Vladimir Jirinovski: Biz qonşuyuq və buna görə
də münasibətlərimiz həmişə
yaxşı olmalıdır
Sentyabrın
26-da Rusiya Liberal-Demokrat Partiyasının (LDP) sədri,
Dövlət Şurasının üzvü, Dövlət
Dumasının deputatı Vladimir Jirinovski Bakı Slavyan
Universitetində olub.
AzərTAc
xəbər verir ki, universitetin rektoru professor Asif Hacıyev
qonağa bu ali təhsil ocağı haqqında məlumat
verib. Rektor qeyd edib ki, rus dili və ədəbiyyatı üzrə
də mütəxəssislərin hazırlandığı bu
ali təhsil ocağı Rusiyanın bir sıra universitetləri
ilə sıx əməkdaşlıq edir.
Universitetin
müəllim və tələbələri ilə
görüşdə V.Jirinovski Azərbaycanda rus dilinə
yüksək diqqət göstərildiyini deyərək
Bakıda Slavyan Universitetinin fəaliyyət göstərməsindən
şad olduğunu bildirib.
V.Jirinovski
görüşdə tələbələrlə ünsiyyət
quraraq rus ədəbiyyatı ilə bağlı müzakirələr
aparıb. Rus ədəbiyyatından tələbələrə
suallar verən deputat onların cavablarına müasirlik
kontekstindən baxışını təqdim edib.
Qonaq
görüşdə qeyd edib ki, rus dili hazırda həm real həyatda,
həm də internetdə geniş yayılmış ünsiyyət
vasitəsidir. “Azərbaycanda rus məktəbləri, Slavyan Universiteti
var, bu da çox yaxşı göstəricidir”, - deyə o
bildirib.
Azərbaycan
ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə
olduğunu bildirən V.Jirinovski, eyni zamanda, ticarət, turizm, mədəniyyət
sahələrində əməkdaşlığın daha da
inkişaf etdirilməsinin vacibliyinə toxunaraq deyib: “Biz
qonşuyuq və buna görə də münasibətlərimiz
həmişə yaxşı olmalıdır. Bütün
istiqamətlərdə inkişaf üçün potensial
var”.
Görüşdə
V.Jirinovskiyə universitet tərəfindən nəşr olunan
“Azərbaycanda rus dili və ədəbiyyatı”
jurnalının nömrələri hədiyyə edilib.
Sonra
LDP-nin sədri universitetdə fəaliyyət göstərən
Rusiya Mədəniyyət Mərkəzi ilə tanış
olub.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.4.