Azərbaycan-İtaliya əlaqələrinin
inkişafında
milli
xəbər agentlikləri
də mühüm rol oynayır
Azərbaycan
ilə İtaliya arasında əlaqələrin
inkişafında hər iki ölkənin milli xəbər
agentlikləri də mühüm rol oynayır.
Bu
fikir sentyabrın 26-da Azərbaycan Dövlət Teleqraf
Agentliyində (AzərTAc) İtaliyanın ölkəmizdəki
səfiri Ciampaolo Kutillo ilə keçirilən
görüşdə səslənib.
Baş
direktor Aslan Aslanov görüşdə AzərTAc-ın
keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi
uğurlar, dövlət siyasətinin informasiya təminatında
agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə
ətraflı məlumat verib. AzərTAc ilə
İtaliyanın ANSA və AGİ agentlikləri arasında
informasiya mübadiləsinə dair müqavilə
imzalandığını qeyd edən A.Aslanov beynəlxalq və
regional media qurumlarında da uğurlu əməkdaşlıq
həyata keçirildiyini vurğulayıb. Baş direktor
2016-cı ildə Bakıda eyni vaxtda Asiya və Sakit Okean
Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər
Agentliklərinin V Konqresinin keçiriləcəyini və
2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik
edəcəyini diqqətə çatdırıb. Qeyd olunub
ki, bu, eyni zamanda, İtaliyanın xəbər agentlikləri ilə
əməkdaşlığın inkişafına da əlavə
imkanlar yaradacaq.
Görüşdə
ümummilli lider Heydər Əliyevin Azərbaycan ilə
İtaliya arasında münasibətlərin inkişafında
böyük xidmətlərinin olduğu bildirilib, Prezident
İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
əlaqələrimizin müxtəlif sahələrdə, o
cümlədən humanitar sahədə daha da genişləndiyi
vurğulanıb.
A.Aslanov
ölkələrimiz arasında əlaqələrin
inkişafında, xüsusilə mədəniyyət sahəsində
əməkdaşlığın dərinləşməsində
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın mühüm rolundan da bəhs
edib. Belə ki, Mehriban Əliyevanın təşəbbüsü
ilə Roma katakombalarının bərpası, Kapitolini
Muzeyinin “Filosoflar zalı”nda aparılan təmir işləri,
ümumiyyətlə, Heydər Əliyev Fondunun İtaliyada mədəni
irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər
xüsusi məna və əhəmiyyət kəsb edir.
Azərbaycan
artıq mötəbər beynəlxalq tədbirlərə
uğurla ev sahibliyi edən bir məkandır. Bu barədə
danışan A.Aslanov deyib ki, Bakı Beynəlxalq Humanitar
Forumu bu tədbirlər sırasında xüsusi yer tutur. Builki
Forumda AGİ agentliyinin baş icraçı direktoru Danni Di
Giovanninin rəhbərliyi ilə nümayəndə heyəti
də iştirak edəcək.
Səfir
Ciampaolo Kutillo Azərbaycan ilə İtaliya arasında dərin
köklərə əsaslanan dostluq münasibətlərinin
son illərdə daha da möhkəmlənməsindən məmnunluğunu
ifadə edib. Diplomat ölkələrimiz arasında informasiya
sahəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti
barədə fikirlərə şərik olduğunu diqqətə
çatdırıb.
Azərbaycan
hökumətinə və Heydər Əliyev Fonduna
İtaliyanın mədəni dəyərlərinin dünya
irsi kimi qəbul olunmasına verdiyi töhfələrə və
dəstəyə görə minnətdarlığını
bildirən səfir ölkəmizin “Milan Expo-2015” sərgisində
geniş pavilyonla təmsil olunacağı barədə məlumat
verib. Diplomat deyib ki, bu sərgidə iştirak Azərbaycanı
italiyalılara daha yaxından tanıtmaq imkanı yaradacaq.
Azərbaycan.-2014.- 27 sentyabr.- S.5.