Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı
Azərbaycan Prezidenti İlham
Əliyevin
və Türkiyə Prezidenti Rəcəb
Tayyib
Ərdoğanın mətbuata birgə bəyanatı
- Bəli, mən də çox təşəkkür
edirəm. Avqustun 28-də inauqurasiya mərasimindən dərhal
sonra, növbəti həftədə Azərbaycana etdiyim bu səfər
çərçivəsində hörmətli qardaşım
İlham Əliyev ilə istər təkbətək, istərsə
də geniş tərkibdə görüşlərimizdə
iqtisadi, ticari, mədəniyyət, təhsil və xarici siyasətlə
əlaqədar məsələləri geniş şəkildə
dəyərləndirmə imkanımız oldu. Təbii ki,
xarici siyasətdə qardaşlığımızın zirvəsi
olan ən mühüm məsələ Dağlıq
Qarabağ münaqişəsidir. Bu məsələni yenə
də hər zaman olduğu kimi, gündəliyimizin ən
mühüm maddəsi olaraq müzakirə etdik, dəyərləndirdik.
Bu məsələ ilə bağlı bundan sonra
atacağımız addımları yenə aramızda eyni
şəkildə həm təkbətək, həm geniş tərkibdə
keçirilən görüşlərdə müzakirə
etdik.
Təbii ki, müzakirə etdiyimiz digər
mühüm həssas məsələ enerji məsələsidir.
Əlbəttə ki, enerji sahəsi ilə əlaqədar
olaraq TANAP çox böyük əhəmiyyət kəsb
edir. Türkiyədən Avropaya gedəcək bu enerji xətti
xüsusilə çox böyük əhəmiyyətə
malikdir. Bu, Azərbaycanın enerji sektorunda gücünü
ortaya qoyması baxımından xüsusilə çox
mühümdür. Bunu bir sülh xətti olması
baxımından çox mühüm bir sərmayə olaraq
görürəm. Bunun üçün də bu həmrəyliyimizin
artıq son mərhələsinə gəldik. İnşallah,
bu ayın 20-də təməlqoyma mərasimi keçiriləcəkdir.
Yüksək səviyyəli rəsmilərin də iştirak
edəcəyi təməlqoyma mərasimi ilə birlikdə bu
addım atılacaqdır. İnşallah, qurğular da işə
başlayacaq. Türkiyədə və Azərbaycanda
görülməli işlərin böyük hissəsi
tamamlanıb. Bununla bərabər, artıq proses sürətlənərək,
inşallah, davam edəcək. Təbii ki, bu həmrəyliyimizin
ardından müvafiq sektorlarda - həm inşaat, həm boru sənayesi
sahələrində canlanma meydana gələcək.
Azərbaycanın xüsusilə son illərdəki
dinamik inkişafı, Azərbaycandakı infrastrukturun
inkişafı həqiqətən dünyanın da
heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli
qardaşımın və komandasının iradəsinin həqiqətən
çox böyük rolu var. Mən də istər on bir illik
Baş nazirliyim müddətində, istərsə də bundan
sonra, həmin gündən bu günə Azərbaycanın
haradan haraya gəldiyini görməkdən məmnunam.
Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də
xüsusilə məmnun edir. Əminəm ki, qardaşların
güc qazanması gələcəyə nikbin
baxmağımıza da inamı artırır. Ticarət sahəsində
atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz
var. İnşallah, bu hədəflərə də
çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz
var və inşallah, bu hədəfə də
çatacağıq. Hər iki tərəfdə bu iradənin
olduğunu görürük, bilirik. Bu məsələdə
heç bir tərəddüdümüz yoxdur.
Təbii
ki, indi buradan NATO zirvəsinə gedəcəyik. NATO zirvəsində də, xüsusilə bu zirvə ilə bağlı keçmişdən
bu günədək keçirilən bütün
tədbirlərdə Azərbaycana
verilmiş sözlər
vardır. Bu sözləri təbii ki, orada da
diqqətə çatdıracağıq.
Bir qədər əvvəl digər ölkələrə
verilən sözlər
necə yerinə yetirilirsə, Azərbaycana
verilən sözlərin
də yerinə yetirilməsini orada da əlaqədar ölkələrdən istəyəcəyik.
Bu, artıq bir
ianə və bir lütf deyil,
bir haqdır. Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə də
qətiyyətimizi xüsusilə
ifadə edəcəyik.
Azərbaycan
ilə əməkdaşlıq
edəcəyimiz bir çox sahələr vardır. Təbii ki,
bu sahələrin sayı çoxdur. Bu məsələləri təkbətək və geniş tərkibdə görüşlərimizdə müzakirə
etdik. Arzu edirəm ki,
bu qardaşlığımız
güclənərək həmrəylik
içərisində gələcəyə
doğru irəliləsin.
Biz bunu bilirik-
bir millət, iki dövlət. Bu, təbii ki,
Ulu Öndərimizin bu günə bir mirasıdır. Bunun da eyni şəkildə
davam etməsi lazımdır. Qoy bu birliyimiz bundan sonra da eyni
qətiyyətlə davam
etsin. Təşəkkür
edirəm.
AzərTAc
Azərbaycan.- 2014.- 4 sentyabr.- S.2.