Dünyanı dolaşan
«Koroğlu» yenidən Azərbaycan
Dövlət Akademik Opera və Balet
Teatrının səhnəsində
Dünyanın klassik operaları sırasında adı qürurla çəkilən "Koroğlu" dahi bəstəkar Üzeyir bəy Hacıbəyli yaradıcılığının kulminasiyası hesab olunur. 1932-1936-cı illərdə yaradılan operanın ilk tamaşası 1937-ci il aprel ayının 30-da olub.
Əsas süjet xətti eyni adlı xalq dastanından götürülən opera nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda, Orta Asiya, Türkiyə və İranda da geniş yayılıb. Tipik xalq qəhrəmanlıq dastanı olan "Koroğlu"da opera sənətinə xas bütün əlamətlər bəstəkarın milli musiqi təfəkkürü süzgəcindən keçərək kamillik səviyyəsində yaradılıb.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsi yeni teatr mövsümündə "Koroğlu"nun Çənlibelini xatırlatdı. Qıratın üstündə səhnəyə gələn Koroğlunun "Cəngi"si bir daha onu tamaşaçılara sevdirdi.
Tamaşaçıların, yəqin ki, daha çox yaddaşına yazılan isə Koroğlunun səhnəyə at belində gəlməsi idi. Axı, tamaşaçı Koroğlunu xalq qəhrəmanı kimi at belində, əzəmətli görmək arzusunda olub. Bu arzunun gerçəkləşdirilməsi isə operanın gücünü bir qədər də artırmışdı.
3 pərdəli, 5 şəkilli "Koroğlu" operasının yeni quruluşda təqdimatı tamaşaçılarda xoş ovqat yaratmaqla, vətənə, torpağa, həmçinin milli mənəvi sərvətimiz olan musiqi sənətinə bağlılıq baxımından olduqca tərbiyəvi əhəmiyyətə malikdir.
Tamaşadan sonra Vyana şəhərinə konsert vermək üçün yola düşən baş rolun ifaçısı Ramil Qasımov qısa söhbətdə xatırlatdı ki, 1938-ci ildə opera Moskvada Azərbaycan incəsənəti dekadasında da böyük müvəffəqiyyət qazanıb. Bu, mədəniyyətimiz üçün böyük bir hadisə hesab edilib. Dahi Üzeyir bəy bu əsəri yazanda Azərbaycan professional vokal məktəbinin banisi Bülbülün səs diapozonunu nəzərdə tutub. Həmin ildə də əsər Dövlət mükafatına layiq görülüb: "12 yaşımdan mən bu operanın vurğunuyam. Bir dəfə sənət müəllimim, xalq artisti Lütfiyar İmanova dedim ki, mən də vaxt gələcək, onun kimi oxuyacağam. Lütfiyar müəllim isə mənə dedi ki, "O gün olsun ki, sən bu operanı məndən də artıq ifa edəsən. Amma unutma ki, bu operanı ifa etmək üçün Koroğlunun 7777 dəlisindən biri olmaq lazımdır".
İllər ötdü, bu operanın mahir ifaçılarından biri də Ramil Qasımov oldu: "Bu operanı ifa etmək müəllimim, mərhum Mobil Əhmədovun da ən böyük arzusu idi. O, hər zaman deyirdi ki, mənə bu rolu ifa etmək qismət olmadı. Amma inanıram ki, sənə qismət olacaq. Mən də bu operanı ilk dəfə müəllimimin ustadı dahi Bülbülün əziz xatirəsinə ithaf etdim. Şübhəsiz ki, məndən öncə bu partiyaya müraciət edənlərin özünəməxsus ifaları yaddaşlara həkk olunub. Ona görə də çalışıram ki, zaman keçdikcə, ifalar dəyişdikcə nəsillər bir-birini əvəzlədikcə xalq qəhrəmanımız olan Koroğlunun obrazı opera sənətinin imkanları ilə bu səhnədə öz əzəməti ilə yaşasın".
Tamaşaçılar haqlı olaraq bir çox hallarda Koroğlu obrazında iştirak edən baş qəhrəmanları müqayisə edirlər. Buna münasibətini bildirən Ramil Qasımova görə, həmin partiyanı ifa edən tenor Azərbaycan opera sənətində yüksək peşəkar ifaçı sayılır. Çünki hər il Koroğlu partiyasını ifa edən ifaçılar yetişmir: "Ona görə yox ki, şərait yaradılmır və yaxud icazə verilmir. Əksinə, bu gün ölkəmizdə istedadlı gənclərə geniş və lazımi şərait yaradılır. Həmçinin tam əminliklə deyə bilərəm ki, Akademik Opera və Balet Teatrında səsi, inamı olan istedadlara tam yaşıl işıq yandırılır".
Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli VI Beynəlxalq musiqi festivalı çərçivəsində səhnədə 80 ilə yaxın öz əzəmətini qoruyub saxlayan "Koroğlu" operasını Akademik Opera və Balet Teatrının yaradıcı və texniki heyətinin böyük məhəbbət, məsuliyyət və sevinc hissi ilə təqdim etmələri hər pərdədən sonra səhnəni və tamaşaçı salonunu bürüyən alqışlardan da aydın görünürdü.
Məhəmmməd
NƏRİMANOĞLU,
Azərbaycan.-2014.- 26 sentyabr.- S. 8.