Vladimir Jirinovski: Bütün sahələrdə münasibətlərimizi

 daha da dərinləşdirmək və yaxşılaşdırmaq lazımdır

 

 

Azərbaycan Rusiyanın etibarlı tərəfdaşıdır. Bütün sahələrdə münasibətlərimizi daha da dərinləşdirmək və yaxşılaşdırmaq lazımdır.

Bu sözləri sentyabrın 27-də Milli Məclisdə keçirilən brifinqdə Azərbaycanda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri, Dövlət Şurasının üzvü, Dövlət Dumasının deputatı Vladimir Jirinovski deyib.

Turizm, nəqliyyat, sənaye sahələrində əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirən V.Jirinovski deyib: “Azərbaycan Rusiyanın ərzaq məhsulları ilə təchizatını artıra, Rusiyadan isə başqa məhsullar ala bilər. Bu, hər iki tərəf üçün faydalı olacaq”.

Parlamentlərarası əlaqələrin yaxşılaşdırılmasının əhəmiyyətindən danışan rusiyalı deputat vurğulayıb ki, başçılıq etdiyi Liberal Demokrat Partiyası qanunverici orqanların əlaqələrinin genişlənməsinə bundan sonra da dəstək göstərəcək. Ölkəmizdə rus dilinə qayğıkeş münasibət olduğunu qeyd edən V.Jirinovski deyib: “Azərbaycanda rusdilli məktəblər fəaliyyət göstərir, rus dili ali məktəblərdə tədris olunur”.

RLDP-nin lideri vurğulayıb ki, müstəqil siyasət yürüdən Azərbaycan özünü təmin edən ölkədir. O deyib: “Bu, Heydər Əliyevin siyasəti, hazırda isə İlham Əliyevin rəhbərliyi sayəsində mümkün olub. Azərbaycanda mənfi münasibət doğuran heçyoxdur. Mən Rusiyaya dərin məmnunluq hissi, ən parlaq təəssüratlar ilə qayıdacağam. İndi biz Azərbaycanın nə demək olduğunu yaxşı bilirik”.

V.Jirinovski onu da əlavə edib ki, Bakıya səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərinə, Azərbaycanın və Rusiyanın daha da yaxınlaşması yollarına, bütün sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2014.- 28 sentyabr.- S.2.