Qəhrəmanlar ölmürlər
1988-ci ilin yayı idi. Əlizahid müəllim oğlu Valehi əsgərliyə yola salanda illər öncə atası Sənanın da bu yolla cəbhəyə getdiyini xatırlayıb daha da kövrəldi. O vaxt qələbəyə bir ay qalmış atasının "qara kağız"ı gəldi. İki qardaş, bir bacını anası Reyhan boya-başa çatdırdı...
Valeh Rusiyanın Primorsk diyarında əvvəlcə ikiaylıq kurs keçdi. Sonra xidmət etdiyi hissədə karate yarışında iki il dalbadal birinci yeri tutdu. Bu qələbə erməni zabitləri tərəfindən qısqanclıqla qarşılandı. Axı Valeh finalda erməni ilə görüşdə birinci pilləyə qalxmışdı.
Xidmət illəri başa çatanda ona hissədə idman məşqçisi kimi qalmağı, ali hərbi təhsil almağı təklif etsələr də, o, vətənə dönməyə qərar verdi. Daxili İşlər Nazirliyinə müraciət etdi, xüsusi təyinatlı milis dəstəsində xidmət etmək arzusunda olduğunu bildirdi. Ona "bizə sənin kimilər çox lazımdır" - dedilər.
İlk dəfə 1991-ci ildə Valeh 20 nəfərlə Qubadlıya göndərildi. Dəstə Davudlu kəndini ermənilərdən azad etmək tapşırığı almışdı. Kəşfiyyat xəbər gətirdi ki, ermənilər məktəbdə lövbər salıblar. Qəfildən hücuma keçib onları itkilərlə qaçmağa vadar etdilər.
Valehin cəbhə dostu Valeh Həmidov deyir ki, növbəti dəfə Şuşaya gedəndə eşitdik ki, düşmən Füzulinin Yuxarı Veysəlli kəndini mühasirəyə alıb. Bölük komandiri dərhal qərar qəbul etdi: "Gecəni gözləyib kəndi almalıyıq". Rayon polis şöbəsindən üç UAZ götürdük. Səhər tezdən başlanan atışma saat yarım çəkdi. Valehin pulemyotu səsləndikcə ermənilər qaçmağa üz qoydular. Evlərinə qayıdan əhali bizi xilaskar kimi qarşıladı.
Xocavənd rayonunun Çartaz kəndini də düşmən ələ
keçirmişdi. Oranı da azad etmək
lazım idi. Şərab zavodu
istiqamətində hücuma
keçdik. Valeh erməniləri
gözləmədikləri yerdən atəşə tutdu. Düşmən meyitləri götürməyə
belə macal tapmadı, bir zirehli maşını, xeyli silahı atıb qaçmağa məcbur oldu.
1992-ci ildə Valeh
Novruz bayramını ailələrində - Lerikdə
keçirdi. Qayıdanda oğlunun
boynuna sarılan anası Nənəgülün
gözləri nəmləndi:
"Ay bala, mən səni doyunca görmədim, səsini doyunca eşitmədim"
cavabında Valeh:
"Nigaran qalma,
yenə gələrəm. Sən
toy tədarükündə ol", - dedi.
Valehin xidmət etdiyi bölmə 1992-ci il aprelin 10-da sübh çağı Marquşavan kəndinə
hücum əmri aldı. Valeh təpənin üstündə
mövqe tutub snayper tüfəngi ilə erməniləri bir-bir "dənləyirdi".
Bir neçə saatlıq döyüşdə o, 10 nəfər
yaralını da təhlükəsiz yerə
çıxardı. On
birincini çiyninə
alanda özü düşmən gülləsinə
tuş gəldi.
Döyüşçülər onu zirehli maşında döyüşdən
çıxarsalar da, həyatını xilas edə bilmədilər.
Valeh Müslümovu
atasının xahişi
ilə doğulduğu
Lerik şəhərindəki
məzarıstanda torpağa
tapşırdılar. Döyüşçü
dostları: "Sənin
qanın yerdə qalmayacaq", - deyib məzarının üstündə
and içib yaylım
atəşi açdılar.
Azərbaycan Respublikası Prezidentinin
5 iyun 1992-ci il
tarixli fərmanı ilə Valeh Əlizahid oğlu Müslümova ölümündən
sonra "Azərbaycanın
Milli Qəhrəmanı"
adı verildi. Valehin xidmətləri Lerikdə
də unudulmadı.
Oxuduğu məktəbə, yaşadığı küçəyə
Valeh Müslümovun adı verildi. Şəhər 2 nömrəli tam orta məktəbdə xatirə muzeyi açıldı, foyedə
büstü qoyuldu.
Haqqında "Onu vətən
çağırdı" sənədli povest nəşr olundu.
Bu günlər Valeh
Müslümovun ad günü
rayon ictimaiyyəti tərəfindən
geniş qeyd edildi. Tədbirə qəhrəmanın döyüşçü dostları,
müəllimləri, hərbçilər,
Sumqayıt şəhərində
çalışdığı səyyar-mexanikləşdirilmiş dəstənin nümayəndələri
də dəvət almışdılar. Çıxış edənlər Milli Qəhrəman haqqında xatirələrini danışdılar.
Rayon icra hakimiyyətinin başçısı Rövşən
Bağırov Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə,
veteranlara və şəhid ailələrinə
qayğı və diqqətindən, o cümlədən
Lerikdə 140 şəhid
ailəsinin bu qayğıdan bəhrələndiyindən
söz açdı.
Tədbir iştirakçıları qəhrəmanın
Xatirə muzeyindəki
eksponatlara baxdılar,
məzarını ziyarət
edib əklil qoydular.
Valeh yaşasaydı,
45 illiyini qeyd edəcəkdi. Lakin ürəklərdə 23 yaşlı cavan kimi qaldı. Adı dünyaya göz açan neçə-neçə
körpəyə qoyuldu.
Həmzə VƏLİMƏMMƏDOV,
əməkdar jurnalist
Azərbaycan.-2014.- 28 sentyabr.- S.7.