Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə vətəndaşları qəbul edib

 

Sentyabrın 29-da Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Gəncə şəhərindən, Göygöl, Samux, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhərindəki əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında keçirilən qəbulda müraciətlər əsasən ayrı-ayrı təminat növləri, minik avtomobilləri və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa və müalicəsi kimi məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında əlilliyin təyinatı və ünvanlı sosial yardımla bağlı məsələlər azlıq təşkil edib.

Nazir Səlim Müslümov qəbula gələnləri diqqətlə dinləyərək müraciətlərdə əksini tapan məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun şəkildə tədbirlər görülməsi barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıq verib.

Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşların diqqətinə çatdırılıb ki, bununla bağlı onlar Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq tibbi göstərişini almalıdırlar.

Qəbulda nazir Səlim Müslümov vətəndaşların müraciətlərinə əsasən, müxtəlif əlilliyi olan şəxslərin, həmçinin tənha ahıl vətəndaşların sosial xidmətlərlə, ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin edilməsi və ya nazirliyin bərpa-müalicə müəssisələrinə göndərilməsi, bir sıra şəxslərin ailələrinin ünvanlı yardım almaq hüququna baxılması barədə də göstəriş verib.

Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət edən şəxslərin bir qisminin özlərinin və ya ailə üzvlərinin işlə təmin olunması məsələləri elə yerindəcə həll edilib. Bununla bağlı müraciət edən digər şəxslərin də qısa vaxt ərzində məşğulluqlarının təmin olunmasına kömək göstərilməsi barədə tapşırıq verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

 

Azərbaycan.-2014.- 30 sentyabr.- S.9.