"Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi

 Qaydaları"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 350             Bakı şəhəri, 25 dekabr 2013-cü il

 

 

 

"Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin

 2013-cü il 25 dekabr tarixli 350 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

 Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi

 

 

 

QAYDALARI

 

 

1. Ümumi müddəa

 

 

 

1.1. Bu QaydalarGömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonragömrük ərazisi) gətirilən məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını müəyyən edir.

 

 

2. Əsas anlayışlar

 

 

2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. məlumat daşıyıcısı vasitələri – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı məlumat və ya təlimatlar yığımının saxlanılması və istifadəsi üçün təyin edilmiş kompakt disklər (CD-lər), maqnetik kasetlər, disketlər, DVD və s. maddi obyektlər.  Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat daşıyıcısı vasitələrinə elektron inteqral sxemləri, yarımkeçiricilər, elektron inteqral sxemlərini və ya mexanizmlərini özündə birləşdirən əşyalar və ya cihazlar (kompyuterlər, bərk disklər və s.) daxil deyildir;

2.1.2. məlumat və ya təlimatlar yığımı – informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya və ya proqram təminatı. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş məlumat və ya təlimatlar yığımına səs, kinomatoqrafiyaya video yazıları (videokaset, DVD və ya lazer disklərdə filmlər, əyləncə verilişləri, kompakt diskdə video oyunları və ya musiqi yazıları və s.) daxil deyildir.

 

 

3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi

 

 

3.1. İnformasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı tərkibində məlumat və ya təlimatlar yığımı olan idxal edilmiş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərinin müəyyən olunması zamanı yalnız məlumat daşıyıcısı vasitəsinin öz qiyməti və ya dəyəri nəzərə alınır.

3.2. Tərkibində məlumat və ya təlimatlar yığımı olan  idxal olunmuş məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərləndirilməsi zamanı onun gömrük dəyərinə məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri daxil edilmir. Bu məqsədlə sövdələşmə qiymətində məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri məlumat daşıyıcısı vasitəsinin qiymətindən və ya dəyərindən fərqləndirilməli və ya ayrıca göstərilməlidir.

3.3. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri sövdələşmə qiyməti əsasında müəyyən edilir.

3.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyannaməçi tərəfindən bəyan edilir.

3.5. İdxal olunan məlumat daşıyıcısı vasitəsinin tərkibindəki məlumat və ya təlimatlar yığımının qiyməti və ya dəyəri sövdələşmə qiymətində məlumat daşıyıcısı vasitəsinin qiyməti və ya dəyərindən fərqləndirilmədikdə, yaxud ayrıca göstərilmədikdə, məlumat daşıyıcısı vasitəsinin gömrük dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə uyğun olaraq müəyyən edilir.

 

 

4. Yekun müddəalar

 

 

4.1. Gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitələrinin gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz.

4.2. Gömrük orqanının tərkibində məlumat və ya təlimatlar yığımı olan məlumat daşıyıcısı vasitəsinin gömrük dəyərləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 220.2-ci və 221-ci maddələrinə, habelə “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.

4.3. Bəyannaməçi məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərarla razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.

 

Azərbaycan.-2014.- 8 yanvar.- S.5.