımdan arzu etdiyim jurnalistika fakültəsinə qəbul olunmamışdım. İkinci dəfə qəbul imtahanlarında üç fəndən "beş", ingilis dilindən "dörd" almışdım, ən çox sevdiyim jurnalistika fakültəsinə qəbul olunmuşdum. On səkkiz yaşımda universitetə daxil olmuşdum, iyirmi üç yaşımda çox arzuladığım jurnalist diplomu vardı əlimdə.

Utancaq, çəkingən gənclər idik, diribaşlar da vardı içərimizdə. Əlli nəfər idik, on iki qız, otuz səkkiz oğlan. Qızlar az olduğu üçün daha çox bir-birləriylə qaynayıb qarışırdılar. Biz üç qız - Ermənistandan gələn Kəmalə Mansurova, Naxçıvandan Məlahət Allahverdiyeva Aran Qarabağdan mən Tamilla Abbasxanova rəfiqə olduq. Universiteti bitirənə qədər kimsə bizi ayrı görmədi, bir partada oturduq, sevincimizi, kədərimizi, kitablarımızı, yeməyimizi paylaşdıq. Kəmalə aramızdan erkən ayrıldı, yandırdı bizi vaxtsız ölümüylə! Universitetdən məzun olmağımızın on ili münasibətiylə Bakıya toplandıq. O zaman Kəmalə 5 saylı şəhər  xəstəxanasında yatırdı, getdik, baş çəkdik, o da, biz kövrəldik. Son görüşümüz oldu. Kəmalənin ardınca yarpaq tökümü başladı, Elmira Əmrahqızı, Əyyub Hüseynov, Fəxrəddin Rəsulov, Eldar Nəsibli, Sabir Rüstəmov... Hamısının məzarı nurla dolsun.

Qarşımda məzun vinetkası var. Bir tərəfdə 614-cü qrup, bir tərəfdə 616-cı qrup. Mən 614-cü qrupda idim. Dərslərin çoxunu bir yerdə keçərdik, tək-tək dərslərdə ayrılırdıq, xüsusilə 3-cü kursdan sonra ixtisas dərslərində. Mən radio-televiziya ixtisasını seçmişdim, I kursu bitirdiyimiz il Radio Televiziya Verilişləri Komitəsində bir ay təcrübə keçdik. Fəridə Babayevanın baş redaktor olduğu "Gənclik" redaksiyasında idim, sonradan uzun illər radio ilə əlaqəni üzmədim,  tələbə olduğum 4 il ərzində radio mənə "çörək" verdi, oranın qonorarı ilə dolandım. Sadəcə "Gənclik" proqramında deyil, fəhlə-gənclər, məktəblilər proqramları üçün verilişlər yazaraq çörək pulu qazandım. Bəzi dərslərimizi Radio Televiziya Verilişləri Komitəsində keçərdik, məşhur diktor Ramiz Mustafayev bizə "Nitq mədəniyyəti" dərsini studiyada - mikrofon qarşısında keçərdi o dərsin faydasını bu günə qədər görürəm. Elmi konfransda çıxış edərkən məndən soruşurlar: - Siz xüsusi nitq dərsi almısınız? - Bəli - deyirəm Ramiz Mustafayevin dərs demək üsulunu izah edirəm. Diplom işimi Azərbaycan radiosunun "Bulaq" verilişindən yazdım. Mövlud Süleymanlı, Mailə Muradxanlı, İbrahim Göyçaylı mənə kömək etdilər, ağıllı məsləhətlər verdilər. Elmi rəhbərim rəhmətlik Tofiq Rüstəmov, rəyçi Yalçın Əlizadə idi. Diplom işim ən yüksək qiymətə layiq görüldü. Müdafiə zamanı Tofiq müəllim diplom işini çox təriflədi, haqqımda gözəl fikirlər söylədi, onun sözlərini heç zaman unutmaram.

Ah, sevimli müəllimlərim, sizləri unutmaq mümkünmü? Bu gün həyatda əldə etmişiksə sizlərə görə nail olmuşuq. Öyrətdiyiniz elmlər, ağıllı məsləhətləriniz hər zaman əlimizdən tutdu. Nurəddin Babayev, Seyfulla Əliyev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov, Famil Mehdi, Nüsrət Bağırov, Nəsir İmanquliyev, Tofiq Rüstəmov, Yalçın Əlizadə,  Ceyran xanım, Cahangir Məmmədli, Akif Rüstəmov, Mahmud Mahmudov... Bəlkə kiminsə adını unutmuşam, məni bağışlasınlar...

Bəzi müəllimlərimiz filologiya fakültəsindən gəlib bizə dərs deyirdilər: - Mir Cəlal Paşayev, Ziynət Əlizadə, Fəridə Vəzirova, Raifə Həsənova, Qulu Xəlilov, Vaqif Vəliyev,  Həsrət Həsənov, Aydın Əbilov, Hökümə Əliyeva. İngilis dilini Abdulla müəllim,  tarix dərsini dövrlərə görə Çimnaz Qafarova Tamilla Babayeva deyirdi. Birdən-birə imtahan zaçotlardan kəsildiyimiz günlər yadıma düşür. Bizə hamı üç bacı deyirdi: - Məlahət, Kəmalə mən. Üç bacılar Həsrət Həsənovun dilçilik dərsindən kəsildik, əslində yaxşı oxuyurduq, amma mən dərsdə çox danışdığım üçün o qızlar da mənim oduma yandılar. "Siyasi iqtisad" fənnindən Qalib müəllimdən kəsildim, imtahanı sessiya müddətində verdiyim üçün təqaüddən qalmadım. Şirməmməd müəllimin "Xarici mətbuat tarixi" fənnindən imtahanım payıza qaldığı üçün bir semestr təqaüd almadım, amma çoxlu veriliş yazaraq təqaüd almadığımı kimsəyə hiss etdirmədim. Bir semestr təqaüd almamağım mənim üçün ən böyük "faciə" idi, bu gün o anları gülümsəyərək xatırlayıram, bir anlığa gəncləşirəm, qəlbim sevinclə dolur. Yenə xatirələr... Bəzi tələbə yoldaşlarım çox ciddi idilər. Onlara belə deyərdik: - Vallah, sən mütləq böyük vəzifə tutacaqsan. Məsələn, Bəxtiyar Sadıqov, Elmira Əmrahova, Solmaz Rüstəmova, Sədaqət Kərimova, Ayna Hüseynova başqaları. Həyat sübut etdi ki, onlar haqqında fikirlərimiz boş deyilmiş. Bəxtiyar Sadıqov xalqımızın öndə gedən ziyalılarındandır. Neçə illərdir Milli Məclisin orqanı "Azərbaycan" qəzetinin baş redaktoru Milli Məclisin deputatıdır. Sədaqət Kərimova tanınmış jurnalist-şairədir. Elmira Əmrahqızı qısa ömründə Azərbaycanı dünyaya tanıtdı, indi əbədiyyət dünyasındadır, məzarı nurla dolsun, Solmaz xanım Azərbaycanın tanınmış alimlərindən  biridir. Ayna xanım nəşriyyatda çalışır, qədər məşhur şair yazarların kitablarının redaktoru olmuşdur, eyni zamanda mənim "Qoy anam ağlamasın" kitabımın redaktorudur.

Yuxarıda dediyim kimi, mən jurnalistika fakültəsinin ilk məzunlarından biriyəm. Fakültəni bitirəndən sonra, 1975-ci ilin payızında müvəqqəti olaraq jurnalistika fakültəsində mətbuat tarixi kafedrasında laborant işləməyə başladım. Bir gün müəllimlərimə baş çəkməyə getmişdim, o vaxtlar dekanımız Şirməmməd Hüseynov idi, Yefim Saratov küçəsində yerləşən binanın dəhlizində ilk rastlaşdığım Şirməmməd müəllim oldu. Görüşdük, söhbət etdik. Dedi ki, tapdınmı? - Xeyr - dedim.

- Necə, tapa bilmirsən, sən bizim ən yaxşı yazan məzunlarımızdansan. Tələbəlik illərindən hər gün radiodan sənin səsini eşidirik.

- Doğrudur, amma heç yerə işə qəbul etmirlər.

Şirməmməd müəllim məni Seyfulla Əliyevin kafedrasına apardı, dedi ki, Seyfulla müəllim, laborantın analıq məzuniyyətindədir, Tamillanı onun yerinə işə  götürək. Sonra da dedi ki, burada işlədiyin müddətdə fakültəmizin keçirdiyi tədbirlər haqqında yazılar yazacaqsan, onu da "Elmi əsərlər" məcmuəsində çap edəcəyik. Belə də etdim.

Sonradan yenə işsiz qaldım, filologiya fakültəsinə, sonra da xarici ədəbiyyat kafedrasına keçdim. Aspiranturaya qəbul olundum, "Amerika-Azərbaycan ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə etdim, Amerika ədəbiyyatı haqqında kitab yazaraq dosent adını aldım, 1996-cı ildə Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq konfransa getdim, Amerika hindularının kökünün Sibir türklərinə gedib çıxması haqqındakı elmi məruzəm konfrans iştirakçılarının diqqətini çəkdi, Əskişəhər Osman Qazi Universitetindən təklifi aldım, 1998-ci ildən o universitetdə çalışıram. 2013-cü ildə Osman Qazi Universitetində professor adını aldım, bu adı almaq üçün 250 bal toplamaq lazım idi, mən isə 3.000 bal topladım və o universitetdə ilk azərbaycanlı müəlliməm ki, belə yüksək balla professor adını qazanmışam. Hazırda Osman Qazi Universitetində Qarşılaşdırmalı ədəbiyyat kafedrasında Qərb dilləri və ədəbiyyatı şöbəsinin rəhbəriyəm. Ən maraqlısı budur ki, 1974-cü ildən bugünə qədər jurnalistikadan, yazmaqdan heç vaxt ayrılmamışam. Çox sayda məqaləm çıxıb, bunun bir səbəbi də "Azərbaycan"  qəzetinin Türkiyə təmsilçisi olmağımdır.  Bu məqalə vasitəsi ilə 1974-cü ildə jurnalistika fakültəsinin məzunu olan tələbə yoldaşlarıma cansağlıgı, avandlığı arzulayıram, bizi həyata hazırlayan,  bugünkü uğurlarımızda  böyük əməkləri olan müəllimlərimizə ürəkdən təşəkkür edirəm, əbədi dünyada olanlara - Nurəddin Babayev, Seyfulla Əliyev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Nəsir İmanquliyev, Famil Mehdi, Ceyran xanım - məzarınız cənnət olsun - deyirəm. Bugünkü qələbələrimizi doğma Bakı Dövlət Universitetininjurnalistika fakültəsinin adına yazıram.

Çox sağ olun, bizə çəkdiyiniz zəhmət üçün!

 

Tamilla ƏLİYEVA,

filologiya elmləri doktoru, Türkiyə, Əskişəhər

 Osman Qazi Universitetinin professor

Azərbaycan.-2014.- 26 sentyabr.- S. 7.