Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Prezident İlham Əliyev: "Bizim bütün təşəbbüslərimiz

Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəlib"

 

Azərbaycanda aparılan uğurlu dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli formalaşıb. Bu modelin fərqləndirici xüsusiyyətini inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil etmişdir.

Dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyinin uğurlu göstəricisi Azərbaycanın 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurmasıdır. Azərbaycan bu prosesdə hansısa dövlətin təcrübəsini heçolduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasiiqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır. Tam əminliklə deyə bilərik ki, son zamanlar Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda əldə olunan nailiyyətlər xalqın və dövlətin təminatlı gələcəyinə etibarlı zəmin yaratmışdır. Respublikamız son illərdə bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi də çıxış edir. Ukrayna, Gürcüstan, Moldova, İsveçrə, Rusiya və digər dövlətlərin iqtisadiyyatına sərmayə qoyur. Bütün bunlar həm də respublikamızın inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkəyə çevrilmək əzmini nümayiş etdirir. Əslində, Azərbaycan bu gün adambaşına düşən 7000 dollarlıq milli gəlirlə orta inkişaf etmiş ölkələr qrupunda yer alır.

"Əsl siyasət konkret, real görməkdən ibarətdir" devizini irəli sürən Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə başçısının tapşırığı əsasında son illər ayrı-ayrı nazirlərin, komitə sədrlərinin yerlərdə ictimaiyyətin nümayəndələrilə səyyar görüşlər keçirmələri, onların qayğı və problemləri ilə yaxından maraqlanmaları təkcə funksional mahiyyət daşımır, eyni zamanda, ictimai münasibətlər sisteminin sivil məcrada tənzimlənməsinə, vətəndaş-məmur münasibətlərindəki psixoloji sədlərin, ziddiyyətlərin aradan qaldırılmasına, ictimai münasibətlərin profilaktikasına xidmət edir. Dövlət başçısı İlham Əliyev bu reallığı daim önə çəkir ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin başlıca vəzifəsi mütərəqqi iqtisadisosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Dövlətin vətəndaşların həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı isə özünü bilavasitə sosial təminat sistemində büruzə verir.

Son 10 ilin statistikası bir daha təsdiq edir ki, Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək nəticələr əldə olunub. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu məhz Bakıda keçirilib. 2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enib. Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılıb, respublikanın enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar fəaliyyətə başlayıb. Nəhəng infrastruktur layihələrin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi respublikanın bölgələrinin simasını əsaslı şəkildə dəyişdirib və müasirləşdirib. Prezident İlham Əliyev bəyan edib ki, "bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşamasına yönəlib və yerlərdə dəstəklənir. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır. Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Son 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2013-cü ildə 5,3 faizə düşmüşdür.

Prezident İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında" sərəncamında vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir. Sərəncam əsasında "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın hazırlanaraq imzalanması nəzərdə tutulur.

Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənayenin  əhəmiyyəti xüsusi vurğulanmalıdır. İnkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illərdə qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında öz əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiya yönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur.

Müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri uğurla həyata keçirən ölkə kimi dünyanın yeni iqtisadi fenomeninə çevrilmişdir. Bu gün ölkədə yürüdülən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaqdır.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda uğurla davam etdirilən iqtisadi siyasət tam mahiyyəti ilə insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrəsini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir. Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcək.

 

E.HACALIYEV,

Azərbaycan.-2014.- 28 sentyabr.- S.3.