Prezident Administrasiyası rəhbərinin
sərəncamı ilə «20 Yanvar faciəsinin
iyirmi dördüncü
ildönümünün keçirilməsi
ilə bağlı tədbirlər planı» təsdiq edilmişdir
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilmişdir.
Sənəddə respublikanın bütün şəhər və rayonlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkil olunması, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin mətbuatda geniş işıqlandırılması, faciənin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər planına əsasən, 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində lazımi işlər aparılacaq, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaqdır.
Bundan
başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın
20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili,
saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər,
avtomobillər və qatarlar vasitəsilə səs
siqnallarının verilməsi, gün ərzində Şəhidlər
xiyabanında matəm musiqisinin səsləndirilməsi,
respublikanın şəhər və rayonlarında, kənd və
qəsəbələrində matəm əlaməti olaraq və
faciə qurbanlarının xatirəsini yad etmək məqsədi
ilə dövlət bayraqlarının endirilməsi və digər
tədbirlər nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.-2014.- 8 yanvar.- S.1.