Mir Cəlal həqiqətləri
Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında və filoloji fikrində bir yazıçı və alim kimi öz yolu olan şəxsiyyət idi. Ədib XX əsr Azərbaycan ədəbiyyatı tarixində müəyyən ədəbi irs yaradıb. Bu irs öz dəyərini, bədii-estetik təravətini indiyədək saxlayır. Çünki M.Cəlalın əlli illik bədii yaradıcılığı XX əsr Azərbaycan gerçəkliyinin sənətkarlıqla qələmə alınmış canlı, müəzzəm lövhələridir. O əsərlərin başlıca bədii məziyyəti ondadır ki, hansı quruluşda yazılmasından asılı olmayaraq, həyat həqiqətini ifadə edir.
Mir Cəlal
son dərəcə realist yazıçı idi. Bu gün belə
onun əsərlərini oxuduqda təsvirlərin canlı
olmasına və reallığına heyrət edirsən. Elə
bil ki, həyat hadisələri,
insanlar, heç yazıçı müdaxiləsi olmadan
birbaşa bədii əsərə
köçürülüb. Amma belə deyil, Mir Cəlalın
bədii nəsrindəki gerçəklik yazıçının bədii
qüdrətilə yaradılan gerçəklikdir.
Mir Cəlalın
özünəməxsus, bənzərsiz fərdi üslubu,
yazı tərzi var. Bu mənada onu kimsəyə bənzətmək
mümkün deyil. Amma Mir Cəlalı ədəbi prinsipinə,
həyatı təsvir üsulu və
metodlarına görə Cəlil
Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev
kimi XX əsr realistlərinin davamçısı saymaq olar.
Davamçı olmaq heç də yaranmış ədəbi
məktəbin prinsiplərini, metod və üsullarını
kor-koranə təqlid etmək deyil, o yaşarı ənənəyə,
onun möhkəm və davamlı prinsiplərinə müasir
bədii təfəkkürün tələbincə yeni
çalarlar artırmaqdır. Bax, bu mənada
yazıçı Mir Cəlalla Mirzə Cəlil və
Haqverdiyev arasında sələf-xələf münasibətlərindən,
ədəbi varislik ələqələrindən söz
açmaq olar.
Mir Cəlal
öz elmi fəaliyyətində bu iki sənətkara dönə-dönə
müraciət etmişdir. Tələbəsi Firidun
Hüseynovla birgə yazdığı "XX əsr Azərbaycan ədəbiyyatı"
dərsliyində hər iki sənətkar haqqında elmi
oçerkin müəllifi Mir Cəlal Paşayevdir. Bundan
başqa o, "Azərbaycanda ədəbi
məktəblər (1905-1917-ci illər)" doktorluq
dissertasiyasında, həmçinin "Cəlil Məmmədquluzadə
realizmi haqqında" sanballı monoqrafiyasında C.Məmmədquluzadə
və Ə.Haqverdiyev
yaradıcılığından geniş söz
açmışdır. Hələ biz 1944-cü ildə çap olunan üçcildlik
"Azərbaycan ədəbiyyatı tarixi"ndə XX əsr ədəbi irsimizin ən
əsas tədqiqlərinin də Mir Cəlal tərəfindən
yazıldığını unutmuruq.
Əvvəlcə
müəyyənləşdirək ki, Mir Cəlalın Cəlil
Məmmədquluzadə və Haqverdiyev, eləcə də digər
görkəmli sənətkarlar haqqında qələmə
aldığı yazılar hansı elmi yenilikləri ilə
seçilir. Çünki hər hansı bir pərəstişin
və heyranlığın arxasında obyektiv həqiqət
durur. Mir Cəlalın "Nəsrimizin baniləri"
adlı məqaləsində oxuyuruq: "Yarım əsrlik kəskin
mübarizədən sonra realizm-həyat üslubu qalib gəldi.
Axundovun başladığı şərəfli işi davam və
inkişaf etdirən böyük ədiblər yarandı.
Bunların içində Ə.Haqverdiyev və Mirzə Cəlilin
mövqeyini xüsusi qeyd etmək lazımdır.
Bizim yeni
nəsrimizdə realizm üslubu çox haqlı olaraq, bu iki
demokrat ədibin adı ilə adlandırılır. Bu realistlərin
qüvvəsi onda idi ki, onlar müasir həyatı, ictimai
konfliktləri, sinfi mübarizəni öz sənətləri
üçün əsas obyekt götürürdülər.
Onlar ədəbiyyat tariximizdə ilk dəfə canlı
insanların gündəlik adi həyat və məişətini
boyasız, bəzəksiz, dürüst yazırdılar. Onlar
adət və ənənələri, ağır zəhməti,
güzəranı, "diş ağrısını", evlənməyi,
qonaqlığı, ər-arvadı, ata-oğul,
dost-düşmən əlaqələrini və s. mövzu qəbul
etmişdilər. Onlar köhnə, feodal-patriarxal məişəti,
fanatik təsəvvür və zehniyyəti bədii ədəbiyyatın
ədalət məhkəməsinə çəkirdilər.
Bu böyük sənətkarlar oxucunu heyrətə gətirirdilər:
"Bu necə işdir. Ədəbiyyat hara, diş
ağrısı hara?! Bəs gül, bülbül? Bəs
zülf, sevda necə olsun?.."
Mir Cəlalın
C.Məmmədquluzadə və Ə.Haqverdiyev haqqında
söylədiyi bu mülahizələr
təkcə dediyi fikrin sadəliyinə və təzəliyinə
görə deyil, həm də onun qəbul etdiyi ədəbi
prinsiplər kimi maraq doğurur. Mir Cəlalın bu məqaləsindəki
obrazlı ifadələr onun
monoqrafik tədqiqatlarına və dərsliklərindəki
elmi oçerklərinə də xas olan cəhətdir. Məsələn o, Haqverdiyevə həsr
etdiyi məqaləsinin sonunu belə tamamlayır:
"Haqverdiyev, bir növ, canlı Azərbaycandır, yeriyən
Azərbaycandır!" Yaxud Səməd Vurğuna həsr
etdiyi məqalələrindən birini belə başlayır:
"Gənc Səməd bir çoxları kimi əlinə qələm
alanda kağız korlamamışdır. O, fitrətən
şair doğulmuşdur".
Mirzə
Cəlil və Haqverdiyev hekayələrinə məxsus "obyektiv, şirin, mülayim bir
nağıl üsulu", "təsvir olunan əhvalata həmişə
həqiqətdə olmuş bir hadisə" kimi
yanaşılması Mir Cəlalın hekayələrində də
diqqəti cəlb edir. Onun Mirzə Cəlilin hekayələri
haqqında dediyi bu fikri elə müəyyən mənada
yazıçının bəzi hekayələrinə də
şamil etmək olar: "Hekayəni (söhbət M.Cəlilin
"Poçt qutusu"ndan gedir) oxuyandan sonra biz
gözümüzü yumub, hekayədəki surətlərin səciyyəsini,
mövzunun dərinliyini, əsərdəki həyəcanı
təsvir edə bilərik. Bütün bunlar sözdə,
zahiri şəkildə, təsvirdə yox, çox zaman
kinoekranda insan və hisslərin göstərildiyi kimi, məhz
müstəqil hərəkətdə xarakterizə edilir".
Mir Cəlalın
hələ ötən əsrin otuzuncu illərində
yazdığı "Həkim Cinayətov", "Anket
Anketov", "Mərkəz adamı" hekayələrində məhz Mirzə Cəlil və
Haqverdiyev ənənələrinin yaxşı mənada təsirini
hiss edirik. "Xarakter bir hadisə, yığcam bir süjet,
ümumiləşdirici bir mətləb, sadə söyləmə,
nəqletmə üsulu hekayə sənətində əsasdır"
- hekayə üçün müəyyənləşdirdiyi
bu prinsipə Mir Cəlal bütün
yaradıcılığı boyu sadiq qalıb.
Mir Cəlal
xarakter ustası idi. Onun bu ustalığı təkcə
romanlarında deyil, hekayələrində də nəzərə
çarpırdı. O, obrazı bəzən qrotesk səviyyəsində
təqdim edirdi, bu cür yanaşma çox zaman əndazəni
aşsa da, ümumiləşdirici mahiyyət
daşıyırdı. "Həkim Cinayətov" hekayəsində
təsvir olunan "qəhrəman" bəlkə də həyatda
yoxdur və varsa da tək-tükdür. Amma Mir Cəlal öz
işinə səhlənkarlıqla yanaşan, insan
sağlamlığının qeydinə qalmayan bir həkimin hərəkətlərinə
elə məna verir ki, həmin həkim doğrudan da çox
suçlu və cinayətkar kimi gözlərimiz
qarşısında canlanır. Bəlkə də, bu, adi bir əhvalat
təsiri bağışlayar ki, gənc tələbə Ramazan Əlizadə atasını xilas etmək
üçün müalicəxanaya gəlir, həkim Cinayətova
müraciət edir, amma həkim heç bir şey
olmamış kimi etinasız qalır, otaqda qızlarla
laqqırtı vurur, xəstənin yanına gedərkən
küçədəki vitrinlərə tamaşa edir, nəhayət,
xəstəni yoxlayarkən termometri unutduğunu
görüb "təkrar
ağır addımlarla müalicəxanaya tərəf hərəkət
edir".
Mir Cəlalın
"Anket Anketov" adlı hekayəsindən söz açan
bütün müəlliflər yekdilliklə qeyd edirlər
ki, müəllif bu hekayədə Anket Anketov simasında konkret və ümumi xüsusiyyətləri
olan qüvvətli bədii-ictimai bir tip yaratmışdır.
Kimdir Anketov? O, insanlara, insan münasibətlərinə "liçni delolar"a görə
qiymət verir, sənəd varsa, deməli, o, kiməsə
inana bilər. Adamlar onun nəzərində şəxsi ləyaqətinə,
bacarığına görə deyil, "liçni
delolarına" görə qiymətlidir. Başdan-ayağa
bürokratizmdən yoğrulmuş bu tip cəmiyyət
üçün zərərlidir. Anketovlar onda da vardı, indi
də...
Mir Cəlalın
otuzuncu illərdə yazdığı hekayələrinin əksəriyyəti
satirik ruhda idi (doğrudur, o, sonrakı illərdə də
öz yazılarında bu istiqaməti davam etdirdi, amma otuzuncu
illərdə bu meyil üstünlük təşkil edirdi). Zənnimcə,
bunun iki səbəbi var. Birincisi; həmin meyil keçən əsrin
otuzuncu illərinin nəsrində mühüm və
aparıcı meyillərdən biri idi. Yazıçılar
yeni cəmiyyətin əxlaq normalarına, yaşayış və
davranış prinsiplərinə zidd olan eybəcərlikləri,
mənfilikləri satira hədəfinə çevirir, həmin
dövrün təbirinə uyğun köhnəliyə
qarşı mübarizə aparırdılar. Məsələn, Cəlil Məmmədquluzadə
"Bəlkə də
qaytardılar", Süleyman Sani Axundov "Molla
Qasım", B.Talıblı
"Erkək Tükəzban", Sabit Rəhman "Şirin
bülbül", "Böyük millət məhkəməsi",
"Xəyal plov" hekayələrində məhz bu yolu seçmişdilər.
İkincisi, Mir Cəlal həm də
yazıçı-tərbiyəçi idi. Görkəmli ədəbiyyatşünas
Məmməd Cəfər yazırdı ki, "Mir Cəlalın
yaradıcılığında ibrətləndirmək meyli, tərbiyə
- həm də tərbiyəsizliklə mübarizədir - məşhur
prinsipi qüvvətlidir. Onun tez-tez satira və yumora müraciət
etməsinin sirri də bundadır. Yenə bu səbəbdəndir
ki, Mir Cəlalın tipləri əxlaqi görüşləri etibarilə ya mütləq mənfi, ya da
mütləq müsbət surətlərindən ibarət
olur".
Bir halda
ki, Mir Cəlal yaradıcılığı barədə
söhbətə onun satiralarından başladıq, bu
satiranın ən kəskin formada ifadə olunmuş bir
nümunəsi ilə söhbəti davam etdirək. Yenə Məmməd
Cəfərə müraciət edək. O, Mir Cəlalın
müharibə illərində yazdığı
"Açıq kitab" romanını "həqiqətin
üzünə dik baxan" bir əsər kimi səciyyələndirir.
Əsərin
əsas "qəhrəmanı" Kərim Gəldiyevdir. Mir Cəlal bu obraz
vasitəsilə vətənə, millətə, xalqa yabançı
olan, təmiz və namuslu insanlara quyu qazan, böhtan atan,
kiçik-murdar güzəranı naminə onlarca
istedadların yolunu kəsən, ailələr dağıdan
adamların ümumiləşdirilmiş obrazıdır.
Açıq, birbaşa tənqid-ifşa romanın
bütün mətninə hopub.
O zaman
roman çap olunanda ("Vətən uğrunda"
jurnalı, 1944) ədəbi aləmdə böyük əks-səda
doğurdu. Tənqidçi və ədəbiyyatşünaslardan Məmməd Cəfər, Orucəli
Həsənov əsəri yüksək qiymətləndirdilər,
Orucəli Mir Cəlalı "ədəbiyyata həyat gətirən"
yazıçı adlandırdı, M.Cəfər isə həyat
həqiqətini cəsarətlə təsvir etdiyi
üçün Mir Cəlalı alqışladı.
Mir Cəlal
Azərbaycan sovet romanının yaradıcılarından
biridir. Əbülhəsən, Süleyman Rəhimov,
M.S.Ordubadi, Y.Vəzir,
M.Hüseyn, Ə.Vəliyevlə birgə Mir Cəlal da XX əsr
Azərbaycan romanının təməl daşlarını
qoyanlardan olub. Azərbaycan
romanına həsr etdiyim məqalələrimin birində
yazmışdım: "Azərbaycan sovet romanının
başlıca vəzifəsi sovet adamını yeni insan əxlaqının
daşıyıcısı kimi göstərmək, qalib gəlmiş
insanı, onun mübarizəsini əks etdirmək olmuşdur.
İlk sovet romanlarımızda mövzunun ictimailiyi və
aktuallığı ilə əlaqədar konfliktlər də,
təqdim edilən obrazlar da öz sosial məzmunu ilə diqqəti
cəlb edirdi. Mehdi Hüseynin sözlərilə desək,
yazıçılar inqilab uğrunda, yeni həyat qurmaq
uğrunda mübarizənin poeziyasını əks etdirməyə
çalışırdılar. Bu isə, zamanın
özünün diktəsi idi".
Mir Cəlalın
"Dirilən adam" və "Bir gəncin manifesti"
romanları da məhz həmin missiyanı yerinə yetirirdi. Bu
romanlarda Azərbaycan kəndlisinin oyanması, artıq istismar
aləti olmaq istəməyib öz hüququnu tələb etməsi,
bunun üçün də inqilabi mübarizəyə qoşulması təsvir edilmişdir.
Yazıçı "Dirilən adam"da lətifə-anektod
səviyyəsində olan bir əhvalatı
sosial roman səviyyəsinə qaldırmış, bir kəndin
timsalında müxtəlif sinfi-siyasi qruplaşmaları,
ictimai zümrələri real və təbii cizgilərlə
canlandırmışdır. Məsələ onda deyil ki,
öz sevimli ailəsindən dərbədər
düşüb bir parça çörək dalınca
şəhərə işləməyə gələn Qədir
sonralar bolşeviklərə qoşulur, məsələ
ondadır ki, o ayılır, mənəvi ölülük
ictimai diriliyə çevrilir. Görkəmli tənqidçi
Məmməd Arif o zaman
romandakı kəndli obrazlarının passiv göstərilməsini
müəllifə irad tutanlara tutarlı bir cavab verərək
yazmışdı ki: "Əsərdə əməkçi
xalq, yoxsul kəndlilər passiv və şüursuz göstərilməmişdir;
elə olsaydı, bəbir bəylərin casusluğuna,
naçalnikin və pristavın tapşırığına
görə siyahı
tutmalarına ehtiyac qalmazdı; elə olsaydı, kəndlilər
"banditliyə" başlamazdılar, elə olsaydı,
şəhər həbsxanası "palşevetlərlə"
doldurulmazdı". Bir sözlə, üstündən illər,
onilliklər keçsə də, "Dirilən adam" Azərbaycan kəndinin ciddi
ictimai-siyasi problemlərini əks etdirən bir əsər kimi
diqqəti cəlb edir".
Mir Cəlal
Azərbaycanın milli-mənəvi dəyərlərinin, əsrlərdən
bəri yaranan və yaşanan əxlaqi keyfiyyətlərin
qızğın təbliğatçısı idi. "Bir gəncin
manifesti" əsərində hamının
xatırladığı çox təsirli bir səhnə
var. Ehtiyac ucundan Sona evindəki "Yusif-Züleyxa"
xalçasını bazara satmağa gətirir. Şərq
bazarına gəlmiş bir ingilis xalçanın gözəlliyinə
heyran qalır, onun yanında bir yerli tacir də var. İngilis
nə qədər dil tökürsə, Sona onu rədd edir. Tacir ingilisin
yanında pərt olmasın deyə, xalçanı
özü almaq istəyir. "İngilis almır, a bacı,
görürsən ki, mən alıram. Öz müsəlman
qardaşın, Əli şiəsi!" Amma Sona ona da satmır,
çünki bu yerli tacir bir qədər əvvəl qorxaq
kölə kimi xalçanı ingilisə göstərmişdi.
"Sona xalçanı çəkib aradan
yığdı və pəhləvan kimi qoltuğuna vurdu:
-
Satmıram, - dedi, - vəssalam!
Xalçanın
küləyi soyuq və kəsərli silah kimi ingilisin boz sifətinə
dəydi. Mister vahiməyə düşmüş kimi geri-geri çəkildi. Alt
çənəsini laxlatdı. Tacir onun dediyini qadına tərcümə
etdi:
-
Görürsən? Düzü, elədir. "Hara getsə, -
deyir, - onu mən alacağam"
Sona daha
da acıqlandı. İti və həyəcanlı nəzərlərilə
həm taciri, həm misteri
süzüb əli ilə qəti rədd işarəsi verdi:
- İtə
ataram, yada satmaram!
Sona arxasını misterə və tacirə
çevirib elə cəld gedirdi ki,
deyəsən, evdə yağı daşır. Onun
dalınca iki həris canavar gözü baxır,
yanırdı.
Yüzlərlə
vətəndaşın sevincli, alqışlı baxışları,
o namuslu qızı və qeyrətli ananı yola
salırdı:
Halal
olsun!"
Bu əsərdə Mir Cəlal öz roman
yaradıcılığının zirvəsinə qalxır.
Mehdi Hüseyn hətta bu əsəri
otuzuncu illərdə yaranan Azərbaycan romanının ən
yüksək mərhələsi hesab edir.Həm də onu
qeyd edir ki, "Bir gəncin
manifesti"
xalqımızın həyatında baş vermiş
böyük hadisələri və təbəddülatı
poetik bir dillə təsvir etmişdir.
"Bir gəncin
manifesti" hansı mövzuda yazılmasından, hansı
ideyaları təbliğ etməsindən asılı olmayaraq,
neçə nəslin mənəvi tərbiyəsində
mühüm rol oynamışdır. Digər tərəfdən, "Bir gəncin manifesti"
romanı "Roman necə yazılır" sualının bədii
praktikada ən parlaq nümunələrindən biri idi.
Böyük
Vətən müharibəsi illərində Mir Cəlal da , o dövrün təbirincə
desək, qələmini süngüyə çevirdi. Onun nəsrində
yeni bir keyfiyyət - publisistik çalarlar diqqəti cəlb
etdi. Bunu təsadüfi saymaq olmaz. Əvvəla, publisistika o
dövrdə bütün
yazıçılarımızın əsərlərində
poeziya və nəsrlə birgə aparıcı janra
çevrilmişdi. Mir Cəlal fikir, ideya oxucuya tez və
birbaşa çatsın deyə, bir çox hekayələrində
publisistik maneralara üz tuturdu. İkincisi, yazıçı ədəbi
yaradıcılığa oçerkçiliklə
başlamışdır, onun ilk kitabı "Sağlam
yollarda" adlanır və bu kitabda Mir Cəlalın sırf
publisistik əsərləri toplanmışdı. Həmin
yazıların elə adlarına diqqət yetirmək kifayətdir:
"Sağlam yollarda", "Qələbənin
açarı", "Səsimizi dünya eşitsin",
"Özək raport verir", "İşləməyən
dişləməz", "Zavodun tərcümeyi-halı",
"Marksın dostu" və s. Ona görə də, Mir Cəlal
nəsrində publisistikanın mətn daxilinə
hopmasını təbii sayırıq. Bu cəhəti akademik
Bəkir Nəbiyev də öz monoqrafiyasında
("Böyük Vətən müharibəsi və Azərbaycan
ədəbiyyatı"-1977) qeyd edir: "Mir Cəlalın
"Anaların üsyanı" əsərində biz
publisistikanın yazıçı məqsədinə xidmət
edən, məhz yerində işlədilmiş nümunələrini
görürük".
Ədibin müharibə illərində
yazdığı "Həzi Aslanov" adlı silsilə
oçerkləri janrına görə oçerk sayılsa da,
yazıçı Həzi Aslanovun keçdiyi şanlı həyat
və mübarizə yolunu bədii
lövhələrlə elə təqdim edir ki, yazının
hekayəmi, oçerkmi olduğunun fərqinə varmırsan.
Müharibə
illərində Mir Cəlalın
"Yollar", "Qardaş qanı", "Şərbət",
"Odlu mahnılar", "Atlı", "Mərcan nənə",
"Çupçik", "Vətən yaraları",
"Ər və arvad" və s. hekayələri çap
olundu. Təfərrüata varmadan deyə bilərik ki, bu hekayələrin
hər birində cəbhə həyatını yaxından
müşahidə edən, döyüşçülərlə
təmasda olan bir vətənpərvər
yazıçının dəqiq, canlı müşahidələrinin
şahidi oluruq. Axı, Mir Cəlal müharibə illərində
bir çox yazıçı dostları ilə birgə
Novorossiyskdə, Uzaq Şərqdə olmuşdu.
Müharibədən
sonra Mir Cəlal üç roman yazdı. Bunlardan biri -
"Yolumuz hayanadır?" böyük şairimiz Mirzə
Ələkbər Sabirin kəşməkeşli
ömür yoluna həsr olunmuşdu. Sabir
yaradıcılığını
böyük məhəbbətlə öz elmi əsərlərində tədqiq hədəfinə
çevirən, onu mənəvi ustadı və müəllimi
sanan Mir Cəlal romanda onun
mükəmməl bədii obrazını yaratdı. M.Hüseyn, Ə.Şərif, C.Xəndan,
M.Cəfər, B.Nəbiyev və digər müəlliflər
romanı yüksək qiymətləndirdilər.
"Yaşıdlarım"
romanı isə hərbi-vətənpərvərlik
mövzusunda qələmə alınmışdı. Romanda
üç dövr - müharibədən əvvəlki,
müharibə dövrü və müharibədən
sonrakı dövrlər təsvir olunur. Bu romanı fikrimizcə,
publisistik roman hesab etmək daha doğru olar. Müəllif bir
çox problemlər qaldırır ki, onların hər biri həmin
dövrün öz xarakterindən doğurdu. Belə ki,
müharibə və insan, arxa cəbhə-ön cəbhə,
ailə və məhəbbət, atalar-oğullar problemlərini
əhatə edən romanda o dövrün ictimai-siyasi, mənəvi-psixoloji
mənzərəsi əks olunmuşdur. Bu romanda müəllif
mühakimələri üstünlük təşkil edir,
hadisələrə birbaşa müdaxilə də diqqətdən
yayınmır. Heç də təəccüblü deyil, istər
"Yolumuz hayanadır?", istər
"Yaşıdlarım", istərsə də dinc quruculuq
illərinin romantikasını özündə əks etdirən
"Təzə şəhər" romanlarından söz
açan müəlliflər bu əsərləri "Bir gəncin
manifesti" ilə müqayisə etmiş və bildirmişlər
ki, hər üç roman öz bədii-sənətkarlıq səviyyəsinə görə
"Manifest"ə çata bilmədi. Amma bu romanlarda da Mir
Cəlal dövrün, zamanın aparıcı meyillərini,
insanların psixologiyasında, mənəvi aləmində
baş verən dəyişmələri, yenilik hissini əks
etdirməyə çalışırdı.
İstər
öncə adını çəkdiyim üç romanda və
eləcə də müharibədən sonra qələmə
aldığı bir çox hekayələrdə "Dirilən
adam" və "Bir gəncin manifesti" romanlarının
müəllifi Mir Cəlalla müharibədən sonrakı illərin
Mir Cəlalı arasında müəyyən
yaradıcılıq fərqinin şahidi oluruq.
"Yaradıcılıq fərqi" dedikdə biz bunu fərdi
üslubun, yazı manerasının dəyişməsi, tamam
başqa bir istiqamətdə inkişaf etməsi kimi
düşünmürük. "Dirilən adam" yaxud
"Bir gəncin manifesti" ilə
"Yaşıdlarım" və ya altımışıncı illərdə
yazdığı hekayələrinin yazı tərzi, ifadə
üsulu arasında, demək olar ki, ciddi bir fərq duyulmur. Məsələ
burasındadır ki, Mir Cəlal müharibədən
sonrakı yaradıcılığında təkcə realist
deyil, həm də moralist kimi nəzərə çarpır.
Bunu Mir Cəlalın uzunmüddətli pedaqoji fəaliyyəti
ilə də izah etmək olar. Mir Cəlal sayı-hesabı
bilinməyən böyük bir filoloq ordusunun yetişməsi
və formalaşmasında mühüm rol oynayan
MÜƏLLİM idi. Azərbaycanın
bir çox məşhur filoloqlarının ustadı məhz
Mir Cəlal müəllim olmuşdur. Onun təbiətində
ustadlıq, yolgöstərənlik kimi sanki ilahidən bəxş
olunan bir xüsusiyyət vardı. Yazıçı-moralist
Mir Cəlalı heç də nəsihətçi kimi qələmə
vermək olmaz. O, həyatda da ədəbiyyatda olduğu kimi
müdrik idi. Müdrik insanın isə söylədikləri quru nəsihət kimi yox, həqiqətə
doğru çağırış kimi səslənir.
Mir Cəlal
görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə
nəzərə çarpdırmağımın və ondan əvvəl görkəmli
təyinini işlətməyimin səbəbi var. Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan elmdə müəyyən
iz buraxan görkəmli bir alim kimi söz açardıq.
Deyirlər
ki, otuzuncu illərin ortalarında Mir Cəlal küçədə
böyük ədib Hüseyn Cavidlə rastlaşır. Kəmali-ədəblə
Cavidə salam verir. Böyük ədib Mir Cəlaldan
soruşur ki, nə işlə məşğulsan. Mir Cəlal
deyir ki, Azərbaycan qadın şairlərinin
yaradıcılığı barədə elmi mövzu
götürmək istəyirəm, bununla bağlı xeyli
material toplamışam. Cavid gülümsünür və əlini
Mir Cəlalın çiyninə vurub deyir: "Sən
qadınlar haqqında yox, bunu hamı yaza bilər-Füzuli sənəti
barədə elmi iş yaz. Dəryada damla axtar, damlada dərya
yox!".
Və Mir
Cəlal "Füzulinin
poetikası" mövzusunda elmi iş üzərində
işləməyə başlayır. 1940-cı ildə o, həmin
mövzuda namizədlik dissertasiyası müdafiə edib,
filologiya elmləri namizədi alimlik dərəcəsini
qazanır.
Bu, elə
bir dövr idi ki, Azərbaycan füzulişünaslığı
yeni bir mərhələyə qədəm qoymuşdu. Əgər
söhbət lap qədimdən gedirsə, deyə bilərik
ki, füzulişünaslıq elminin ilk təşəbbüsləri elə
Füzulinin sağlığından başlayır: Lətifinin
"Təzkirətül-şüəra" (1546), Sam Mirzənin
"Töhfeyi-Sami" (1550), Əhdi Bağdadinin
"Gülşəni-şüəra" (1563) təzkirələrində
Füzuli və onun yaradıcılığı barədə
məlumatlara rast gəlirik. Daha
sonrakı əsrlərin təzkirələrində də bu məlumatlar
bir-birini əvəz edir. Nəhayət, keçən əsrin
əvvəllərində görkəmli ədəbiyyatşünas
F.B.Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı"
adlı ilk ədəbiyyat tariximizdə Füzuli
yaradıcılığı geniş şəkildə şərh
olunur. Bundan sonra M.Köprülüzadənin, İ.Hikmətin,
Ə.Abidin, S.Mümtazın, Y.V.Çəmənzəminlinin
məqalələrində də Füzuli mövzusu genişlənir.
1925-ci ildə Azərbaycan ədəbiyyatı cəmiyyəti
tərəfindən "Füzuli" məqalələr
toplusu nəşr edilir . (Bu haqda tədqiqatçı
Gülşən Əliyevanın "Azərbaycan
füzulişünaslığının təşəkkülü"
kitabında geniş və ətraflı söz
açılır. Bakı, 2005).
Füzulişünaslıqda
yeni mərhələ 1939-1940-cı illərdən
başlayır, Füzuli haqqında, onun
yaradıcılığı barədə məqalələri
ilk elmi monoqrafiyalar əvəz edir. Burada Həmid
Araslının "Füzuli" (1939) və Mir Cəlalın
"Füzulinin poetik xüsusiyyətləri" (1940)
kitablarının adlarını çəkə bilərik.
Deməli, bu iki alim Azərbaycan
füzulişünaslığında yeni bir mərhələnin
əsasını qoymuşlar.
"Füzuli
sənətkarlığı" monoqrafiyası doğrudan da
həm Azərbaycanda, həm də xaricdə (xüsusilə
Türkiyədə) dahi şairə həsr edilən ən
sanballı əsərlərdən biridir. Əsər
yazılış tərzi etibarilə sırf elmi mühakimələr
üzərində qurulmamışdır, dərin elmi
mühakimələrlə yanaşı, burada hissi-emosional
üslub tərzinin də öz yeri var və bu cəhət,
monoqrafiyanın elmi sanbalını qətiyyən
aşağı salmır.
Mir Cəlal
füzulişünaslıqda ilk dəfə olaraq dahi şairin
yaradıcılığını müəyyən
mövzular üzrə qruplaşdırır və sonrakı tədqiqatçılar
üçün bu mənada sanki sistemli bir kompozisiya
yaradır. "Başlanğıc" hissəsindən sonra
gələn fəsillərin adlarına diqqət edin:
"Füzuli şeir haqqında", "Qəzəllər
haqqında", "Bədii dil xüsusiyyətləri",
"Mənzərələr", "Şeir mədəniyyəti-texnika",
"Bədii məntiq", "Lirika", "Bədii nəsr",
"Rind və Zahid",
"Nizami və Füzuli", "Ölməz məhəbbət
dastanı", "Füzulidə alleqoriya",
"Böyük mənəvi müasirimiz".
Mir Cəlal
Paşayevin namizədlik dissertasiyası ilə doktorluq
dissertasiyası arasında cəmi yeddi illik bir zaman məsafəsi
var. 1947-ci ildə o, "Azərbaycanda ədəbi məktəblər"
adlı doktorluq dissertasiyası müdafiə edir . Bu əsərilə
o, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
mütəxəssislərindən biri olduğunu təsdiq
edir. Qətiyyətlə demək olar ki, o, bu sahədə də
ilkin yol açanlardan biri olmuşdur. Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığında
C.Məmmədquluzadə, Sabir, Haqverdiyev, N.Nərimanov, H.Cavid,
A.Səhhət, M.Hadi kimi
görkəmli sənətkarların
həyat və yaradıcılığının elmi
şəkildə öyrənilməsində, bu sənətkarların
hansı ədəbi məktəbə mənsub
olduqlarını təyin etməkdə
doğrudan da çox iş görüb. Təkcə doktorluq
dissertasiyasında deyil, həm də ayrı-ayrı monoqrafiya
və məqalələrində də biz bunu izləyə bilərik.
Bu
yazını sona çatdıranda Mir Cəlal müəllimin bir vaxtlar mənim də müəllimim
olduğunu xatırladım. O, ADU-nun filologiya fakültəsində
oxuduğum zaman gördüyüm ilk müəllim idi.
Sentyabrın 1-də, 1967-ci ildə.
O, içəri girdi və mehriban, xoş təbəssümü
ilə bir-bir adımızı soruşdu, hansı rayondan, ya kənddən
olduğumuzla, yataqxanada yerləşib-yerləşmədiyimizlə
maraqlandı. Sonra ilk mühazirəsinə başladı.
Mühazirələrinin birində tələbələrə
üzünü tutub dedi: "Burada adı Vaqif olan
varmı?". Məni göstərdilər. Əlini
çiynimə qoyub dedi: "Səməd Vurğunun
"Vaqif"ini oxumusanmı?" Mən "bəli"
dedim. "O pyesdən əzbər bildiyin parça
varmı?". Mən "Vaqif" pyesinin səkkizinci şəklindən
(Vaqiflə Qacarın qarşılaşması səhnəsi) əzbər
bildiyim parçanı söylədim. Mir Cəlal müəllimin
üzü işıqlandı.
Mən
Mir Cəlalın Səməd Vurğuna böyük məhəbbətinin
şahidi kimi ona həsr etdiyi monoqrafiyası və bir neçə
məqaləsi ilə tanışam. "Səməd
Vurğunun əziz xatirəsi" adlı məqalə belə
başlayır: "Orduda belə bir qayda var: şəhid olan
nadir qəhrəmanın adı hissənin siyahısında hər
səhər yoxlama zamanı başda çəkilir. Ədəbiyyat
ordumuzun işində də müasir şeirimizin qəhrəmanı
Səməd Vurğun buna bənzər şərəfli bir
yer tutmuşdur".
Mir Cəlal
müəllim də öz yazıçı-alim ömrü
ilə ədəbiyyatımızın bu gün də
xatırlanan mötəbər ağsaqqallarından
olmuşdur. O da S.Vurğun, S.Rüstəm, M.Hüseyn,
M.İbrahimov, S.Rəhimov kimi ədəbiyyatımızın
başında duran sənətkarlardan olmuşdur.
Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru
Azərbaycan.-2014.- 28 sentyabr.- S.5.