"Mallara dair bəyannamənin təsdiq edildiyi
gündən 1 (bir) il
müddətində malların qüsurlu
olması ilə əlaqədar sövdələşmə
qiymətinə düzəlişlər edilməsi
halları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 355 Bakı şəhəri,
27 dekabr 2013-cü il
"Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Mallara
dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il
müddətində malların qüsurlu olması ilə əlaqədar
sövdələşmə qiymətinə düzəlişlər
edilməsi halları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il
27 dekabr tarixli 355 nömrəli qərarı
ilə təsdiq edilmişdir
Mallara dair bəyannamənin təsdiq
edildiyi gündən 1 (bir) il müddətində malların
qüsurlu olması ilə əlaqədar sövdələşmə
qiymətinə düzəlişlər edilməsi halları
1. Ümumi müddəa
1.1. “Mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi halları” (bundan sonra - Sənəd) “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə əsasən hazırlanmışdır və mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi hallarını müəyyən edir.
2. Malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi halları
2.1. Mallara dair bəyannamənin təsdiq edildiyi gündən 1 (bir) il müddətində malların qüsurlu olması ilə əlaqədar aşağıdakı hallarda sövdələşmə qiymətinə düzəlişlər edilir:
2.1.1. sərbəst dövriyyəyə buraxılmazdan əvvəl malların xarab olması müəyyən edildikdə;
2.1.2. sərbəst dövriyyəyə buraxıldıqdan sonra malların istifadə edilmədən (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) qüsurlu olması müəyyən edildikdə.
3. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl malların xarab olmasının müəyyən edilməsi
3.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl malların xarab olması bəyannaməçi tərəfindən müəyyən edildikdə, aşağıdakı şərtlər nəzərə alınmaqla sövdələşmə qiymətində düzəlişlər edilir:
3.1.1. mallara dair bəyannamə təsdiq edildikdən və onlar gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verildikdən dərhal sonra bəyannaməçi gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına sövdələşmə qiymətində düzəlişlərin edilməsi barədə kağız üzərində yazılı formada müraciət etdikdə;
3.1.2. malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edilməsi və ya həmin malların istehsalçıya və ya satıcıya geri qaytarılmasının mümkünlüyü müvafiq sənədlərlə təsdiq edildikdə;
3.1.3. bu Sənədin 3.1.1-ci yarımbəndində qeyd edilən malların qüsurlu olması bəyannaməçi tərəfindən sübut olunduqda;
3.1.4. qüsurlu malların gömrük ərazisindən aparılacağı barədə bəyannaməçi yazılı formada öhdəlik götürdükdə;
3.1.5. malların qüsurlu olması ilə əlaqədar satıcı tərəfindən alıcıya yeni hesab-faktura (invoys) və ya digər hesablaşma sənədi göndərildikdə.
4. Sərbəst dövriyyəyə buraxıldıqdan sonra malların istifadə edilmədən qüsurlu olmasının müəyyən edilməsi
4.1. Sərbəst dövriyyəyə buraxıldıqdan sonra malların istifadə edilmədən (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) qüsurlu olması bəyannaməçi tərəfindən müəyyən edildikdə, aşağıdakı şərtlər nəzərə alınmaqla sövdələşmə qiymətində düzəlişlər edilir:
4.1.1. sərbəst dövriyyəyə buraxıldıqdan və zəruri həddə istifadə olunduqdan sonra malların qüsurlu olması ilə əlaqədar bəyannaməçi gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanına sövdələşmə qiymətində düzəlişlərin edilməsi barədə kağız üzərində yazılı və ya elektron formalarda müraciət etdikdə;
4.1.2. malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edilməsi və ya həmin malların istehsalçıya və ya satıcıya geri qaytarılmasının mümkünlüyü müvafiq sənədlərlə təsdiq edildikdə;
4.1.3. bu Sənədin 4.1.1-ci yarımbəndində qeyd edilən malların qüsurlu olması bəyannaməçi tərəfindən sübut olunduqda;
4.1.4. qüsurlu malların gömrük ərazisindən aparılacağı barədə bəyannaməçi yazılı formada öhdəlik götürdükdə.
5. Malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə düzəlişlər edilməsi qaydası
5.1. Bu Sənədin 3-cü və 4-cü hissələrinin tələbləri təmin edildikdən sonra gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı təsdiq edilmiş gömrük bəyannaməsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 153-cü maddəsinə uyğun olaraq düzəlişlər aparılmasına icazə verir.
5.2. Gömrük bəyannaməsində düzəlişlərin aparılmasına icazə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 12 oktyabr tarixli 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi Qaydaları”na əsasən verilir.
6. Gömrük ödənişlərinin qaytarılması
6.1. Malların qüsurlu olması ilə əlaqədar sövdələşmə qiymətinə edilmiş düzəlişlərə uyğun olaraq qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra həyata keçirilir.
6.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən həyata keçirilir.
7. Yekun müddəalar
7.1. Gömrük orqanları bəyannaməçinin malların qüsurlu olmasını təsdiq edən sübutları ilə razılaşmadıqda, Gömrük Məcəlləsinin 322-ci maddəsinə uyğun olaraq gömrük ekspertizasını həyata keçirir.
7.2. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmaması qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin Qanunun tələbləri nəzərə alınmaqla, müvafiq düzəlişlərin edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.
7.3. Bu Sənədin 7.2-ci bəndi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir.
7.4. Şəxs bu Sənədin 7.2-ci bəndinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.
7.5. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Sənədin 7.2-ci bəndinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.
7.6. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina
edilməsi haqqında qərar ərizə gömrük
orqanına daxil olduğu
tarixdən 15 (on beş)
gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan
Gömrük Məcəlləsinin 10-cu fəsli
ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Azərbaycan.-2014.- 8 yanvar.- S.5.