Bakı Sağlamlıq Mərkəzi
istifadəyə verilmişdir
Prezident İlham
Əliyev açılışda iştirak
etmişdir
Yanvarın
7-də paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi
olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə
verilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva açılışda
iştirak etmişlər.
Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilmişdir. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 dövlət proqramı qəbul olunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanmışdır. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılmışdır. Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlamışdır. Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70 faizi regionların payına düşür. Bundan əlavə, son illərdə ölkədə tibb kadrlarının hazırlanması, tibbi təhsil və tibb elminin inkişafı sahəsində də ciddi uğurlara nail olunmuşdur.
Bakı Sağlamlıq Mərkəzində yaradılan şərait bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca sosial sahəyə daha çox diqqət göstərilir və bu proses davamlı xarakter almışdır. Təsadüfi deyildir ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur. 2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə dağ-xizək kompleksinin, daha sonra Bakı Sağlamlıq Mərkəzinin açılması Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli sərəncamı əsasında inşa olunmuşdur. Dövlət başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.
Qeyd edildi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunmuşdur. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaqdır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.
Dövlət başçısı və xanımı Sağlamlıq Mərkəzinin ayrı-ayrı şöbələrində yaradılan şərait və müasir tibbi avadanlıqla tanış oldular.
Bildirildi ki, mərkəzdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi üçün ən yüksək şərait yaradılmışdır.
Prezident
İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə
tanışlıqdan sonra həkim kollektivi ilə
görüşdü.
Tibb işçilərini salamlayan
Prezident İlham
ƏLİYEV dedi:
- Sizi Bakı Sağlamlıq Mərkəzinin
açılışı münasibətilə ürəkdən
təbrik edirəm. Gözəl mərkəzdir,
müstəqillik dövründə
tikilmiş ən böyük tibb müəssisəsidir. 550 çarpayılıq mərkəzdə
bütün lazımi
şərait yaradılıbdır.
Bu, ən böyük
mərkəzdir. Burada bir
neçə şöbə
fəaliyyət göstərir.
Bütün əsas şöbələr
vardır. Müasir avadanlıq
quraşdırılıbdır. Yəni burada yüksək tibbi xidmət göstərmək üçün
bütün imkanlar vardır. Əminəm ki, burada çalışan həkimlər
də xəstələrə
qayğı və diqqətlə yanaşacaqlar.
Bu mərkəzin tikintisi
əlamətdar hadisədir. Son illərdə Azərbaycanda
səhiyyə sahəsinin
inkişafı ilə
bağlı böyük
işlər görülmüşdür.
Bütün rayonlarda müasir
xəstəxanalar, diaqnostika
mərkəzləri tikilmişdir.
Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır
ki, bu gün
Azərbaycan vətəndaşlarına
xidmət göstərir.
Belə mərkəzlərin yaradılması
Azərbaycanda sosial sahəyə göstərilən
diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial
sahəyə diqqət
daha da böyük
olsun.
Əlbəttə ki, sosial sahənin
əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir. Azərbaycanda səhiyyə sahəsində
aparılan islahatlar statistik göstəricilərdə
də özünü
əks etdirir. Çünki ana ölümü,
uşaq ölümü
kəskin dərəcədə
aşağı düşmüşdür.
Dünya
Səhiyyə Təşkilatı
Azərbaycanda aparılan
islahatları təqdirlə
qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə
və xüsusilə Bakıda müasir tibb müəssisələrinin yaradılması
geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində
də təmir-bərpa
işləri aparılacaq
və gözəl şərait yaradılacaqdır.
Bir daha qeyd etmək istəyirəm ki, son illərdə belə mərkəzlərin tikintisinə
nadir hallarda rast gəlmək olar. Çünki dünyada hələ ki, iqtisadi böhran
davam edir, bəzi ölkələrin
iqtisadi vəziyyəti
o qədər də yaxşı deyildir. Deyə bilərəm ki, belə böyük xəstəxanaların tikintisi
hazırda dünyada çox nadir hallarda mümkündür.
Ancaq belə
mərkəzlər Azərbaycanda
tikilir və tikiləcəkdir. Mən yaxşı xatırlayıram
ki, biz bu yerdə təməl daşını qoyduq.
O vaxt bura, demək olar ki, boş ərazi
idi. İki il yarım
ərzində gözəl
mərkəz tikilmişdir.
Əminəm ki, bu mərkəzdə
vətəndaşlara yüksək
xidmət göstəriləcəkdir. Əlbəttə
ki, bu, həkimlər
üçün də
yeni iş yerlərinin açılması
deməkdir. Əminəm ki, burada işləmək də hər bir həkim
üçün xoş
olacaqdır. Çünki
burada olan şərait dünyanın
ən yüksək
standartlarına uyğundur.
Bu gün Azərbaycan
səhiyyə sahəsində,
xüsusilə, avadanlıq,
təchizat və tikinti işlərində öz standartlarını da təqdim edir.
Ancaq əlbəttə
ki, səhiyyə sisteminin əsas göstəricisi həkimlərin
peşəkarlığıdır. Hesab edirəm
ki, bu istiqamətdə
hələ görüləsi
işlər çoxdur.
Həm təhsillə, həm həkimlərin təkmilləşdirilməsi
ilə bağlı hələ görüləsi
işlər çoxdur.
Ümid edirəm ki, bizim bütün həkimlərimiz dünyada
bu gün səhiyyə sahəsində
gedən yenilikləri
izləyəcəklər. Azərbaycanda ən mütərəqqi
metodlar tətbiq ediləcəkdir. Bax, peşəkarlıq
da bu şəraitə
uyğun olmalıdır.
Belə olan halda hesab
edirəm ki, Azərbaycanda səhiyyə
sahəsində arzu etdiyimiz nəticə əldə olunacaqdır.
Ancaq o da həqiqətdir ki, buradakı avadanlıqdan səmərəli şəkildə istifadə etdikdə, əlbəttə, gözəl nəticələr də olacaqdır. Çünki diaqnostika vaxtında aparılmalıdır. Burada diaqnostika üçün bütün imkanlar vardır. Müalicə düzgün aparılmalıdır. Düzgün diaqnoz qoyulmalıdır. Elə etməliyik ki, Azərbaycanda səhiyyə sahəsində daim inkişaf olsun.
Bir daha qeyd etmək istəyirəm ki, 2014-cü ildə səhiyyə sahəsi, ümumiyyətlə, sosial sahə prioritet olaraq qalacaqdır. Biz 2014-cü ilin birinci həftəsində görüşürük. Deyə bilərəm ki, artıq 2014-cü ildə ölkəmiz üçün əhəmiyyətli olan iki obyektin açılışı olmuşdur. Ayın 3-də biz Qəbələdə müasir Dağ-Xizək Mərkəzinin açılışını qeyd etdik. Bu gün isə burada, Bakıda Sağlamlıq Mərkəzinin açılışını qeyd edirik. Nəzərə alsaq ki, bu gün 2014-cü ilin birinci iş günüdür, əminliklə demək olar 2014-cü ildə belə açılışlar çox olacaqdır. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu il olacaqdır. Biz qarşımıza qoyduğumuz bütün vəzifələrə çatacağıq. Sizi keçən bayramlar münasibətilə bir daha təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzu edirəm.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2014.- 8 yanvar.- S.3.