Azərbaycan beynəlxalq türk
incəsənəti, tarixi və
folkloru simpoziumunda təmsil
olunub
Hindistanın
Dehli şəhərində bu ölkənin Jamia Millia
İslamia Universitetinin, Azərbaycanın “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin (İB), Türkiyənin Selçuk Universitetinin birgə
təşkilatçılığı ilə III Beynəlxalq
Türk İncəsənəti, Tarixi və Folkloru Simpoziumu
keçirilib.
AzərTAc
xəbər verir ki, simpozium türk-islam mədəniyyətinin
araşdırılması sahəsində tanınmış
alim, Selçuk Universitetinin ədəbiyyat fakültəsinin
müəllimi Yaşar Erdemirə ithaf olunub.
Simpoziumun
açılış mərasimində Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Hindistan
parlamentlərarası dostluq qrupunun üzvü Qənirə
Paşayevanın “Azərbaycan-Hindistan əlaqələri
tarixdə və bu gün” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə
Azərbaycan və Hindistan arasında əlaqələrin
bütün sahələrdə tarixən inkişaf etdiyi,
yüksək bağlılığın bir təcəssümü
kimi Bakıda “Atəşgah” məbədinin və Dehlidə
Şamaxı adlı qəsəbənin olması diqqətə
çatdırılıb. Hindistan neftinin aşkarlanmasında
Eyyub Tağıyevin rolundan, Rac Kapur və Rəşid Behbudov
arasında dostluqdan danışan Qənirə Paşayeva
müstəqillik illərində Hindistanda Azərbaycan səfirliyinin
açılması və digər əhəmiyyətli
işlərdən də bəhs edib.
Açılış
mərasiminin sonunda qarşılıqlı olaraq plaketlər və
hədiyyələr təqdim olunub.
Tədbir
çərçivəsində M.F.Husain sənət
qalereyasında “Türk incəsənəti” sərgisi
nümayiş olunub.
İki
gün davam edən simpoziumda Azərbaycan, Türkiyə,
İtaliya və Hindistandan olan alimlərin müxtəlif
bölmələr üzrə 60-dan çox məruzəsi
dinlənilib.
Azərbaycanlı
alimlərin “Təbriz bədii məktəbinin Moğol
miniatür məktəbinin formalaşmasında rolu”, “Orta əsrlərdə
Azərbaycanda zərdüştilər”, “Türk xalqlarında
“Arzu-Qənbər” dastanı: motiv və süjet göstəricisi”,
“Əlaəddin Sabit Bosnəvinin əsərlərində bəzi
adət və ənənələr”, “XVI əsrdə
Moğol dövlətinin siyasi və mədəni həyatında
Səfəvi dövlətinin rolu”, “Şərq musiqi mədəniyyətinin
qədim kökləri”, “Azərbaycan muğam və
aşıq musiqisinin qarşılıqlı əlaqələri”,
“Azərbaycan teatr tarixinin yeni səhifəsi: uşaq
teatrı”, “Üzeyir Hacıbəylinin folklor musiqimizə əsaslanmasının
səbəbləri” və digər mövzularında
çıxışları böyük maraqla dinlənilib.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.3.