2015-ci ildə Azərbaycan Respublikasında
kənd
təsərrüfatının
siyahıya alınmasının
keçirilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 357 Bakı şəhəri,
28 dekabr 2013-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının kənd təsərrüfatının və kənd təsərrüfatına xidmət edən sahələrin inkişafı ilə bağlı həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatının dinamikası, strukturu, inkişaf meyilləri, maddi-texniki bazası haqqında ətraflı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2015-ci il iyunun 1-dən 30-dək Azərbaycan Respublikasında sorğu yolu ilə iyunun 1-i vəziyyətinə kənd təsərrüfatının siyahıya alınması keçirilsin.
2. 2015-ci ilin kənd təsərrüfatının siyahıya alınmasının proqram layihəsini, təşkilati və metodoloji məsələlərini, siyahıyaalma materiallarının işlənməsi texnologiyasını sınaqdan keçirmək məqsədi ilə 2014-cü ilin iyun ayı ərzində Quba rayonunda sınaq siyahıya alınması keçirilsin.
3. Kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq işlərinin aparılması, onun keçirilməsi, materialların işlənib yekunlaşdırılması və nəticələrinin nəşr edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və yerli statistika orqanlarına həvalə edilsin.
4. Müəyyən edilsin ki, kənd təsərrüfatının siyahıya alınması mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfatlarda aparılır.
5. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesablamalar əsasında kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq, onun keçirilməsi, materiallarının işlənməsi, yekunlarının təhlil olunması və nəşr edilib yayılması üçün zəruri olan avadanlıq və digər texniki vasitələrin alınmasını, cəlb ediləcək işçilərin əməyinin ödənilməsini və digər təşkilati məsələlərin həll edilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-2015-ci illərin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulsun.
6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə kənd təsərrüfatının siyahıya alınmasına hazırlığı, onun keçirilməsini, materiallarının işlənməsini və yekunlarının nəşr edilməsini təmin etmək məqsədi ilə 2014-2015-ci illər üzrə təsdiq edilmiş ştat cədvəlinə əsasən hər il müvəqqəti işçilər cəlb etməyə icazə verilsin.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdimatına əsasən kənd təsərrüfatının siyahıya alınmasının keçirilməsi üçün cəlb ediləcək işçilərin əməyinin ödənilməsi məbləğlərini və qaydalarını 2 ay müddətində hazırlayıb təsdiq etsin.
8. Məşğulluq xidmətlərində iş axtaran və işsiz kimi qeydə alınmış ali və orta ixtisas təhsilli kənd təsərrüfatı mütəxəssisləri, kənd təsərrüfatı ixtisası üzrə təhsil alan ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və digər peşə ixtisası olan vətəndaşlar kənd təsərrüfatının siyahıya alınmasına və sınaq siyahıya alınmasına cəlb edilsin və bu məqsədlə:
8.1. siyahıyaalma keçirilən müddətdə hər sayıcı üçün 100 təsərrüfat müəyyən edilsin və əlavə olaraq 5 faiz miqdarında ehtiyat sayıcı nəzərdə tutulsun;
8.2. hər 10 sayıcıya 1 təlimatçı-nəzarətçi təyin edilsin.
9. Müəyyən edilsin ki, kənd təsərrüfatının siyahıya alınmasına və sınaq siyahıya alınmasına hazırlıq və onun keçirilməsi üçün cəlb edilən şəxslər aşağıdakı müddətlərdə müvəqqəti işə qəbul edilirlər:
9.1. sayıcılar-30 təqvim günü;
9.2. təlimatçı-nəzarətçi-45 təqvim günü;
9.3. siyahıyaalınma materiallarını kompyuterlərə daxil edəcək mütəxəssislər - 180 təqvim günü.
10. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri və onların yerli ərazi nümayəndəlikləri:
10.1. kənd təsərrüfatının siyahıya alınmasına hazırlıq və onun keçirilməsi zamanı yerli statistika orqanlarına lazımi kömək göstərsinlər;
10.2. adları və ünvanları göstərilməklə, yaşayış məntəqələrinin ərazisində yerləşən bütün kateqoriyalardan olan kənd təsərrüfatlarının dəqiqləşdirilmiş siyahısını yerli statistika orqanlarına təqdim etsinlər və onların tamlığına nəzarəti həyata keçirsinlər;
11. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıya alınmasına hazırlıqla və onun keçirilməsi ilə bağlı mütəmadi olaraq xüsusi verilişlər təşkil etsin və siyahıyaalınma ilə əlaqədar həyata keçirilən tədbirlərin geniş işıqlandırılmasını təmin etsin.
12.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
kənd təsərrüfatının siyahıya
alınmasına hazırlıq dövründə və onun
keçirildiyi vaxtda Azərbaycan Respublikasının Dövlət
Statistika Komitəsinə lazımi kömək göstərsinlər.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2014.- 8 yanvar.- S.5.