Bakı Müasir İncəsənət Muzeyində Rəşad

 BabayevinAda” adlı fərdi sərgisi açılıb

 

Bakı Müasir İncəsənət Muzeyində rəssam Rəşad Babayevin “Ada” adlı fərdi sərgisi açılıb.

AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi, Bakı Müasir İncəsənət Muzeyinin kuratorial direktoru Aida Mahmudova uzun yay fasiləsindən sonra payız mövsümünün Rəşad Babayevin əsərləri ilə açıldığını bildirib.

Diqqətə çatdırıb ki, Rəşad Babayev gənc rəssam olsa da, onun əsərləri dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib. O, həmçinin ötən il Venesiya Biennalesində Azərbaycan pavilyonunda “YARAT”ı təmsil edib.

Aida Mahmudova qeyd edib ki, Rəşad Babayevin yaradıcılığı daha çox abstrakt xarakterdədir. Lakin onun çox işlərində abstraksionizm və fiqurativ arasında paralel və balansı görmək olar. İki sözlə onu xarakterizə edərək deyə bilərəm ki, Rəşad Babayev çox həssas rəssamdır. O, bir insan və rəssam kimi hər şeyi çox həssaslıqla duyur.

Sonra çıxış edən Rəşad Babayev sərginin təşkilinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə rəssamın 30-dək işi və 3 instalyasiyası nümayiş etdirilir.

Rəşad Babayev mənsub olduğu nəslin zəngin yaradıcılıq irsi ilə əlaqəni saxlamaqla yanaşı, eyni zamanda, yaşlı nəsillə birgə müasir Azərbaycan incəsənətinin inkişafı naminə çalışır. Onun incə və bir qədər də sirli yaradıcılığı birbaşa danışmağı sevmir. Qeyri-fiqurativ incəsənət dilinə malik olan və məişət təfərrüatlarına böyük əhəmiyyət vermədən rəssam tamın intuitiv anlamasına cəhd edir, onun əsərləri isə zamansızlığı, qəribə qeyri-maddiliyison dərəcə sadəliyi ilə fərqlənir. Rəşad Babayev öz şəxsi reallığını yaradaraq və xəyallar dünyasına müraciət edərək fikirlərə formaenerji verir. Bu da rəssamın fərdi sərgisində onun əsərlərini ayrı-ayrılıqda qiymətləndirmək üçün tamaşaçıya imkan yaradır.

MetaforikAda” adı altında keçirilən sərgi, tamaşaçını sanki dzen dünyasının mistisizminə salır. Sanki Rəşad Babayev öz əsərlərində daim əbədiyyətlə təmasda olur.

Rəşad Babayev 1979-cu il noyabrın 22-də Xaçmaz rayonunda anadan olub. Amerika Universitetinin Beynəlxalq və Bakı Dövlət Universitetinin hüquq fakültələrində təhsil alıb. 2000-ci ildən rəssamlığa başlayıb və ilk fərdi sərgisi 2004-cü ildə keçirilib.

O, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2005-ci ildən etibarən London, Paris, Berlin, Romada keçirilən bir çox beynəlxalq sərgilərdə iştirak edib.

Əsərləri Bakı Müasir İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır. 2012-ci ildən ssenarilər yazır və 2013-cü ildə Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının promo diplomuna layiq görülüb.

Rəşad Babayevin Bakı Müasir İncəsənət Muzeyində fərdi sərgisi oktyabrın 27-dək davam edəcək.

 

Azərbaycan.-2014.- 30 sentyabr.- S.11.