Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Afinada
Azərbaycan
Mədəniyyəti Günləri başlayıb
Sentyabrın
27-də Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Afinada Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində
Yunanıstanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni,
UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis,
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə
görüşüb və birgə nahar edib.
Axşam
beş min tamaşaçı tutumu olan Afinanın qədim məkanlarından
biri- “İrodio” Teatrında Heydər Əliyev Fondunun, Azərbaycanın
Yunanıstandakı səfirliyinin və Yunanıstanın
Marianna Vardinoyannis Fondunun birgə təşkilatçılığı
ilə xeyriyyə konserti keçirilib.
Konsertdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva, UNESCO-nun xoşməramlı
səfiri Marianna Vardinoyannis, Yunanıstanın ictimai-siyasi və
mədəni dairələrinin nüfuzlu şəxsləri,
Afina sakinləri və turistlər iştirak ediblər.
Tədbirin
aparıcısı Heydər Əliyev Fondu və onun prezidenti
Mehriban Əliyevanın fəaliyyəti barədə məlumat
verib. Bildirilib ki, beynəlxalq aləmdə böyük
nüfuza malik olan Fond dünyanın bir çox ölkələrində
müxtəlif sahələrlə bağlı layihələr
həyata keçirir. Mədəniyyət bu layihələr
arasında xüsusi yer tutur. Qeyd olunub ki, tədbirin məqsədi
Yunanıstanda təhsilə dəstək layihəsinə
yardım xarakteri daşıyır. Sonra çıxış
edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman
Mustafayev ölkələrimiz arasında bütün sahələrdə
əlaqələrin inkişaf etdiyini, siyasi münasibətlərin
yüksək səviyyədə olduğunu, mədəni əməkdaşlığın
bu əlaqələrdə xüsusi yer tutduğunu qeyd edib. Səfir
Yunanıstanda ölkəmizlə bağlı dolğun məlumatın
olduğunu deyərək bu tədbirin də Azərbaycanı
daha yaxşı tanıtmaqda mühüm rol
oynayacağını vurğulayıb, bu işə verdiyi dəstəyə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevaya təşəkkürünü bildirib.
Çıxışlardan
sonra konsert olub. Afina tamaşaçılarının
qarşısına Əməkdar İncəsənət Xadimi
Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir
Hacıbəyli adına Dövlət simfonik orkestri və
Dövlət rəqs ansamblı çıxıblar.
Konsert
ölkəmizin həm milli dəyərlərə, həm də
müasir meyllərə eyni dərəcədə hörmətlə
yanaşdığını nümayiş etdirib.
Tamaşaçılar isə bu vəhdəti milli musiqimizin
maraqlı interpretasiyalarında hiss ediblər.
Konsertdə
Azərbaycanın professional musiqi mədəniyyətinin
şifahi irsinin mühüm qismini təşkil etməklə,
xalqımızın mədəni ənənələrində
və tarixində dərin köklərə malik olan muğam
da səslənib.
Azərbaycan
Mədəniyyəti Günləri çərçivəsində
keçirilən bu konsertdə dinləyicilərə
heyranedici sənət nümunələri təqdim olunub.
İqbal Hacıyev
AzərTAc-ın xüsusi müxbiri
Afina
Azərbaycan.-2014.- 30 sentyabr.- S.5.