Vətənə və xalqa
xidmətin səviyyəsini yüksəltmək borcu
Səhiyyədə son illər həyata
keçirilən islahatlar da bunu tələb edir
Son illər səhiyyənin inkişafına dövlət tərəfindən ayrılan vəsait və yaradılan münbit şərait yalnız ölkə əhalisinin deyil, dünya səhiyyə sisteminin də diqqət mərkəzindədir. Dövlət səhiyyənin inkişafına əsaslı maliyyə vəsaiti ayırır və nəzarət funksiyasını təmin edir. Səhiyyə Nazirliyi müəyyən islahatlar və buna uyğun olaraq struktur dəyişiklikləri aparır, həmçinin özəl sektorun bu sahədə fəaliyyət şəbəkəsinin genişləndirilməsinə şərait yaradır.
Müstəqilliyin ilk illərinə qısaca nəzər salsaq görərik ki, o dövrdə daha çox banklar, sığorta şirkətləri və şadlıq evləri açılırdı. Bu, əslində, heç də həmin sahələrə ciddi ehtiyacdan irəli gəlmirdi. Bir qrup iş adamının daha çox "pul qoyub, kapital qazanmaq" maraqlarının ifadəsi kimi də anlaşılırdı.
Zaman keçdikcə, dövlətin iqtisadi imkanları genişləndikcə digər sahələr kimi, səhiyyənin inkişafına da xüsusi qayğı və diqqət artırıldı. Dövlətin qəbul etdiyi qanunlar, Nazirlər Kabinetinin isə buna uyğun olaraq çıxardığı qərarlar, Səhiyyə Naziriyinin apardığı islahatlar nəticə etibarı ilə xalqımızın sağlamlığının keşiyində dayanan həkim və tibb işçiləri personalının məsuliyyətini, özəl sektorun isə bu sahəyə marağını artırmış oldu. Məhz yaradılmış şəraitin və marağın nəticəsidir ki, son illər fəaliyyət göstərən özəl klinikaların sayı 500-dən çoxdur.
Əlbəttə, yalnız klinika açmaqla adı çəkilən sahənin problemlərinin həll olunacağını düşünmək sadəlövhlük olardı. Paralel şəkildə həmin klinikalarda çalışan tibb personalının sayı və keyfiyyət məsələləri, habelə təchizat problemləri də diqqət mərkəzində saxlanıldı. Belə ki, günün tələbləri səviyyəsində fəaliyyət göstərməyən, əhalinin sağlamlığının təmin olunmasında heç bir müsbət göstərici əldə edə bilməyən özəl səhiyyə müəssisələri ləğv edildi. Tibbi personalın yaş baxımından yeni nəsillə əvəz olunması, onların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün attestasiyaların keçirilməsi problemləri həll olundu. Səhiyyə Nazirliyi rəhbərliyinin prinsipial tədbirləri nəticəsində başdansovdu açılmış özəl tibb müəssisələrində qayda-qanun yaradıldı, dövlət tibb ocaqlarında nə tələb olunurdursa, özəl tibb müəssisələrinin qarşısında da həmin tələblər qoyuldu, dövlət qanunlarının, habelə nazirliyin əmr, təlimat və tövsiyələrinin icrasına başlanıldı, özəl tibb müəssisələri üzərində qanuni nəzarət sistemi quruldu. Bütün bunlar danılmaz və inkar edilməsi mümkün olmayan gerçəkliklərdir.
Görülən genişmiqyaslı işlər hələ səhiyyə sahəsinin problemlərinin tamamilə həlli demək deyildi. Respublikanın ucqar yaşayış məntəqələrində əhalinin sağlamlığının təmin edilməsi istiqamətində son vaxtlar görülən ciddi tədbirlər də ümumi işin xeyrinədir. Son beş ildə həyata keçirilən səhiyyə tədbirlərinin sırasına daha birini və mühüm əhəmiyyət daşıyanını əlavə etmək olar ki, o da istər mərkəzdə, istərsə respublikanın bütün bölgələrində, ən ucqar yaşayış məntəqələrində əhalinin pulsuz və məcburi tibbi müayinəsinin təşkilidir. Bunlarla yanaşı, sosial vəziyyəti aşağı olan ailələrdə xəstələrin müayinəsindən, xarici ölkələrdə müalicəsinədək bütün xərclərin dövlət hesabına çəkilməsi də insan amilinin əsas götürülməsi anlamına gəlir.
Ölkə əhalisinin sağlamlığının vacib amil olduğunu nəzərə alaraq, dövlət tərəfindən həyata keçirilən tədbirlərin son beş ildə daha da genişləndiyini deyə bilərik. Yüzlərlə yeni dövlət klinikasının və xəstəxanaların, poliklinikasın tikilməsi, yaxud mövcud olanların standartlara uyğun fəaliyyət göstərməsi üçün müasir tibbi avadanlıq və kadrlarla təmini, ana və uşaq ölümünün minimuma endirilməsi, uzunmüddətli müalicə tələb edən xəstələrin nəzarətdə saxlanılması, lazımi və zəruri preparatların pulsuz verilməsi kimi kompleks tədbirlər prioritet məsələlərdən hesab edilməlidir. Bütün bu sadalananlar isə əhali tərəfindən birmənalı şəkildə təqdir edilir.
Yetmiş illik tarixə malik sovet hakimiyyəti dövründə bütün bu kimi xidmətlər, gizli deyil ki, əfsanə görünə bilər və möcüzə hesab edilərdi. Lakin bu gün dünyada insan sağlamlığı hər şeydən öndə saxlanır. Çünki bütün uğur və nailiyyətlərin önündə insan dayanır. İndi mən soruşuram: bəs işləmək necə olur?! Necə işləyəsən ki, kimsə böyürdən çıxıb bir əmma qoymasın?! Məgər hər hansı bir fəaliyyət onun nəticəsi ilə ölçülməməlidirmi? Son 5-6 il ərzində səhiyyə sistemində dövlət səviyyəsində aparılan islahatları, müsbət dəyişiklikləri görməmək üçün gərək qərəzli olasan.
Əlbəttə, bütün sahələrin tələb olunan səviyyədə inkişafına eyni vaxtda nail olmaq mümkün deyil. Bu, bizim ölkədə də qəbul olunur. Çox sürətlə həyata keçirilən tədbirlərin nəticəsi son beş-on ildə özünü daha qabarıq şəkildə göstərir. Müstəqilliyin bərpası illərində digər sahələrdə olduğu kimi, səhiyyə və tibdə də xaosun, anarxiyanın, hərc-mərcliyin hökm sürdüyü acı şəkildə xatırlanır. O zamanlar öz peşə və ixtisası ilə xalqa xidmət göstərən, belə deyək, sağlamlığın keşikçilərinin də əksəriyyəti yaradılmış qeyri-normal şəraitdən bezərək ölkəni tərk etmişdi. Lakin indi həmin kadrların vətənimizə dönmələri də həkim və tibb işçisinə olan tələbatın ödənilməsinə müsbət təsir göstərib.
Səhiyyə sahəsinə dövlət dəstəyinin bariz nümunələrindən biri də özəl sektorun inkişaf etdirilməsi üçün zəruri şəraitin yaradılmasıdır. Təbii ki, Səhiyyə Nazirliyi də öz növbəsində üzərinə düşən vəzifələri yerinə yetirmək funksiyasını daşıyır ki, onlardan biri də yeni açılan özəl klinikaların fəaliyyətinə lisenziyaların verilməsidir. Gizli deyil ki, səhiyyədə özəl sektorun son 2-3 il ərzində fəaliyyəti diqqət çəkir. Əvvəllər bu sahədə bir pərakəndəlik olsa da, bu gün Səhiyyə Nazirliyi tərəfindən onların fəaliyyətinin tənzimlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər bəzi "işbazlar"ın narahatlığına səbəb olub. Əhalinin sağlamlığının qayğısına qalmaq deyil, daha çox qazanmaq, varlanmaq, öz gəlirlərinin artırılmasını düşünən belələri yalnız şər-böhtan yazan və cızma-qarayla məşğul olan bəzi KİV-lərin imkanlarından yararlanmağa çalışır, klinikaların fəaliyyəti ilə bağlı lisenziyaların verilməsində neqativ halların hələ də mövcudluğundan danışırlar. Məhz belə narazıların bəzi mətbu orqanlarda görülən işləri yalnız qara rəngdə təqdim etməsi bir iş adamı kimi, məni də ciddi narahat etdi. Ona görə həmin insanların diqqətinə müəyyən faktları çatdırmağı vətəndaşlıq borcu saydım.
Azərbaycan səhiyyəsinin son illər qazandığı nailiyyətlərin üzərindən xətt çəkmək olmaz! Dünyanın, eləcə də Avropanın tanınmış tibb müəssisələri ilə müştərək iş quran özəl sektorda da xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulmasına çalışılır. Lakin gizli deyil ki, (nümunəni sahibi olduğum "Atlas" klinikasından göstərəcəyəm ki, fikrim düzgün anlaşılsın) müəyyən özəl tibb müəssisələri var ki, onların fəaliyyəti nəinki günün tələblərinə cavab verə bilməz, heç bir standartlara uyğun deyil. Klinikamızın fəaliyyət və xidmət sahələrini genişləndirmək üçün onun Bakı və Sumqayıt şəhərlərində filiallarını açmaq qərarına gəldik. Sumqayıtda filialın layihələndirilməsindən fəaliyyətə başlamasınadək 8 ay vaxt sərf etdik. Bizə elə gəldi ki, klinikanın fəaliyyəti, əhalinin ora müraciəti, müayinəsi üçün hər çür şərait yaradılıb. Lakin Səhiyyə Nazirliyinin komissiyasının yoxlaması göstərdi ki, əslində, heç də vəziyyət tələb olunan səviyyədə deyilmiş. Filialda mövcud olan qüsurlar yazılı şəkildə bizə bildirildi. Eyni zamanda, lisenziya olmadan bir neçə xəstənin qəbulu ilə əlaqədar 30 min manat cərimə olunduq. Qüsurları aradan qaldırmaq və cəriməni ödəmək üçün bizə qısa bir vaxt verildi. Bu işdə Səhiyyə Nazirliyi haqlı idi, yoxsa haqsız? Mən klinikanın sahibi kimi deyirəm ki, haqlı idi! Əlbəttə, haqsız olsaydı, biz məhkəməyə müraciət edərdik. Səhiyyə Nazirliyinin bu cür davranışında məqsədi nə idi? Bizi boş yerə incitməkmi, özəl sektorun qarşısına çəpər çəkməkmi və ya hər hansı başqa maraqmı? Mən klinikanın sahibi kimi deyirəm: yuxarıda sadalanan səbəblərin heç biri Səhiyyə Nazirliyinin komissiyasının marağında deyildi. Yalnız bir maraq var idi: dövlət standartlarına əməl edib normal klinika açmaq!
Daha bir misal. "Atlas" klinikasının Bakı şəhərinin 20 Yanvar dairəsi ərazisində 200 min manat sərmayə yatırmaqla bir filialını açmışdıq. Səhiyyə Nazirliyinin lisenziyaların verilməsi ilə bağlı təşkil etdiyi komissiya həmin filiala bir neçə dəfə baxış keçirdi. Nəticədə məlum oldu ki, klinika tələbata tam uyğun deyildir. Ona görə də fəaliyyəti üçün lisenziya verməkdən tam və haqlı olaraq imtina etdi.
Burada da itirdiyimiz yalnız klinikanın açılması üçün çəkdiyimiz 200 min manat xərc deyildi. Biz bu haqlı irada və aşkar edilən nöqsanlara nə deyə bilərdik?! Çayxana, yeməkxana, dükanlar arasında olan binada klinika açmaq heç bir cəhətdən doğru deyildi. Odur ki, Səhiyyə Nazirliyinin komissiyası bizə icazə verməməkdə doğru mövqe tuturdu. Əlbəttə, insan sağlamlığının keşiyində dayanan peşəyə digərləri kimi baxmaq olmaz. Yaxud klinika ictimai iaşə müəssisəsi deyil ki, birtəhər uyğunlaşdırıb orada insanlara xidmət göstərəsən.
Yeri gəlmişkən, 5 il öncə haqqında söz açdığım "Atlas" klinikasının cərrahiyyə bölməsini yaratmaq qərarına gəldik. Nazirliklə bu barədə məsləhətləşmələr apardıq və tövsiyələr də aldıq. Lakin ötən müddət ərzində bu işi tam başa çatdıra bilməmişik. Səbəb çox sadədir: biz günün tələblərinə cavab verən və rəqabətə tab gətirə biləcək cərrahiyyə korpusunun yaradılmasına çalışırıq və bu, heç də asan başa gələn deyil!
Sözümün sonunda bəzi işbazlara və onların şər-böhtan dolu fikirlərini qəzet səhifələrinə çıxaran KİV təmsilçilərinədir: səhiyyə sahəsində həyata keçirilən layihələr və tətbiq olunan islahatlar, yuxarıda qeyd etdiyim kimi, vətəndaşlarımızın sağlamlığının təmin olunmasına hesablanan siyasətdir. Bu sahədəki mövcud nöqsanları özümüz görüb, aradan qaldırmalıyıq. Əksinə, tibb sahəsinin mütəxəssisi olmadan, onun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin üstündən xətt çəkib, orada neqativ (mən korrupsiya sözünü işlətmək istəməzdim) hallar axtarmaq heç də xalqımızın sağlamlığına öz töhfəsini vermək demək deyil.
Vətənə və xalqa xidmətin səviyyəsini yüksəltmək borcumuzdur. Səhiyyədə son illər həyata keçirilən islahatlar da bunu tələb edir. Odur ki, bu istiqamətdə aparılan məqsədyönlü işdə Səhiyyə Nazirliyinə qara yaxmaq yox, əksinə, kömək etmək lazımdır!
H.ƏLİYEV,
"Atlas Medical Center" klinikasının təsisçisi
Azərbaycan.-2014.-
28 sentyabr.- S.6.