Azərbaycan və Avstriya
musiqiçiləri Vyanada
birgə konsert proqramı ilə
çıxış ediblər
Sentyabrın
26-da Vyanada “Konzerthaus” mədəniyyət evində Azərbaycanın
və Avstriyanın musiqiçiləri birgə konsert
proqramı ilə çıxış ediblər.
“Azərbaycan
dostluq konserti” silsiləsindən reallaşan konsertin birinci hissəsində
“Odlar Yurdu” ansamblı Azərbaycan xalq mahnıları və
muğamlarını ifa edib. İkinci hissədə isə Azərbaycanın
Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Vyana Kamera Orkestri
azərbaycanlı solistlərin iştirakı ilə davam edib.
Konsertdə Üzeyir Hacıbəyli, Volfqanq Amadeus Motsart, Tofiq
Quliyev, Niyazi, Cüzeppe Verdi, Rauf Hacıyev və digər bəstəkarların
əsərləri səsləndirilib. Xalq Artisti Murad
Hüseynovun fortepianoda ifası və Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva
və vokal ifaçısı Ramil Qasımovun səsləndirdiyi
musiqi əsərləri tamaşaçılar tərəfindən
böyük rəğbət və alqışlarla
qarşılanıb.
Belə
konsertlər Azərbaycan ilə Avstriya arasında mədəni
əlaqələri dərinləşdirmək, Azərbaycan bəstəkarlarının
Şərq və Qərb musiqisinin çalarlarının əks
olunduğu əsərlərini avropalı musiqisevərlərə
tanıtmaq və ümumilikdə Azərbaycan musiqi mədəniyyətini
təbliğ etmək məqsədilə mütəmadi olaraq
təşkil olunur.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi
müxbiri
Vyana
Azərbaycan.-2014.- 28 sentyabr.- S.5.