Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasında

 qeyri-daimi üzvlüyü başa çatmışdır

 

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən qeyri-daimi üzvlüyü 2013-cü il dekabrın 31-də başa çatmışdır.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirilmişdir ki, müstəqillik tarixində ilk dəfə bu ali qurumun üzvü kimi ölkəmiz beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələrin aparılmasının və qərarların qəbul edilməsinin bilavasitə iştirakçısı olmuşdur. Şurada üzvlüyün yaratdığı imkanlardan tam istifadə edən Azərbaycan bir sıra vacib mövzularda prinsipial mövqeyini ortaya qoymuşdur.

Beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunması, qanunun aliliyi, münaqişələrin qarşısının alınması və həll edilməsi, münaqişəli vəziyyətlərdə mülki əhalinin müdafiəsi, terrorçuluqla mübarizə, BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzuları ilə yanaşı, Yaxın Şərq sülh prosesi, Suriya, Əfqanıstan və Afrikanın bir sıra dövlətlərində vəziyyət ölkəmizin böyük əhəmiyyət verdiyi məsələlər sırasında idi.

İki il ərzində Azərbaycan Təhlükəsizlik Şurasında iki dəfə - 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini həyata keçirmiş, bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksəksəviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli iclası keçirilmişdir. Yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir. Bəyanatda terrorçuluğun bütün forma və təzahürləri pislənmiş və terrorçuluğa qarşı bütün vasitələrlə mübarizənin vacibliyi vurğulanmışdır. Bundan başqa, dövlətlərin ərazi bütövlüyüya siyasi müstəqilliyinə qarşı güc tətbiq etməmək prinsipi, terrorçuluğun qarşısının alınması və onunla mübarizədə dinlər və mədəniyyətlər arasında hörmət və dialoqun təşviq edilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Ölkəmizin Təhlükəsizlik Şurasında ikinci sədrliyi də çox səmərəli keçmişdir. Oktyabrın 28-də qurumun "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli iclası təşkil olunmuşdur. Şuranın tarixində ilk dəfə bu mövzu üzrə keçirilən və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Pan Gi Mun və İƏT-in sabiq baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər. İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanmış və onun gücləndirilməsinin vacibliyi, həmçinin münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirilmişdir. Bundan başqa, ötən ilin oktyabrında beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində qadınların rolu, Yaxın Şərqdə vəziyyət və Təhlükəsizlik Şurasının metodlarına dair Şuranın açıq müzakirələri də təşkil edilmişdir.

Təhlükəsizlik Şurasında üzvlüyü dövründə Azərbaycan milli maraqlarımızın qlobal səviyyədə irəli aparılması istiqamətində fəal səylər göstərmişdir. Ölkəmizin üzləşdiyi ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektləri Şuranın müvafiq iclaslarında mütəmadi olaraq diqqətə çatdırılmışdır. Bundan əlavə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət, həmçinin münaqişələr zamanı müharibə və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinin vacibliyi məsələsi ardıcıl olaraq qaldırılmış və müvafiq müddəalar Şuranın qəbul etdiyi sənədlərdə əks olunmuşdur.

Bu kontekstdə 2012-ci il mayın 30-da Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil edilmiş "Mübahisələrin dinc yolla nizamlanması, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, məhkəmə həlli və ədalət" mövzusunda qeyri-rəsmi müzakirələri ("Arria" formulası çərçivəsində) böyük maraq doğurmuşdur. Tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətlərinin, BMT Katibliyinin, beynəlxalq hökumətlərarası təşkilatların, vətəndaş cəmiyyətinin və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak etmişdir.

Müzakirələrdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov və tanınmış hüquqşünas, Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış etmişlər.

Afrika dövlətləri ilə ikitərəfli münasibətlərin inkişafına böyük önəm verən Azərbaycan qitənin üzləşdiyi müxtəlif problemlərin həllinə Təhlükəsizlik Şurasında üzvlüyü dövründə də fəal töhfə verməyə çalışmışdır. Təsadüfi deyil ki, məhz Azərbaycanın Şuraya hər iki sədrliyi müddətində qurumun Qərbi Afrika bölgəsinə (Liberiya, Kot d,İvuarSyerra Leone) və Afrikanın Böyük Göllər regionuna (Konqo Demokratik Respublikası, RuandaUqanda) səfərləri təşkil edilmişdir. Sonuncu səfər çərçivəsində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi səfir Aqşin Mehdiyevin həmsədrliyi ilə Afrika İttifaqının Sülh və Təhlükəsizlik Şurası və BMT Təhlükəsizlik Şurasının 7-ci illik birgə müşavirəsi keçirilmiş, yekunda birgə kommunike qəbul olunmuşdur. Bununla yanaşı, 2013-cü ilin  oktyabrında səfir Aqşin Mehdiyev Təhlükəsizlik Şurasının sədri qismində Afrika İttifaqının İcraiyyə Şurasının Beynəlxalq Cinayət Məhkəməsi üzrə Əlaqələndirmə Qrupunu təmsil edən Efiopiya, Burundi, Mavritaniya, Uqanda, Seneqal, Namibiya və Keniyanın xarici işlər nazirləri ilə görüşmüşdür. Həmçinin Əlaqələndirmə Qrupunun yüksəksəviyyəli üzvlərinin iştirakı ilə oktyabrın 31-də Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri olmuşdur.

Ümumiyyətlə, Azərbaycanın Təhlükəsizlik Şurasında hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilmiş, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilmişdir.

Keçən iki il ərzində Azərbaycan BMT-nin üzv dövlətləri, BMT Katibliyi və qeyri-hökumət təşkilatları və araşdırma mərkəzləri ilə sıx əməkdaşlıq münasibətlərini daha da genişləndirmişdir. Şurada üzvlüyü müddətində Azərbaycanın uğurlu fəaliyyəti və hər zaman ədalət və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqedən çıxış etməsi yüksək qiymətləndirilmişdir.

Təhlükəsizlik Şurasında qazanılmış təcrübə Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsinə və milli maraqlarının təmin olunmasına xidmət edəcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan $g 2014.- 8 yanvar.- S.3.