Azərbaycan Prezidenti İlham Əliyevin
və
Rusiya Prezidenti Vladimir Putinin görüşü
Azərbaycan Prezidenti İlham
Əliyevin Rusiyanın Həştərxan şəhərinə
işgüzar səfəri
Sentyabrın
29-da Həştərxanda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının
Prezidenti Vladimir Putinin görüşü olub.
Rusiya Prezidenti Vladimir PUTİN dedi:
- Çox hörmətli İlham Heydər oğlu.
Çox hörmətli həmkarlar.
Mənə çox xoşdur ki, Xəzəryanı ölkələrin Sammiti çərçivəsində Azərbaycan nümayəndə
heyətinin üzvləri
ilə görüşürəm. Rusiya ilə
Azərbaycan arasında
münasibətlər həmişə
dostluq və etimad xarakteri daşıyıb. Biz çox şadıq ki, münasibətlərimiz
bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə,
o cümlədən ən
həssas sahələrdə.
Dünya
və Rusiya iqtisadiyyatında bəzi problemlərə baxmayaraq,
iqtisadi sahədə də irəliləyiş
var. Biz son vaxtlar əmtəə
dövriyyəsində çox
böyük olmasa da, artım müşahidə edirik -
2 faiz, hər halda bu, artımdır.
Biz həmişə görüşməyə, bütün
ikitərəfli məsələlərimiz
barədə bir daha müzakirə və fikir mübadiləsi
aparmağa şadıq.
***
Azərbaycan Prezidenti İlham
ƏLİYEV dedi:
- Çox sağ
olun, hörmətli
Vladimir Vladimiroviç.
İlk növbədə, Sizi bizim ümumi qənaətimizcə, irəliyə doğru addım olan sammitin uğurla başa çatması münasibətilə təbrik etmək istəyirəm. Sammitdə olduqca vacib qərarlar qəbul edildi. Tərəflərin yaxınlaşması baxımından bu qərarlar Xəzər regionunda sonrakı əməkdaşlıq üçün əhəmiyyətli rol oynayacaq. O ki qaldı bizim ikitərəfli münasibətlərimizə, çox şadam ki, aramızda mütəmadi dialoq davam edir. Biz keçən ay və bu gün görüşdük. Bu, bizim münasibətlərimizin səviyyəsinin göstəricisidir. Bu müddətdə bizim nümayəndə heyətlərinin də qarşılıqlı görüşləri olub. Bizim aramızda bütün istiqamətlər üzrə - iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadıq. Fikirləşirəm ki, bundan sonra da ölkələrimizin münasibətlərində yaxşı məqamları görəcəyik. Bir daha qonaqpərvərliyə görə çox sağ olun.
AzərTAc
Azərbaycan.-2014.- 30 sentyabr.- S.4.