Yas mərasimi: milli adət-ənənə, yoxsa israfçılıq

 

Mübariz QURBANLI: "Mərasimlərdəki israfçılığın

aradan qaldırılması təşəbbüsü ictimai sifarişdir"

 

Ölkədə yas mərasimlərində israfçılığın aradan qaldırılmasına yönəlmiş müzakirələr cəmiyyət tərəfindən birmənalı müsbət qarşılanır. Çünki dəfn mərasimində, ehsan süfrəsində və qəbir daşlarının hazırlanmasında müşahidə edilən israfçılıq uzun illər az qala "adət-ənənələrin dəyişməz rəmzləri" kimi qarşılanıb. Son dövrlərdə bölgələrdən paytaxta qədər hər yerdə dini maarifləndirmə vasitəsilə kütləvi təşviqat aparılır, bu məsələ ilə bağlı dini hökmlər və müqəddəs kitabın tələbləri əhaliyə çatdırılır. Bu prosesin əsas təşəbbüskarlarından olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin də ölkə boyu vətəndaşlarla keçirdikləri görüşlərin ilkin təəssüratı artıq bu dəyişikliyin məhz ictimai və sosial sifariş olması qənaətini yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz QURBANLI qəzetimizə  müsahibəsində israfçılığa qarşı aparılan mübarizənin üsulları, mahiyyəti, əsas hədəfləri və ilkin nəticələri ilə bağlı fikirlərini bölüşdü.

 

Dövlət-din münasibətləri aydın, şəffaf və uğurludur

 

- Mübariz müəllim, söhbətimizə dövlət-din münasibətlərindən başlayaq. Ümumilikdə, bu sahədə vəziyyət necədir?

- Vəziyyət normaldır və sırf sağlam, mütərəqqi əsaslara, qarşılıqlı etimada söykənir. Dövlət-din münasibətləri qlobal düşüncədə mahiyyətcə nə qədər mürəkkəb təsir bağışlasa da, Azərbaycan nümunəsində bu münasibətlər aydın, şəffaf, konkret və uğurludur. Həmçinin hər üç tərəf - dövlət, cəmiyyət və dini kəsim üçün faydalıdır. Dövlətin bu sahədə həyata keçirdiyi siyasət uzun illərin sınağından uğurla çıxıb və özünün mükəmməlliyini tam təsdiq edib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə çoxsaylı uğurlara imza atdı. Şərqlə Qərbin qovşağında yerləşən dövlətimiz gənc olmasına baxmayaraq dinamik iqtisadi inkişafı, sosial-mədəni aktivliyi ilə dünya birliyinə inteqrasiya etdi, regional və beynəlxalq problemlərin həllinə dair təşəbbüsləri ilə qloballaşan dünyada öz layiqli yerini tutdu. Sevindirici haldır ki, dövlətimizin nailiyyətləri təkcə iqtisadi, siyasi və sosial sahələrlə məhdudlaşmadı. Zəngin tarixi keçmişə malik adət-ənənələrimizin müasir dövrün tələblərinə implementasiyası, mənəvi dəyərlərimizin təbliği, milli özünüdərk hissinin formalaşması ilə bağlı təşəbbüsləri sayəsində uğurların harmoniyasını yarada bildi. Dünya mədəniyyətinin inkişafına öz töhfələrini verdi.

Əlbəttə, tarixi zaman, siyasi, sosial, mədəni transformasiyalar və inkişaf prosesləri bir-biri ilə sıx bağlı fenomenlərdir. Müxtəlif məzmunlu təkamül və dəyişikliklər konkret zaman müddətində baş verir. Daha mühüm məqam odur ki, dövlətçilik tarixində zamanın gedişini dəyişə bilən, onun yeni tarixini yaradan lider həlledici rol oynayır. Hər dövlət dünya tarixində tutduğu yerə görə öz tarixi liderlərinə borcludur. Müasir Azərbaycanın tarixində bu mühüm rolu, şübhəsiz, xalqımızın keçmişini bilən, onun milli-mənəvi irsinin özünəməxsusluğunu qiymətləndirən ümummilli lider Heydər Əliyev oynamışdır. Ulu öndərin digər məsələlərdə olduğu kimi, milli-mənəvi dəyərlərimiz və dövlət-din münasibətləri ilə bağlı fikirləri bu gün də dövlətimizin sosial-mədəni həyatındakı siyasətinin istiqamətini müəyyən edir.

Ümummilli lider dövlət-din münasibətləri ilə bağlı aparılan siyasəti Azərbaycanın adət-ənənələrinə və xalqın zəngin keçmişinə əsaslandırıb, tarixin sınağından keçən milli-mənəvi dəyərlərimizin müasir dövrdə də effektivliyinə diqqət yönəldib. Cəmiyyətdə bərqərar olan tolerantlıq və humanizm mühiti də məhz Heydər Əliyevin müdrik siyasətinin nəticəsi idi. Heydər Əliyevin milli kimliyimizin formalaşmasında mühüm rol oynayan və xalqımızın mənəviyyatını zənginləşdirən İslam dininə münasibəti də özünəməxsus idi. O, İslamın insanpərvər və mütərəqqi din olduğunu vurğulayaraq deyirdi: "Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu İslam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, İslam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daim xoşbəxtlik bəxş edir".

Hazırda ulu öndərin əsasını qoyduğu siyasi kursun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə dövlət dəstəyinin artırılması, adət-ənənələrimizin təbliği, dini və mədəni maarifləndirmə sahəsində mühüm tədbirlər həyata keçilir. Vətəndaşların inanclarına uyğun şəkildə ibadətlərini sərbəst və maneəsiz yerinə yetirmələri, eyni zamanda, tarixi-mədəni abidələrin, ibadət evlərinin tikilməsi və bərpası məqsədilə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artırılır, hüquqi baza təkmilləşdirilir.

Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz tolerantlıq, multikultiralizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanın dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsindəki siyasəti dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görür, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir.

 

Mənəvi-psixoloji və adət-ənənələrlə bağlı məsələlərdə keçid mərhələsinə daxil oluruq

 

- Din və milli adət-ənənələr əslində bir-birini tamamlayan, uzlaşan amillər və vahid mənəvi dəyərlər sisteminin tərkib hissələri kimi qavranılır. Son dövrlərdə elə rəhbərlik etdiyiniz Dövlət Komitəsinin bilavasitə iştirakı ilə ölkədə dini mərasimlərin keçirilməsi ilə bağlı aparılan maarifləndirmə prosesinə də adət-ənənələr kontekstindən yanaşılır. Cəmiyyətdə birmənalı razılıqla qarşılanan və kütləvi dəstəklənən bu prosesi ümumilikdə adət-ənənələrimizdə "keçid dövrü" kimi səciyyələndirə bilərikmi?

- Bəli, bu yanaşma tam düzgündür. Bu prosesdən danışarkən hökmən mühüm faktorları nəzərə almalıyıq. Azərbaycan çox sürətlə inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndərin vaxtından başlayan inkişaf tempini daha yüksək səviyyəyə qaldırmışıq. Azərbaycan bir sıra sahələrdə artıq nümunəvi ölkə kimi tanınır. İnkişaf sürəti adət-ənənələrimizə, milli düşüncə tərzimizə də təsir göstərməkdədir. Biz bu inkişafdan geri qala bilmərik. Sosial sahədə də sürətli dəyişikliyə ehtiyac duyulur. Lakin sosial-iqtisadi cəhətdən keçid dövrünü arxada qoysaq da, mənəvi-psixoloji və adət-ənənələrlə bağlı məsələlərdə keçid mərhələsinə yeni daxil olmuşuq. Təəssüf ki, hələ bu sahələr arasındakı inkişaf tempinin həmahəngliyini təmin edə bilməmişik.

Hər bir millətin özünəməxsus adət-ənənələri var. Millətlərin, xalqların adət-ənənələri onların mənsub olduğu dinlə sıx bağlıdır. Din də milli adət-ənənələrə ən çox təsir göstərən elementlərdən biri sayılır. Milli adət-ənənələrimiz bizim üçün olduqca əhəmiyyətlidir, lakin zaman-zaman milli adət-ənənələrin özündə də müəyyən düzəlişə və redaktələrə ehtiyac yaranır. Təbii ki, bu düzəlişlər dində edilmiş düzəlişlər kimi xarakterizə edilməməlidir. Çünki bunun əslində dinlə, onun təməl prinsipləri ilə heç bir əlaqəsi yoxdur. Əksinə, burada din adından istifadə edilsə də, mərasimlərdəki israfçılıq müqəddəs dəyərlərin özü ilə daban-dabana ziddir.

Ümumbəşəri hadisə olan xeyir-şər mərasimləri hər bir xalqın, millətin həyatında olduğu kimi, bizim adət-ənənələrimizdə də xüsusi yer tutur. Hətta el arasında toylara getməmək qəbahət sayılmasa da, yas mərasimlərində iştirak etmək vacibdir. Zaman-zaman küsülü insanlar belə yası düşən ailəyə başsağlığı verməyə tələsir, əksər hallarda isə küsülülüyə bu mərasimlərdə son qoyulur. Çünki psixoloji olaraq hər kəs belə məqamlarda dünyanın fani olduğu barədə düşünməyə başlayır və küsülülüyün mənasızlığını anlayır.

Yas mərasimlərinin mahiyyəti dünyasını dəyişən şəxsə görə duyulan üzüntünün, kədərin ifadə olunması, tanışların, qohum-qonşuların başsağlığı verməsi, bu çətin anlarda onlara mənəvi dəstək göstərməsi, bir araya gələrək mərhumun yad edilməsi, onun Allah tərəfindən bağışlanması üçün dualar oxunması deməkdir. Hər kəs yaxşı bilir ki, ölüm hər bir insanın qarşılaşacağı həqiqətdir. Sosial statusundan - varlı, kasıb, güclü, zəif - asılı olmayaraq hər kəs onunla mütləq üzləşəcəkdir. Təbii ki, əzizlərimizin yoxluğuna kədərlənib üzülməyimiz, gözyaşı axıtmağımız mərhəmət və sevginin ifadəsidir. Lakin bu cür saf, ülvi, humanist hisslər bu gün mənəm-mənəmlik, şan-şöhrət kimi xoşagəlməz duyğularla qarışdırılır.

Tarix boyu adət-ənənələrimizdə mövcudluğunu qoruyub saxlayan mərasimlər dini müxtəlifliyə görə formasını dəyişsə də, mahiyyətini heç vaxt itirməmişdir. Lakin tədricən İslama zidd olanlar unudulmuş, digərləri isə mövcudluğunu qorumuş və hər dövrdə özünəməxsus çalarlar qazanmışdır. Bu baxımdan vəfat etmiş insana israf və ifratdan uzaq yas saxlamaq həm milli, həm də dini dəyərlərimizdə humanist vəzifə kimi önə çıxmışdır.

Yas mərasimlərində məclisə gələnləri bahalı naz-nemətlərə qonaq etmək, müxtəlif yeməklər hazırlatmaq isə tamam başqa məsələdir. Bunu milli-dini adətimizlə əlaqələndirmək doğru deyil! Çünki adət-ənənələrimizdə bunun əksinə olaraq, vəfat edənin ailəsinə xörək hazırlanıb aparmaq əsrlər boyu mövcud olan insanlıq nümunələrindəndir. Bu, həm də dinimizin tövsiyələrindəndir. Hətta bu ənənəyə ötən əsrin ortalarına kimi respublikamızın, demək olar ki, hər yerində əməl olunurdu. Ancaq təəssüf ki, sonralar unuduldu. İndiki dövrdə isə bu cür mərasimlərin mənəvi yönü arxa plana keçib, daha çox formal xarakter alıb.

 

İsrafçılıq dini savadsızlıqdan irəli gəlir

 

- Yas mərasimlərindəki israfçılığa qarşı aparılan maarifləndirici mübarizədə dinin bu məsələ ilə bağlı hökmləri bəzən müxtəlif təfsirlərlə səslənir, hətta israfçılığı İslamın tələbləri ilə "əsaslandırmağa" çalışanlar da tapılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi bu cür yanaşmalara qarşı hansı arqumentləriniz var?

- Əvvəla qeyd edim ki, bu gün cəmiyyətimizdə yas mərasimlərini mahiyyəti ilə uzlaşmayan tərzdə - təmtəraqla keçirilməsi dəb halını alıb. Qəribəsi də odur ki, israfçılıq və təmtəraq halları həm dəfn mərasimində, həm ehsan süfrəsində, həm də qəbir daşlarının hazırlanmasında müşahidə edilir. Ehsan süfrəsində müxtəlif növ xörəklərin, şirniyyatların və bahalı suların verilməsi, hətta ekzotik meyvələrin düzülməsi artıq adiləşib. Əlbəttə, bu məsələdə əsasən imkanlı şəxslər öndə gedirlər, lakin bir çox hallarda məcburiyyət qarşısında qalan kasıb ailələr də buna yol verirlər. Borc edərək, hətta kredit götürərək, yaxud qiymətli əşyalarını sataraq ehsan süfrəsi açanlar da az deyil! Elə insanlar var ki, dünyasını dəyişmiş əzizinə ehsan süfrəsi açmaq, başdaşı düzəltdirmək üçün böyük məbləğdə borc alır, sonra aylarla, illərlə onu qaytarmaq məcburiyyətində qalır! Dəfələrlə bunların şahidi olmuşuq. Bunun müxtəlif səbəbləri var. Ən əsası odur ki, belə insanlar dini cəhətdən savadsızdırlar, yəni israfçılıq həm də dini savadsızlıqdan irəli gəlir.  Zənn edirlər ki, bu yolla vəfat etmiş doğmalarına dini-mənəvi borclarını qaytarırlar, ya da qohum-qonşusunun qınağından ehtiyatlanırlar.

Doğmasını itirmiş insanlara təskinlik və başsağlığı vermək İslam əxlaqından, mənəvi birlik və qardaşlıq hissinin nişanələrindən hesab edilir. Buna görə də kiməsə bəla, müsibət üz verərsə, müsəlmanlar onu öz dərdi sayar, kədərini bölüşmək üçün başsağlığı verməyə tələsər. Bu, hər bir müsəlmanın mənəvi borcudur. İslam dini yas ədəb-ərkanı ilə bağlı çox mütərəqqi prinsiplər gətirmiş, mərhumun ailəsini çətin vəziyyətə salan heç bir tədarük nəzərdə tutmamışdır.

İslama görə vəfat etmiş insan üçün yalnız dəfn mərasimi keçirilir və müəyyən dini ayinlər icra olunaraq son mənzilə yola salınır. Burada vacib olan bir neçə əməl var: qüsl vermək, kəfənləmək, cənazə namazını qılmaq və dəfn etmək. Bundan başqa şəri ehkamlarda mərhuma yas saxlamağın müddəti ilə bağlı məqamlarla günümüzdə tətbiq edilən adətlər arasında da fərqlilik müşahidə olunur. Dinimizdə yas və yaxud təziyə saxlanılmasının müddəti üç gündür. Dini ədəbiyyatda və qaynaqlarda bununla bağlı kifayət qədər ətraflı məlumat var. Məsələn, Həzrət Məhəmməd (s) qadının yas saxlamasını misal göstərməklə buyurmuşdur: "Allaha və Axirət gününə iman edən qadına ölü üçün üç gündən artıq yas tutmaq halal deyil. Ancaq əri üçün dörd ay on gün yas tutması müstəsnadır".

İlahiyyatçıların fikrincə, qadın əri üçün yas saxladığı müddətdə ətriyyatdan, gözə sürmə çəkməkdən, diqqətçəkən libaslar geyinməkdən, qızıl-zinət əşyaları taxmaqdan çəkinməlidir. Ehtiyac olmadan yas müddəti bitənədək ər evindən çıxmamalıdır. Deməli, dinimiz uzunmüddətli yas saxlamağı yalnız mərhumun həyat yoldaşına şamil etmişdir. Bunun da öz səbəbləri var. Burada qadının hamilə olub-olmamasının aydınlaşması, bundan doğan vərəsəlik və s. dəqiq bilinməsi kimi vacib məsələlər nəzərdə tutulmuşdur. Yerdə qalan qohum-əqrəba üçün yalnız üç günlük müddət müəyyənləşdirilmişdir.

Əgər mərhumun evi hər kəsin rahat şəkildə gəlib başsağlığı verməsi üçün münasib deyilsə, müəyyən geniş yer hazırlanaraq ziyarətçiləri orada qəbul etmək olar. Bunu, hətta Həzrət Peyğəmbər (s) şəxsi təcrübəsində göstərmişdir. Hicrətin beşinci ilində baş vermiş Mutə döyüşündə şəhid olan əmisi oğlu Cəfərin, yaxın səhabələri Zeyd ibn Harisənin və Abdullah bin Rəvahanın təziyəsi üçün üç gün məsciddə gözləmiş, beləcə, ona başsağlığı vermək üçün gələnlərə rahat şərait yaratmışdır.

Məsələnin "ehsan süfrəsi" tərəfinə gəldikdə isə qeyd edilməlidir ki, cənazə hələ evdə ikən, kədər və üzüntülü halda nəinki yemək hazırlanmalı, hətta ziyarətçilərə süfrə də açılmamalıdır. Çünki cənazəni torpağa tapşırmadan süfrə açmaq qəbahət iş sayılır. Dinimiz əslində yaxın qonşuların mərhumun ailəsi üçün tədarük görmələrini, yemək hazırlayıb göndərmələrini buyurur. Bu şəkildə qonşuluq haqqı ödənərək, mərhumun ailəsinin dərdinə şərik çıxmaq məqbul sayılır. İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) hədisində də məhz bu cür göstərilmişdir.

 

Qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına ciddi ehtiyac var

 

- Görünən odur ki, ümumilikdə cəmiyyətdə ehsan anlayışının mahiyyəti barədə düzgün məlumat yoxdur...

- Bəli, problemin kökü burdan başlayır. "Ehsan" sözünün lüğətdəki mənası "yaxşılıq etmək" deməkdir. "Həsanat" sözünün mənası isə yaxşılıq etmək üçün nəyi isə verməkdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu sözlə heç də ancaq yemək nəzərdə tutulmur. Lakin yas mərasimlərinin zaman-zaman dəyişən bu anlamı günümüzdə yalnız "ehsan süfrəsi" - yemək məfhumu ilə məhdudlaşıb. Ehsan süfrəsində də məqsəd xeyir iş görüb savab qazanmaqla, mərhuma "rəhmət" oxutdurmaq, axirətinin yaxşı olması üçün dua etməkdir. Bu məsələdə hədər yerə, israfa yol verməklə vəsaitin xərclənməsi dinimizlə daban-dabana ziddir. Çünki bayaq qeyd etdiyim kimi, İslamda "ehsan" yalnız süfrə açmaq anlamına gəlmir. Bu mərhumun ruhu naminə görülən bütün xeyir əməlləri ehtiva edir. Görülən xeyir əməldə israfa varmaq isə bəyənilməyən işdir. Müqəddəs Kitabımızda bununla bağlı buyurulur: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (əl-İsra, 29). Başqa bir ayədə isə buyurulur: "Yeyin-için, ancaq israf etməyin, çünki (Allah) israf edənləri sevməz" (əl-Əraf, 31).

Məsələnin başqa tərəfi isə bu kimi ehsan süfrələrinin mahiyyətinin nə dərəcədə dinimizə uyğun olması ilə bağlıdır. İlahiyyatçılara görə, ümumiyyətlə, yaxını vəfat etmiş insanın yanında xörək yemək cahillik əlamətidir. Bu barədə İmam Sadiqdən gələn hədisdə qeyd edilir ki, "Müsibətə düçar olanların qarşısında xörək yemək cahiliyyə adətidir. İslami qayda isə Peyğəmbərin Cəfər ibn Əbu Talibin məsələsində buyurduğu kimi onların yeməyini başqalarının hazırlamasıdır".

Göründüyü kimi, dinimizdə vəfat etmiş şəxsin ailəsinə başqaları tərəfindən yemək bişirilib gətirilməsi buyurulur. Amma hazırda bu qaydaya nəinki riayət olunur, əksinə, onsuz da psixoloji durumu sarsılmış, öz müsibətinə ağlayan və özünə belə yemək bişirmək iqtidarında olmayan insanlar yüzlərlə insanı yedirtmək barədə düşünməyə vadar edilir. Görünür bəziləri ehsan anlayışını o qədər də yaxşı mənimsəməyiblər. Ümumiyyətlə, yemək insanın yaddaşında qalmayan elementlərindən biridir. İnsanın yaddaşında yeməkdən çox, yaxşılıq qalar. Məsələn, imkansız bir tələbənin təhsil haqqının ödənilməsi həyatın sonuna qədər yaddaşlardan silinməyəcək yaxşılıqdır. Yaxud hansısa xəstənin müalicəsini kimsə maliyyələşdirirsə, xəstə heç vaxt onu unutmur. Və yaxud kimsə haradasa bulaq tiksə, ağac əksə və s. insanlar onu həmişə xatırlayar. Amma yeməyi heç kim xatırlamaz. Ona görə də yemək ehsan deyil, gündəlik tələbatdır. Ehsan isə insan yaddaşına hopmalı olan xeyirxah əməldir. Bu baxımdan ehsan anlayışını düzgün qavramaq, tətbiq etmək lazımdır. Kimsə təkcə yeməyi ehsan hesab edirsə, deməli, həmin şəxs dinimizdəki ehsan anlayışını kifayət qədər mənimsəməmişdir.

Azərbaycanın bir tərəfindən o biri tərəfinə ən uzağı 5 saata getmək olur. Bəziləri deyir ki, qonağım gəlib, bəs ona nə verməliyəm? Qonaq 3 saat yol gəlib. Vacibdir ki, 3 saatdan sonra yemək yesin? Əgər onun mərasimə getməyi vacib idisə, bir parça halva ilə bir stəkan çay içib geri dönsə, onun orada yemək yeyərək zaman itirməyinə ehtiyac qalarmı?

İnsanın ən əzizləri təbii ki, ailə üzvləridir. Odur ki, yası düşmüş yaxın qohumların bir araya gəlib öz kədərlərini ifadə edərkən gün ərzində orada israfa yol vermədən yemək tələbatını ödəmələri normal haldır. Amma mindən çox adam hər hansı tanınmış şəxsin yasına gəlirsə, onu ev sahibi necə qarşılasın? Ailə üçün qonaqları yerləşdirmək, onlara diqqət yetirmək problem yaradır. Və yaxud rayonda birisi vəfat edir. Onun yaxınları gəlib şəhərdə yenə çadır quraraq başsağlığı qəbul edir. Halbuki, artıq telefon vasitəsilə başsağlığını qəbul edib, belə halda təkrar başsağlığı verməyə ehtiyac varmı? Dərdə şərik olmağın ən böyüyü kiməsə əziyyət verməməkdir. Belə məqamlarda yas sahibinə əziyyət verməklə dərdinin üstünə dərd gətirmək rəvadırmı?

- Yas mərasimlərində elə ehsan süfrəsindəki israfçılıqdan da az olmayan digər problem var: dəfn və qəbir daşları. Bu məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hansı təşəbbüsləri olacaq?

- Qeyd etdiyiniz problem israfçılıq silsiləsində həqiqətən də ən ağrılı yerlərdən birinə çevrilib. Qəbir daşları məsələsi olduqca acınacaqlıdır. Bəzən elə hallar olur ki, qəbir daşlarının qiyməti bir neçə min manatla ölçülür. Bu ənənə də son 50-60 ildə meydana gəlib. Günümüzdə istənilən qəbiristana gedib bunun şahidi olmaq mümkündür. İlahiyyatçılarımız da yəqin bu fikri təsdiq edərlər ki, İslam dininə görə, müəyyən dövr keçdikdən sonra qəbir yerləri itməlidir. Amma bu tendensiya davam edərsə, Abşeron yarımadası bir müddətdən sonra bütünlükdə məzarlığı xatırladacaq, qəbiristanlar isə özü-özlüyündə panteona çevriləcək.

Görünən odur ki, Azərbaycanda qəbir daşları ilə bağlı nizam-intizam yaradılmasına da ciddi ehtiyac var. Bahalı qəbir daşları ilə bağlı məsələnin qanunla, yaxud qaydalar formasında tənzimlənməsi zəruriləşib. Bu, təkcə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işi deyil, problem müvafiq dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də yaxından yardımı ilə həll olunmalıdır. İstənilən sivil ölkədə qəbiristanlarla bağlı məsələlər konkret müəyyən edilmiş qaydalarla tənzimlənir. Məsələn, qəbirlərin düzülüşü, onların ölçüləri konkret qaydalar əsasında aparılır. Bu qaydalara əsasən, qəbirlər bir-birindən kəskin fərqlənməməlidir.

Hazırda bizdə də belə layihə üzərində iş gedir. Qəbiristanların yaradılması, onların idarə olunması, dəfn və məzarların qeydiyyatı məsələləri, eləcə də qəbir daşlarının eyni ölçüdə və formada hazırlanması qaydalarla tənzimlənməlidir. Belə olan halda heç kim bahalı məzar daşları, heykəllər qoya bilməyəcək. Qəbir daşları vəfat etmiş insanın sosial statusunu, varlı, yaxud kasıb olmasını müəyyənləşdirən meyara çevrilməməlidir. Bütün məzarlar standart ölçüdə olmalıdır. Heç kəs qəbiristanlarda əlavə yerləri hasara alıb zəbt etməməlidir. Məzar yerləri sıra şəklində qeydiyyat nömrələrinin ardıcıllığına uyğun olaraq ayrılmalıdır. Düşünürəm ki, bu qanun qəbul ediləndən sonra biz məsələni nizamlaya bilərik. Lakin qanunların geriyə tətbiqi mümkün olmadığına görə, bu qaydalar yalnız yeni salınan məzarlıqlara və yaxud mövcud qəbiristanlardakı boş yerlərə şamil oluna biləcək.

 

Mərasimlərin mənəvi yükü artırılmalıdır

 

- Sizcə, bu dəyişikliklər mərasimlərin ümumilkdə mənəvi yükünün artırılmasına səbəb olacaqmı?

- Əlbəttə ki, olmalıdır. Elə əsas məqsədimiz, məramımız da budur. Bütün cəmiyyət üçün bu məsələ vətəndaş prioritetinə çevrilməlidir. İctimai qınaq formalaşmalıdır. Yeri gəlmişkən, bir problemə də toxunum. İctimai qınağın da mənfi yönləri olur. Bəzən ictimai qınaqdan çəkinərək müsbət əməllər görməyə çalışsaq da, bunun əksinin də şahidi oluruq. Bu gün təmtəraqlı yas mərasimləri keçirən insanlar bu mənfi yönümlü "ictimai qınağı" əsas gətirməyə çalışırlar. Bir çoxu "ölüsünə layiqincə mərasim keçirmədi, adına layiq ehsan vermədi" deyilməsindən çəkindikləri üçün təmtəraqlı mərasimlər təşkil etdiklərini söyləyirlər. Lakin təəssüf ki, nəticədə milli-mənəvi, o cümlədən dini dəyərlərimizə uyğun gəlməyən məclislərin təşkilinə səbəbkar olurlar.

Birmənalı olaraq qeyd edilməlidir ki, söhbət yalnız israfçılığın qarşısının alınmasından gedir. Mərasimlərin mənəvi yükü artırılmalıdır. Bura toplanan insanlar məişət söhbətləri deyil, Allahın kəlamını dinləməlidirlər. Bunun üçün də bələdiyyələrin, dini ibadət yerlərinin nəzdində, yaxud əhalinin sıx yaşadığı yerlərdə mərasim zallarının inşası da zəruridir.

- Cəmiyyətdə bu sahədə izahat işinin aparılması ilə bağlı nə kimi tövsiyələriniz var?

- Hesab edirəm ki, hər kəs bu sahədə fəal olmalı, mövqeyini bildirməli, ətrafında bu barədə maarifləndirici iş aparmalıdır. Unutmayaq ki, cəmiyyətdə böyük maddi xərc tələb edən ehsan süfrələrinə qarşı geniş izahat işi aparmaq, ifratçılığın tədricən aradan qaldırılmasına çalışmaq çox vacib məsələdir. Bu, vətəndaşlıq vəzifəsidir. İnsanların artıq həyat tərzinə çevrilmiş bu "adəti", təbii ki, birdən-birə aradan qaldırmaq çətindir, amma mümkündür. Ümumiyyətlə, başa salmalıyıq ki, süfrəyə qoyulan nemətlər doydurmaq məqsədi daşımamalıdır. Yası düşmüş insanların yaxınları ilə başsağlığına gəlmiş qonaqların bir masa ətrafında əyləşib dərdlərini bölüşdükləri zaman süfrəyə qoyulmuş yüngül təamlardan dadması, bir qaşıq halva ilə çay içməsi kifayət edə bilər. Bişirilməsi nəzərdə tutulan yeməkləri isə qocalar evinə, yetim və kimsəsizlərə vermək daha doğru olar. Həm də nə vaxta qədər biz ehsanı yalnız "yemək" kimi başa düşəcəyik?!

Adətən dindən xəbərsiz insanlar belə düşünür ki, əgər yemək vermirsə, demək ölüsünə hörmət qoymur. Belələri ehsan vermək istəyirsə, daha xeyirxah iş görsün. Yüzlərlə insanın toplaşdığı o məclislərdə nə qədər yemək artıq qalır. Əgər bu ehsan sayılırsa, yeyilməyən yeməklərin axırının nə olduğunu düşünmək lazımdır. Ehsan atıla bilərmi? O, axıra qədər yeyilməli idi. Deməli, o qədər olmalı idi ki, yeyilib qurtarsın.

Həm də bu təkcə müsəlmanlara deyil, eyni zamanda, bütün dinlərin nümayəndələrinə aiddir. Bütün səmavi dinlər, o cümlədən digərləri də israfın əleyhinədir. Başqa din mənsublarının da yas mərasimlərində bəzən israfçılığa rast gəlmək mümkündür. Müqəddəs Kitabda israf barəsində buyurulur: "Camaat yeyib doyandan sonra İsa şagirdlərinə dedi: "Artıq qalan tikələri yığın ki, heç nə zay olmasın" (Yəhya 6:12)

Yas məclislərində israfçılıqla xərclənən vəsaiti ehtiyacı olan kasıb, yetim uşaqların təhsilinə yönəltsək, bölgələrdə təmirə ehtiyacı olan yollara, xəstəxanalara, məktəblərə sərf etsək və digər bu kimi ictimai işlərə istiqamətləndirsək, mənəvi rahatlıq tapmağımızla yanaşı, ölkəmizin də inkişafına kömək etmiş olarıq. Üstəlik, bəlkə də, mərhuma ehsan süfrəsinin savabından daha artıq rəhmət qazandırarıq.

Bu, çox ciddi məsələdir. Bu məsələdə cəmiyyətimizdə söz sahibi olan hər kəs öz mövqeyini bildirməlidir. Qısa müddətdə həll olunması, bəlkə, mümkün deyil! Amma bu istiqamətdə ictimai müzakirələrin aparılması, el ağsaqqallarının, din xadimlərinin tövsiyələrinin dinlənilməsi də vacibdir. Məsuliyyətin böyük hissəsi isə din xadimlərinin üzərinə düşür! Çünki məhz onlar yeri düşdükcə ictimaiyyət arasında təbliğat aparmaqla ziyafət masasına çevrilmiş yas məclislərinin dindən uzaq olduğunu izah etməli, sadə təşkil olunan yas məclisini qınaq obyektinə çevirənlərin dini baxımdan hətta günah işlədiklərini açıqlamalı, borc xərclə verilən ehsanın mərhumun ruhuna heç bir savab qazandırmadığını açıq şəkildə deməlidirlər.

 

Problemin aradan qaldırılması üçün inzibati metoda və qanuna ehtiyac yoxdur

 

- Bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin dəstəyini necə qiymətləndirirsiniz?

- Bu dəstək var və mən onu yüksək dəyərləndirirəm. Qeyd edim ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələdə öz mövqeyini hələ bir neçə il bundan öncə bildirib, hədsiz israfçılığın əleyhinə fətva verib. Hörmətli Şeyxülislam həzrətləri dəfələrlə bu barədə öz fikirlərini bəyan edib. Bu gün din xadimlərimiz bu işdə təşviqata qoşulub və yerlərdə lazımi izahat işləri aparılır. Bir sözlə, birgə əməkdaşlıq və qarşılıqlı etimad şəraitində bu işlə məşğuluq.

- Yas mərasimlərində israfçılıq hallarının qarşısını almaq üçün inzibati metodlara, yaxud qanunun müdaxiləsinə ehtiyac varmı?

- Xeyr, heç bir ehtiyac yoxdur! Problemin aradan qaldırılması üçün inzibati metodlardan istifadə etmək doğru deyil! Yas mərasimlərində israfçılıq hallarının qarşısını almaq üçün hansısa qanuna da ehtiyac yoxdur. Hər şey könüllü əsasda, dinin hökmlərindən kənara çıxmadan baş verməlidir. Biz nə tövsiyə edirik? Deyirik ki, yas mərasimlərimiz bu gün müəyyən olunmuş və hamılıqla qəbul edilən qaydalar əsasında təşkil olunsun. Vəfat edən insanın ruhuna hörmət əlaməti olaraq Qurani-Kərimdən irəli gələn bəzi vəzifələr icra olunsun. Məhəmməd peyğəmbərin (s) özünün sağlığında müəyyən etdiyi və söylədiyi fikirlər bütün müsəlman aləminə bəllidir  və onlar tətbiq olunsun. Hesab edirəm ki, bu sahədə inzibati təsir yoxdur və gələcəkdə də olmayacaq.

- Azərbaycanın müxtəlif bölgələrində insanlarda, o cümlədən dini təbəqənin təmsilçiləri ilə görüşləriniz davamlı hal alıb. Vətəndaşların bu təşəbbüslərə münasibəti Sizi qane edirmi?

- Bəli, qane edir. Bu gün bu işə hamı birmənalı dəstək verir. Mərasimlərdəki israfçılığın aradan qaldırılması təşəbbüsü dövlət tərəfindən gəlsə də, əslində, ictimai sifarişdir.

Mən, eyni zamanda, ziyalılarla, alimlərlə, ictimai-siyasi xadimlərlə, sadə vətəndaşlarla, bir sözlə, cəmiyyətin bütün təbəqəsinin təmsilçiləri ilə mütəmadi görüşür, bu barədə fikir mübadiləsi aparır, onların rəyini soruşur, öz məqsədlərimizi izah edirəm. Sevindirici haldır ki, tövsiyəmiz əhalinin mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanır. Dini icmalar, ziyalılar, sıravi vətəndaşlar bizimlə həmrəylik nümayiş etdirir. Onlar da israfçılığın əleyhinədir. Artıq bu ideya yerlərdə kütləvi şəkildə gerçəkləşdirilməkdədir. Günümüzün tələblərinə cavab verməyən və tarixi milli-mənəvi dəyərlərimizlə uzlaşmayan adətlərə tabu kimi, toxunulmaz amil tək baxmaq lazım deyil! Həmin adətlər zamanın tələbinə uyğun dəyişməli, insanları əziyyətə salmayacaq məcraya yönləndirilməlidir!

Bu gün müdrik Azərbaycan xalqının üzərinə tarixi bir missiya düşür. Hesab edirəm ki, yas mərasimlərində israfçılıq və digər məsələləri insanlara zamanında izah edə-edə təkamül yolu ilə həll edə biləcəyik.

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2014.- 30 sentyabr.- S.8.