Neft-qaz layihələri Azərbaycanın
etibarlı
tərəfdaş
olduğunu bir daha təsdiqlədi
XX əsrin müqaviləsindən
XXI əsrin müqaviləsinə
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının tammiqyaslı işlənməsi üçün dünyanın tanınmış neft şirkətləri ilə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasından cəmi 20 il ötüb. "Cəmi" sözünü təsadüfən işlətmirik. Bu vaxt ərzində Azərbaycanın neft-qaz sənayesində, nəticə etibarilə ölkənin iqtisadi həyatında o qədər çox və elə möhtəşəm hadisələr baş verib ki, onların ikicə onillikdə həqiqətə çevrildiyinə inanmaq bəzən çətin gəlir.
"Əsrin müqaviləsi" adını almış bu saziş imzalanandan üç il iki ay sonra - 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alındı. Bu, dünyanın neft tarixində indiyədək qazanılan ən böyük nailiyyətlərdən biri idi. Bu, "Çıraq-1" platformasının əsaslı təmiri, əslində yenidən tikilməsi, Səngəçalda İlkin Neft Layihəsi çərçivəsində terminalın inşası, Xəzərdən - AÇG ərazisindən terminaladək sualtı kəmərlərin çəkilməsi, neftin ixracı üçün infrastrukturun yaradılması və s. demək idi.
İndi "Azəri-Çıraq-Günəşli" yataqlarının ərazisində 8 platforma fəaliyyət göstərir ki, onlardan 6-sı ən müasir hasilat qurğusudur.
Bu illər ərzində ölkəmizdə çox geniş neft-qaz infrastrukturu qurulub. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan, regionda analoqu olmayan Bakı Dərin Özüllər Zavodu modernləşdirilib. Bibiheybətdə dəniz qurğularının tikintisi üçün ən müasir ATA ("AMEK-Tekfen-Azfen") tikinti-quraşdırma sahəsi yaradılıb.
Regionun karbohidrogen ixracı mərkəzi - Səngəçal terminalı Bakıdan 55 kilometr cənubda yerləşir. Bu, dünyanın ən böyük neft-qaz terminallarından biridir. Bir neçə neft-qaz ixracı marşrutu öz başlanğıcını buradan götürür.
Söz vaxtına çəkər. 12 il əvvəl - 2002-ci ilin sentyabr ayında burada, Səngəçal terminalında ümummilli lider Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan kəmərinin təməli qoyulurdu. O zaman BTC-ni "Üç dənizin əfsanəsi" adlandırırdılar. Ulu öndər isə "Bu, əfsanə deyil, həqiqətdir, reallıqdır" - deyirdi. BTC-ni Azərbaycanla Avropanı bir-birinə sıx bağlayan polad kəmər adlandırırdı.
Müəllifi Heydər Əliyev olan bu layihə həqiqətən də reallığa çevrilib yeni meqalayihələrə yol açdı. Ulu öndərin xeyir-duası yeni-yeni işlərə uğur gətirdi. Azərbaycanın və Gürcüstanın ərazisində BTC ilə eyni dəhliz boyu Cənubi Qafqaz Boru Kəməri (CQBK) çəkildi. "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində çıxarılan qazı nəql edən CQBK-ya Gürcüstan-Türkiyə sərhədində 280 kilometrlik bir xətt də əlavə olundu və kəmər Ərzurumadək uzandı.
İndi Azərbaycan qazı daha uzaq məsafələrə geniş dəhliz açır. "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyinin tamam olduğu gündə Azərbaycan öz tərəfdaşları ilə birlikdə Cənub Qaz Dəhlizinin təməlini qoydu. Bu iki mühüm hadisənin üst-üstə düşməsi nə simvolik bir olay, nə də təsadüfdür. Bu, ulu öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı enerji strategiyasının və Prezident İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin dəqiq-dürüstlüyünün təntənəsi, böyük uğurudur.
Hələ keçən il dekabrın 17-də "Şahdəniz-2"nin son investisiya qərarı verilərkən Prezident İlham Əliyev bu layihəni "XXI əsrin müqaviləsi" adlandırdı. Bu fikir hamının, o cümlədən neft-qaz layihələrində Azərbaycanla tərəfdaşlıq edən bütün ölkələrin, şirkətlərin nümayəndələrinin dəstəyini qazandı. Bu günlərdə Cənub Qaz Dəhlizinin təməli qoyularkən dövlət başçısı "Şahdəniz" yatağının kəşf olunmasının, hələ 1996-cı ildə bu yatağın işlənməsi üçün sazişin bağlanmasının önəmini bir daha vurğuladı: "Cənub Qaz Dəhlizinin resurs mənbəyi "Şahdəniz" qaz yatağıdır. "Şahdəniz" dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur".
"Şahdəniz"i haqlı olaraq dəniz yataqlarının "şah"ı adlandırırlar. Lakin Azərbaycanın qaz ehtiyatları yalnız "Şahdəniz"lə bitmir. Bir neçə il əvvəl ARDNŞ heç bir xarici şirkətin köməyi olmadan müstəqil şəkildə "Ümid" yatağını işə salıb. ARDNŞ-nin Fransanın "Total" şirkəti ilə birgə işlədiyi "Abşeron" yatağı yaxşı perspektivlər vəd edir. BP-nin əməliyyatçılıq etdiyi "Şəfəq-Asiman" blokunda aparılmış tədqiqatlar hazırda təhlil olunur. Digər perspektiv qaz strukturları da var. Bir sözlə, Azərbaycanın qaz ehtiyatları zəngindir. Təsdiq edilmiş ehtiyatlar 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlar isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Əlbəttə, belə böyük həcmlərin ixracı, həm də təhlükəsiz şəkildə ixracı üçün ötürücülük qabiliyyəti artırılma imkanına malik nəql infrastrukturu da tələb olunur. Cənub Qaz Dəhlizi bir-birinə calanaraq Səngəçaldan İtaliya torpağınadək 3500 kilometrdən çox məsafə qət edən məhz belə kəmərlərdən ibarətdir.
Cənub Qaz Dəhlizinin üç seqmenti var. Bunlardan birincisi CQBK-dır. Bu, həmin kəmərdir
ki, 2006-cı ilin sonlarından istismara verilərək əvvəl
Azərbaycana və Gürcüstana, 2007-ci ilin
iyul ayından isə həm də Türkiyəyə
"Şahdəniz-1"dən çıxarılan
qazı çatdırır.
Azərbaycanın ərazisində 443, Gürcüstanda isə
248 kilometr məsafə
qət edir.
"Şahdəniz-2"nin qazını da qəbul etmək üçün bu kəmər xeyli genişləndiriləcək. Belə ki,
Hacıqabul rayonunun Muğan qəsəbəsi
yaxınlığından başlayaraq
kəmərə paralel
surətdə yeni xətt çəkiləcək.
Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu
387 kilometr olacaq.
Onun başlanğıcında
bir ərsinləmə,
marşrutu boyu isə beş
siyirtmə stansiyası
tikiləcək. Gürcüstanda da bir sıra
işlər görüləcək.
Bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, bir ərsinləmə, iki kompressor stansiyası, təzyiqazaltma və təzyiqölçmə stansiyaları
inşa ediləcək.
Başqa
sözlə, CQBK Cənub
Qaz Dəhlizinin güclü bir qolu olacaq.
Cənub Qaz Dəhlizinin digər bir seqmenti isə TANAP - Transanadolu Qaz Boru Kəməridir. TANAP-da ARDNŞ operator olmaqla
58, BOTAŞ 30, BP 12 faiz iştirak
payı ilə konsorsium təşkil ediblər. Hazırda kəmərin inşasına
başlamaq üçün
hazırlıq işləri
tamamlanmaqdadır.
TANAP Türkiyənin şərq
sərhədində CQBK-nın
çıxış məntəqəsindən
başlayacaq. Uzunluğu təxminən 1900 kilometr olan TANAP Türkiyənin qərb sərhədində TAP-la - Transadriatik
Qaz Boru Kəməri ilə birləşəcək. TANAP və TAP-ın birləşəcəyi nöqtə
Yunanıstanın Türkiyə
ilə sərhədində
yerləşən Kipoi
məntəqəsidir. Buradan TAP şərqdə
Yunanıstan və Albaniya ərazilərindən
keçərək qərbə
doğru Adriatik dənizinin sahilinə uzanacaq. Kəmərin sualtı hissəsi
Albaniyanın Fiyer şəhəri yaxınlığından
başlayacaq və Adriatik dənizinin altından keçərək
İtaliyanın Puqlia
rayonunda sahilə çıxacaq. Bundan sonra
TAP İtaliyanın qaz
nəqletmə şəbəkəsinə
qovuşacaq.
Prezident
İlham Əliyev Cənub Qaz Dəhlizini yüksək dəyərləndirərək demişdir: "Bugünə
qədər bizim qaz və neft
layihələrimizdə ancaq
üç ölkə
iştirak edirdi - Azərbaycan, Gürcüstan
və Türkiyə. Bu gündən sonra
biz geniş beynəlxalq
əməkdaşlıq prosesinə
qədəm qoyuruq.
Azərbaycan qaz istehsalçısı
kimi öz resurslarını dünya
bazarına çıxaracaq.
Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, Albaniya,
İtaliya, gələcək
mərhələdə Monteneqro,
Xorvatiya və digər ölkələr
bu layihəyə qoşula bilərlər.
Ona görə burada əlaqələndirmə işləri
çox yüksək
səviyyədə aparılmalıdır".
Beləliklə, Azərbaycan qazının
gələcəyi böyükdür. ARDNŞ-nin
prezidenti Rövnəq
Abdullayevin sözlərinə
görə, Cənub-Şərqi
Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə
Xəzər hövzəsində
hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya,
Fransa, Böyük Britaniya, İsveçrə
və Avstriyaya ötürülməsi üçün
də geniş imkanlar açacaq.
Cənub Qaz Dəhlizi ərazisindən keçdiyi
bütün ölkələrin
xalqlarına xeyir-bərəkət
gətirəcək. Azərbaycan xalqının
iqtisadi və maliyyə məsələlərinin
həllinə, rifahının
daha da yaxşılaşmasına
öz töhfələrini
verəcək. Ümumiyyətlə, Azərbaycanın təbii
sərvətləri ölkəmizin
çiçəklənməsinə və xalqın güzəranının daha
da yaxşılaşmasına
xidmət edir.
Bütün bunlardan əlavə, Azərbaycanın indiyədək
həyata keçirdiyi,
eləcə də hazırda reallaşdırmağa
başladığı neft-qaz
layihələri beynəlxalq
aləmdə ölkəmizin
etibarlı tərəfdaş
olduğunu dönə-dönə
təsdiqləmişdir. Bunu Cənub
Qaz Dəhlizinin təməlqoyma mərasimindəki
çıxışlardan da
aydın görmək
olur. Məsələn,
Bolqarıstan Prezidenti
Rosen Plevneliev demişdir:
"Azərbaycan bütün
dövrlərdə çox
etibarlı və dəyərli tərəfdaş
olub. Sizə buna görə
təşəkkür edirəm
ki, "Bolqarqazneft"
şirkəti ilə
ARDNŞ arasında müvafiq
saziş imzalanıb.
Bu sazişə əsasən 2019-cu ildən
Bolqarıstana ildə
1 milyard kubmetr qaz nəql ediləcək".
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə öz fikrini belə ifadə etmişdir: "Azərbaycan
Gürcüstanın ən
yaxın dostlarından
və tərəfdaşlarından
biridir. Enerji əməkdaşlığı
burada müstəsna əhəmiyyət kəsb
edir. Birgə səylərimiz nəticəsində
biz Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum
kimi çox mühüm layihələri
icra etmişik".
Avropa Komissiyasının
sədri Joze Manuel Barrozu bildirmişdir ki, "Azərbaycan Avropa İttifaqına heç bir vaxt bu qədər
yaxın olmayıb. Onun iqtisadiyyatı
Avropa bazarları ilə sıx inteqrasiya olunub və bizim əlaqələrimiz
daha geniş, təmaslarımız isə
daha fəaldır".
Azərbaycanın indiyə qədər reallaşdırdığı layihələrdəki
təcrübə, qazandığı
bu etibar və inam Cənub
Qaz Dəhlizinin bütün ərazilərdən
uğurla keçəcəyinə,
həmin ərazilərdə
yaşayan insanlara rahatlıq, mənfəət,
xeyir-bərəkət gətirəcəyinə
zəmanət verir. Elə bu səbəblərdən
də bu il sentyabrın 20-də Azərbaycanın dünyanın
müxtəlif yerlərindən Bakıya toplaşmış çoxsaylı
tərəfdaşlarının nümayəndələri layihəni
öz imzaları ilə bir daha
inam və ümidlə təsdiqlədilər.
Flora SADIQLI,
Azərbaycan.-2014.- 27 sentyabr.- S. 1.