Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Mərdəkan qəsəbəsində
yenidən qurulan Heydər Cümə
məscidinin açılışı olmuşdur
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla
Əliyeva mərasimdə iştirak etmişdir
Dekabrın 31-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər Cümə məscidinin açılışı olmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak etmişdir.
Milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilmiş, bərpa olunmuş və ya yenidən qurulmuşdur.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Cümə məscidinin yenidən qurulması da Fondun ölkəmizdə milli mənəvi dəyərlərin inkişafı ilə bağlı gördüyü işlərə mühüm töhfədir. Bir müddət əvvəl rayon ağsaqqalları və din xadimləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyevaya məscidin bərpası xahişi ilə müraciət etmişdilər. Fondun təşəbbüsü ilə yenidən qurulan Heydər Cümə məscidi bu gün artıq sakinlərin ixtiyarına verilir.
Leyla Əliyeva məscidin yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendə baxdı.
Məlumat verildi ki, 1893-cü ildən fəaliyyət göstərən bu ibadət ocağında indiyədək əsaslı təmir işləri aparılmamışdı. Ötən ilin fevralında başlanan yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti məsciddə yaradılan şəraitlə tanış oldu. Diqqətə çatdırıldı ki, məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün hər cür şərait yaradılmışdır. Məscidin axundu Leyla Əliyevaya Qurani-Kərim təqdim etdi.
Diqqətə çatdırıldı ki, əvvəllər bir mərtəbədən ibarət olan məscidin yenidənqurma işlərindən sonra ikinci mərtəbəsi də inşa edilmişdir. Burada 180 nəfərlik mərasim zalı yaradılmış, minarə tikilmişdir. Ümumiyyətlə, məscid iki dəstəmazxanadan, kitabxanadan, müxtəlif yardımçı otaqlardan, mədrəsədən ibarətdir.
AzərTAc
Azərbaycan.-2014.- 8 yanvar.- S.4.