Təhsilin inkişafı üzrə
Dövlət Strategiyasının bəzi icra
mexanizmləri
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təqdim olunmuş modeli Azərbaycanın intensiv siyasi və sosial-iqtisadi inkişaf prosesi fövqündə tərtib olunmuşdur. Əsas strateji istiqamətlərin və mexanizmlərin bazar iqtisadiyyatı subyektlərinin perspektiv maraqları ilə uyğunlaşdırılması və tarazlaşdırılması sənədin ana xəttini təşkil edir. Elm, təhsil və iqtisadiyyatın cari və perspektiv maraqlarının uyğunlaşdırılması ali təhsil sisteminin tarazlı inkişafını təmin etməlidir. Bu mənada təhsilin inkişaf strategiyasının əsas istiqamətlərinin formalaşmasında iqtisadi maraqlar təsərrüfat mexanizmlərini hərəkətə gətirən səmərəli alət funksiyasını yerinə yetirir. Strategiyanın ayrı-ayrı istiqamətləri üzrə ictimai-dövlət idarəçilik modellərinin tətbiqi və ictimai təsisatların iştirakı təhsil sisteminin açıqlığının və investisiya cazibədarlığının təmin olunmasına xidmət edir.
Strategiyada ali təhsil inkişafın baş vektoru olan, uzunmüddətli perspektivdə onun kəmiyyət və keyfiyyət artımını təmin edən insan və innovasiya kapitalı istehsalının aparıcı sahəsi kimi səciyyələndirilmişdir. Ali təhsil sistemi bir tərəfdən yeni texnologiyalar üçün yeni resurslar yaradır, digər tərəfdən isə ölkəni keyfiyyətcə yeni səviyyəyə qaldıra bilən səriştəli, enerjili və mənəviyyatlı kadr potensialı formalaşdırır. Strategiyanın əsas məqsədləri vətəndaşın identikliyinin formalaşması və qorunması, xalqın mədəni-mənəvi sərvətlərinin çoxaldılması, sosial mühitin keyfiyyətinin yüksəldilməsi, hər bir fərdin inkişaf perspektivlərinin təmin olunması, insan resursunda baş verən keyfiyyət dəyişikliklərinin təhsilin keyfiyyət dəyişikliyindən asılılığı, açıq, çevik və imkan daxilində olan təhsil sisteminin formalaşmasıdır.
Birinci strateji istiqamət. Kurikulum təhsil müəssisəsinin vizit kartıdır. Dünyanın aparıcı ölkələrinin müxtəlif səviyyəli təhsil müəssisələrində kurikulumların müxtəlif modellərindən istifadə edilir. Fikrimizcə, universitet səviyyəsində kurikulumun tədris edilən fənlərin annotasiya olunmuş kataloqu kimi hazırlanması modelinin tətbiqi daha məqsədyönlü olardı. Kataloqun əsasını bütün səviyyələr üzrə universitetədək və postdiplom təhsil proqramları təşkil etməlidir. Ali peşə təhsili proqramının tədris kurslarının annotasiyaları kurikulumda elm sahələri üzrə yerləşdirilməli, hər bir sahə daxilində isə kursların adları əlifba sırası üzrə düzülməlidir. Belə bir struktur istifadəçiyə hər bir elm sahəsi üzrə müxtəlif yanaşmalar barədə ətraflı təsəvvür almaq imkanı verir. Ali məktəbəqədərki və postdiplom təhsili kurslarının annotasiyaları ayrı-ayrı sərbəst bloklarda təqdim olunur. Ali məktəbəqədərki təhsil blokuna lisey və kolleclərdə tədris edilən kursların əlifba sırası ilə düzülmüş annotasiyaları, postdiplom təhsili blokuna isə bakalavriat, magistratura və doktoranturada tədris olunan kursların annotasiyaları daxil edilir. Kurikulumun strukturu Avropa Kredit Transfer Akkumulyasiya Sisteminin strukturu ilə uyğunlaşdırılmalıdır.
Annotasiyada fənn, kursun məqsədi və məsələləri, onun xüsusiyyətləri, kursun tədrisində istifadə edilən metodiki yanaşmalar, həmçinin kursun tədrisi başa çatdıqdan sonra tələbənin alacağı nəzəri biliklər və praktiki vərdişlər əks olunmalıdır. Hər bir annotasiya kursun müəllifi, kursun oxunduğu ixtisas və ixtisaslaşmalar, həmçinin kursun tədrisini həyata keçirən kafedralar barədə müvafiq məlumatlarla müşayiət olunmalıdır.
Bu gün ölkəmizdə müxtəlif ixtisaslar üzrə kifayət qədər mühəndis-texniki kadrlar olsa da, yüksəksəviyyəli mühəndislərə böyük ehtiyac var. Yeni sənaye kompleksləri istifadəyə verilərkən xaricdən yalnız yeni texnologiyalar deyil, həm də yüksəkixtisaslı mühəndislər və ixtisaslı fəhlələr dəvət olunur. Texniki universitetlərin məzunları müxtəlif mürəkkəblik səviyyəli elmi-texniki və texnoloji məsələləri həll etməkdən ötrü vacib olan kompetensiyalara (mövcud texnologiyaları və məhsulları himayə etmək, yeni texnologiya və məhsullar iqtibas etmək, yeni texnoloji prinsiplər və platformalar işləyib hazırlamaq) malik olmalıdırlar.
İkinci strateji istiqamət. Bu gün müəllim, elmi işçi və mühəndislərin əməkhaqları və sosial statusları lazımi səviyyədə deyil. Çində "müəllim" sözü böyük hərflə yazılır. 1961-ci ildə amerikalı ekspertlər SSRİ-nin kosmik müvəffəqiyyətlərini təhsilin yüksək prestijliyi və prioritetliyi ilə izah edirdilər. O vaxtlar SSRİ büdcəsinin 13 faizi, ABŞ büdcəsinin isə 3 faizi təhsilə xərclənirdi. Hazırda ABŞ-da büdcənin 11 faizi, Rusiyada isə 5 faizi təhsilə xərclənir. Müasir dünyada təhsil xidmətləri xarici iqtisadi mübadilənin vacib komponentlərindəndir. Təhsil xidmətləri üzrə dünyada aparıcı mövqedə olan ABŞ-da 500 min xarici tələbə təhsil alır. Bu, Amerikaya hər il 10 milyard dollar gəlir gətirir. İngiltərənin ali məktəbləri əcnəbi tələbələrdən bu rəqəmin üçdə biri, İtaliyanın ali məktəbləri onda biri, Rusiyanın ali məktəbləri isə otuz beşdə biri qədər gəlir əldə edir.
Əhalinin daha geniş kütlələrinə ali təhsil almaq imkanları yaratmaq üçün aparıcı universitetlərin təhsil texnologiyalarında distant təhsil formatının rolu artırılmalıdır. Onlayn universitet sisteminin inkişafı təhsil xidmətləri bazarında rəqabəti elə bir səviyyəyə çatdıra bilər ki, ölkələr öz təhsil sistemləri ilə birlikdə qlobal təhsil sistemindən də geniş istifadə edərlər.
İkinci strateji istiqamətin məqsədlərindən biri də müasir ali peşə təhsili sistemində təhsil prosesinin səmərəliliyinin yüksəldilməsi üçün yeni üsul və vasitələrin axtarışıdır. Təhsil standartlarına cavab verən yeni pedaqoji texnologiyaların işlənməsi və tətbiqi universitetlərin fəaliyyətində prioritet təşkil etməlidir. Pedaqoji texnologiya anlayışı tədris-tərbiyə vasitələri, üsul və formalarının müəyyən düzümünü və əlaqələrini müəyyən edən psixoloji-pedaqoji təsisatlar məcmusunu əhatə etməlidir.
Təhsilin səmərəliliyinin yüksəldilməsi və intellektual sərbəstliyin təmin olunması üçün tələbənin yaradıcı fəallığı, hazırcavablığı, təşəbbüskarlığı, peşə sahəsinə adaptasiya olunmaq bacarığının inkişafı böyük əhəmiyyət kəsb etməlidir. Yaradıcı fəal tələbə kontingentinin formalaşdırılması üçün universitetlərdə müvafiq pedaqoji şəraitin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Təhsilverənlərin peşəkar səviyyəsinin daim yüksəlməsini təmin edən yeni texnologiyaların tətbiqi və transferi, texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi və idarə olunması, tələbələrdə unikal vərdişlərin və qabiliyyətlərin formalaşdırılması, ixtisasartırma, yeni ixtisasalma, elmi nəticələrin kommersiyalaşdırılması və digər əlaqədar fəaliyyətlərin həyata keçirilməsi məqsədi ilə şəbəkə texnologiyalarının və kollektiv istifadə mərkəzlərinin yaradılması diqqət mərkəzində olmalıdır.
İnnovativ təlim metodları və texnologiyalarının köməyi ilə təhsilin məzmununun səmərəli mənimsənilməsinə kömək edən vasitələrdən biri də informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən olan universitetlərin idarə olunmasının avtomatlaşdırılmış sistemi - elektron universitetdir (EU). EU anlayışı faktiki olaraq təhsilin distant və onlayn formalarının inkişafının yeni mərhələsini əhatə edir. Respublikanın ali məktəblərində elektron universitet layihəsi üzərində fəal tədqiqatlar aparılmalı, E-universitet layihələri nəzdində təhsil portalları yaradılmalıdır (AzTU-nun timsalında).
Son illər inkişaf etmiş ölkələrlə postsovet ölkələrinin təhsil sistemləri arasında əmək bazarının obyektiv qanunauyğunluqları ilə tənzimlənən, paradoksal bir vəziyyət yaranmışdır. İnkişaf etmiş ölkələrdə elmi, pedaqoji kompetensiyalara tələb yüksək olduğu halda, postsovet ölkələrində inzibati, dil, informasiya texnologiyaları üzrə kompetensiyalara ehtiyac yaranmışdır. Nəticədə beyin axını kimi qiymətləndirilən yüksəksəviyyəli elmi-pedaqoji kadrların texnoloji cəhətdən inkişaf etmiş ölkələrə, inzibati, dil, informasiya texnologiyaları kompetensiyalarına yiyələnmiş mütəxəssislərin isə postsovet məkanına axını baş verirdi. Əlbəttə, bu, postsovet ölkələri üçün adekvat mübadilə sayıla bilməzdi. Belə bir mübadilə yaxın perspektiv üçün yararlı ola bildiyi halda, uzunmüddətli perspektivdə strateji əhəmiyyət kəsb edən təhsil və elm kimi sahələrin inkişafında islah oluna bilməyən uğursuzluq yarada bilərdi. Misal kimi Rusiya alimləri Andrey Qeym və Konstantin Novoselovun, daha yüksək əməkhaqqı və tədqiqat laboratoriyaları müqabilində İngiltərədə ikiölçülü formalı karbonun - qrafenin kəşfinə görə 2010-cu ildə Nobel mükafatı aldıqlarını, nəticədə Britaniya müvafiq elm sahələrini maliyyələşdirmək üçün tutarlı mənbələr əldə etdiyi halda Rusiyanın həmin elm sahələrini maliyyələşdirmək imkanlarını itirdiyini göstərmək olar.
Bu baxımdan müəllimlərin əməkhaqqının diferensial üsullarla müəyyənləşdirilməsi məsələsi aktuallıq kəsb edir. Müəllimin əməkhaqqının müəyyənləşdirilməsində stimullaşdırma və motivasiya formalarından geniş istifadə edilməsi üçün onun fəaliyyətini səciyyələndirən aşağıdakı göstəricilər nəzərə alınmalıdır: yeni texnologiyaların işlənib hazırlanması və tətbiqi; tədrisin nəticələrinin qiymətləndirilməsi; innovasiya fəaliyyəti - kəşflər, patentlər, ixtiralar, layihə-texnoloji işləmələr; elmi layihələr; elmmetrik göstəricilər - Hirş əmsalı, stinad indeksi; beynəlxalq layihələrin işlənməsi və qazanılması; elmi kadrların hazırlanması - fəlsəfə doktoru, elmlər doktoru; beynəlxalq və respublika səviyyəli konfranslarda iştirak; tələbə elmi-tədqiqat proqramlarına rəhbərlik və s.
Üçüncü strateji istiqamət. Tarixən keyfiyyətin qiymətləndirilməsinin iki modeli - ingilis və fransız modelləri formalaşmışdır. İngilis modeli daxili özünüqiymətləndirməni, fransız modeli isə xarici qiymətləndirməni nəzərdə tutur. Amerika modeli bu iki modelin simbiozundan ibarətdir. Amerikanın akkreditasiya sistemi dövlətin təhsil sisteminə qarşı irəli sürdüyü tələblərlə ali məktəbin daxili qaydaları və vəzifələri arasında tarazlığı təmin etməyə inkan verir. Avropa ölkələrində təhsilin keyfiyyətinə nəzarətin inkişaf etmiş infrastrukturu mövcuddur. 1985-ci ildən başlayaraq Qərbi Avropada ardıcıl olaraq keyfiyyətə nəzarət monitorinqi keçirilir. Məsələn, İngiltərədə təhsilin keyfiyyətinə nəzarət funksiyaları Keyfiyyətin Təmini Agentliyi, Ali Məktəbin Statistikası üzrə Agentlik, Ali Məktəbin Analitik İnstitutu və Kral İnspeksiyasının üzərinə düşür.
Azərbaycanın ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi və nəticələrinin tanınması istiqamətində həyata keçirilən fəaliyyətin, akkreditasiya sahəsində nüfuzlu Accreditation Board for Engineering and Technology (ABET) komissiyasının təklifləri əsasında qurulması məqsədyönlü olardı. Bu komissiya ABŞ və digər ölkələrin ali məktəblərinin akkreditasiyasını həyata keçirir. Müstəqil akkreditasiya mərkəzləri vasitəsilə həyata keçirilən akkreditasiya formalarından da geniş istifadə edilməlidir. Peşəkar akkreditasiya və təhsilin keyfiyyətinin qiymətləndirilməsi istiqamətində mövcud dünya təcrübəsi ilə uyğunlaşma Azərbaycan ali məktəblərinin prestijini yüksəldər, dünyanın elm-təhsil müəssisələri ilə yaxından əməkdaşlığına şərait yaradar.
Təhsilin keyfiyyətini qiymətləndirmə sistemi kompleks göstəricilər əsasında fəaliyyət göstərməlidir. Bura tədris proqramlarının olması və uyğunluğu, tədris prosesinin maddi təminatı, elmi-metodiki bazası, kadr tərkibi və bir sıra digər amillər daxil olmalıdır. Ali təhsil müəssisələrində keyfiyyətin qiymətləndirilməsinin mövcud üç üsullundan biri seçilməlidir: reputasiya üzrə, nəticələr üzrə və ümumi.
Təhsilin
nəticələrini müstəqil qiymətləndirmə
sisteminin əsas alətlərindən biri olan keyfiyyətin
diaqnostikasının avtomatlaşdırılmış test sistemindən də istifadə etmək məqsədəuyğun
olardı. Bu sistemin əsasını kompyuter vasitəsilə internet
distant testləmə texnologiyası, nəticələrin avtomatlaşdırılmış emalı
və ani
olaraq təhsil portallarında əks
olunması təşkil edir. İnternet testləndirmə müstəqil
ictimai-peşəkar strukturlar tərəfindən
tərtib edilmiş test
tapşırıqlarının vahid
bankından istifadə etməklə hər bir
konkret təhsil müəssisəsi üçün avtomatik olaraq fərdi testlərin komplektləşdirilməsinə
imkan verən texnologiyalarla
həyata keçirilməlidir.
Dövlət Strategiyasının məqsədlərindən biri də təhsil müəssisələrinin reytinq sisteminin yaradılmasıdır. Beynəlxaq səviyyədə universitetlərin akademik reytinqi (ARWU) Şanxay Universitetinin TsyaoTun ali məktəbində müəyyən olunur. Bu universitetin reytinq sistemini Azərbaycan şəraitinə uyğunlaşdırmaqla ali təhsil müəssisələri üçün Dövlət Strategiyasının məqsədləri çərçivəsində vahid reytinq sisteminin işlənib hazırlanması məqsədəuyğun olardı.
Büdcədən maliyyələşən yerlərin bölgüsünün əmək bazarının monitorinqinə və ölkənin iqtisadi inkişaf strategiyasına əsaslanması da vacib strateji məqsədlərdəndir. Dünya təcrübəsində bu problemin həllinə xüsusi önəm verilir. Məsələn, Almaniyanın federal subyektlərinin hər birinin təhsil departamentində xüsusi plan-statistika şöbələri var. ABŞ Təhsil Nazirliyində təhsilin qısamüddətli və uzunmüddətli inkişaf proqramlarını hazırlamaq üçün planlaşdırma və büdcə üzrə baş idarə fəaliyyət göstərir. Azərbaycanın təhsil sitemində də əmək bazarının və texnoloji inkişafın proqnozlaşdırılmasına əsaslanan kompleks proqnozlaşdırma və planlaşdırma xidmətinin yaradılması məqsədəuyğun olardı.
Təhsilin hər bir vətəndaş üçün əlçatan olması təhsil fəaliyyətinin sosial yönümünü müəyyən edir. Vətəndaşları maraqlandıran, dövlətə və əmək bazarına lazım olan ixtisaslar üzrə qəbul planlarındakı çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar strategiyada çox önəmli məqsədlər müəyyənləşdirilmişdir. Bu kontekstdə ödənişli qəbul planının ləğv edilməsi təklifi həm də Bolonya prosesinin əsas prinsiplərindən biri olan universitetlərin muxtariyyət prinsipinin təmin olunmasına xidmət edəcəkdir. Ali məktəblərə qəbul planı elə tərtib olunmalıdır ki, vətəndaşların arzuları, təhsil xidmətləri bazarının tələbləri və qəbul planının strukturu bir-birini tamamlasın.
Təhsil fəaliyyətinin ən vacib prinsiplərindən biri də sistemli və kompleks yanaşmadır. Başqa sözlə desək, təhsil prosesində bütün mümkün problemlər çoxluğu, bu problemləri yaradan amillər, onların qarşılıqlı əlaqələri və münasibətləri nəzərə alınmaqla, müxtəlif forma və üsullardan istifadə edərək təhsilin keyfiyyətini yüksəltmək üçün daha səmərəli təsir mexanizmləri müəyyənləşdirilməlidir. O cümlədən, təhsil sistemində ictimai-dövlət idarəçilik modelləri tətbiq olunmalı, ictimai institutların iştirakı ənənəsi inkişaf etdirilərək təhsil sisteminin açıqlığı və investisiya cazibədarlığı təmin edilməli, maddi, intellektual və maliyyə resurslarının təhsil sahəsinə cəlb olunması üçün peşə təhsili müəssisələri ilə işəgötürənlərin yerli və beynəlxalq səviyyədə qarşılıqlı fəaliyyət mexanizmləri işlənib hazırlanmalı, təhsil və elm müəssisələrinin, innovasiya infrastrukturlarının normativ-hüquqi sənədlərinin, beynəlxalq müqavilə və razılaşmalarının verilənlər bazasına malik internet resursları yaradılmalıdır.
Gələcək
mühəndislər və tədqiqatçılar
üçün dünyanın
ən məşhur texnoloji şirkətlərində təcrübə
keçmək imkanı yaradılmalıdır. Belə
tədbirlər Bolonya prosesinin
baza prinsiplərindən biri
olan tələbə və müəllimlərin
mobilliyinin təmin olunması prinsipi kontekstində həyata keçirilməlidir.
Texnoloji innovasiyaların sənaye sahələrinə
sürətlə tətbiqi üçün korporativ
universitetlər yaradılmalıdır.
Dördüncü strateji istiqamət. Ömür boyu təhsilin innovasyon texnoloji inkişafı Azərbaycanın təhsil sistemi üçün alternativsiz prioritetdir. Bu məqsədlə hər bir təhsilalana tədris materiallarını öz imkanları çərçivəsində qavramağa, özünəməxsus təhsil trayektoriyası üzrə inkişaf etməyə imkan verən adaptiv tədris-metodiki komplekslər - elektron tədris kontentləri yaradılmalıdır. Təhsil siyasətini və strategiyasını köklü şəkildə yaxşılaşdırmaq üçün təhsil müəssisələrinə bürokratik təzyiqlər azalmalı, onların muxtariyyəti və keyfiyyətli təhsilə marağın artması təmin olunmalıdır.
Əhalinin müxtəlif təbəqələrinin təhsil almaq imkanlarını məhdudlaşdırmamaq üçün ömür boyu (Life-long learning), elektron (e-Learning) və mobil (M-Learning) təhsil formalarından geniş istifadə olunmalı, distant təhsil formatının rolu artırılmalıdır. Onlayn və açıq universitet modellərinin tətbiqi təhsil xidmətləri bazarında rəqabəti yüksəldər, qlobal təhsil sistemindən geniş istifadə imkanları yaradar. Qiyabi təhsil yeni keyfiyyət səviyyəsi və təşkilat formalarından istifadə etməklə təkmilləşdirilməlidir.
Üçüncü strateji istiqamətin məqsədlərindən biri də kampusların yaradılmasının təşviqidir. Kampus tərkibinə tədris binaları, elmi-tədqiqat institutları, yataqxana kompleksləri, kitabxanalar, auditoriyalar, yeməkxanalar, idman kompleksləri və s. daxil olan universitet şəhərciyidir. Universitet kampusları, bir qayda olaraq, administrasiya muxtariyyətinə, bəzən isə seçkili administrasiyaya malik olur. Azərbaycan universitetlərinin əksəriyyətinin yaşayış məntəqələrinin mərkəzində yerləşməsi kampus arxitekturasının üstünlüklərindən istifadədə çətinliklər yaradır. Təhsil sistemində baş verən əsaslı dəyişiklikər gələcəkdə kampus arxitekturası əsasında yeni universitetlərin, fakültə və innovasiya strukturlarının yaradılmasını labüd edir.
Tələbəyə kreativ düşünmə, arqumentləşdirilmiş axtarış, problemə müxtəlif prizmalardan baxmaq imkanı verən hiperrabitə, hipermedia, animasiya, multiagentli veb texnologiyaları və s. tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilməlidir. Elektron kitabxananın universitetin əsas reytinq göstəricilərindən biri olduğunu nəzərə alaraq kafedraların elektron tədris kontentləri bazasında universitetmiqyaslı e-kitabxananın yaradılması, onun müvafiq ETV-ləri yaratma və onlardan istifadə vasitələri, alətlər, metodikalar və informasiya təhlükəsizliyi vasitələri ilə təmin olunmasına diqqət artırılmalı, ETV-lərin müvafiq ekspertiza keçdikdən sonra universitetin elektron kitabxanasına, portalına və mərkəzi verilənlər bazasına daxil edilməsinə icazə verilməlidir.
Beşinci strateji istiqamət. Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəliyə atılmış uğurlu addımdır. Bu istiqamətdə həyata keçirilən fəaliyyətin ən əyani nümunəsi Sumqayıt texnoparkıdır.
Dünya təcrübəsində ali təhsil müəssisələrinin maliyyə imkanlarının yüksəldilməsi və elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində texnopark ideyasından geniş istifadə edilir. Bu gün ABŞ-da 160-dan çox texnopark var ki, bu da dünyadakı texnoparkların 30 faizini təşkil edir. Hazırda Çində müxtəlif səviyyəli 120 texnopark fəaliyyət göstərir. Onların məhsul ixracından illik gəliri 4 milyard dollar təşkil edir. Finlandiyanın cəmi 4,5 milyon nəfər əhalisi olsa da, bu ölkədə 20 texnopark var. Rusiyanın 35 regionunda 60 texnopark fəaliyyət göstərir. Texnopark yeni texnologiyaların kommersiya reallaşdırılmasını həyata keçirən, gənc mütəxəssislər üçün yeni iş yerləri yaradan və yerləşdiyi şəhərin sosial-iqtisadi həyatında səmərəli rol oynayan güclü qurumdur. Universitetin nəzdində yaradılan texnoparkın təşkilati sxemi müsbət sinergetik effektin formalaşması nöqteyi-nəzərindən çox əlverişli sayılır. Yəni universitetin tədris xidmətləri, elmi fəaliyyəti və sosial aktivliyi ilə texnopark şirkətlərinin iqtisadiyyatı və rəqabət qabiliyyəti vahid arxitektura daxilində fəaliyyət göstərir. Vahid kompleksdə cəmlənmiş intellektual potensial və yüksək texnologiya texnoparkın ümumi innovasiya strukturunu formalaşdırır.
Ölkəmizdə Azərbaycan Mühəndislik Akademiyası, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti və digər genişprofilli texniki ali məktəblərdə yüksək elmi-texniki potensial cəmlənmişdir. Bu potensialın texnopark ideyası ətrafında təşkilatlanması milli iqtisadiyyatın innovasiyalar və yüksək texnologiyalar əsasında inkişafına və ali təhsil müəssisələrinin maliyyə imkanlarının artırılmasına böyük töhfə verər.
Ölkədə dövlət himayəsinə ehtiyacı olan elm və təhsil müəssisələri çoxdur. Bu da dövlət vəsaitlərinin qeyri-rasional bölgüsünə, elmin və təhsilin perspektiv istiqamətlərində maliyyə çatışmazlığının yaranmasına gətirib çıxarır. İri şirkətlər və korporasiyalar daxilində korporativ universitet adlandırılan elmi-təhsil komplekslərinin yaradılması ilə bu problemi aradan qaldırmaq mümkündür. Klaster tipli regional və sahə strukturlarının yaradılması da universitetlərin, elmi təşkilatların və iqtisadiyyatın qarşılıqlı fəaliyyətini təmin edən vasitələrdir.
Elmtutumlu texnologiyaların işlənməsində istifadə olunan laboratoriya və eksperimental avadanlıqların fiziki və mənəvi cəhətdən köhnəlməsi, yeni avadanlıqların isə baha olması ali məktəblər arasında kooperasiya əsasında kollektiv istifadə mərkəzlərinin, o cümlədən superkompyuter, elektron mikroskop, 3D skaner, 3D printer və s. ilə təchiz olunmuş mərkəzlərin, nanotexnologiya və biotexnologiya mərkəzlərinin yaradılması məsələsini ön plana çəkməlidir.
Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin elmtutumlu texnologiyalar əsasında inkişafı dövlətin siyasətinin prioritet istiqamətlərindən biridir və müdafiə sənayesi kompleksinin (MSK) qarşısında qoyulmuş məsələlərin reallaşdırılmasında yüksəkixtisaslı mütəxəssislərin yeni nəslinin hazırlanmasını tələb edir. MSK-nın inkişaf səviyyəsi ölkənin milli təhlükəsizliyinin təminatçısı olmaqla bərabər, iqtisadiyyatın maşınqayırma, cihazqayırma, nəqliyyat, rabitə, yanacaq-enerji kompleksi kimi vacib sahələrində elmi-texniki tərəqqinin səviyyəsini müəyyənləşdirməlidir. Bu gün MSK-da həyata keçirilən inteqrasiya prosesləri, son nəsil rəqəmli proqramla idarə olunan çoxməqsədli texnoloji avadanlıqların və texnoloji xətlərin tətbiqi, yeni texnologiyaların transferi müdafiə təyinatlı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirməyi tələb edir.
Modernləşən və yeni
texnologiyaların transferini həyata
keçirən MSK-nın müəssisələrində orta ixtisas təhsilli
mütəxəssislərə və ixtisaslı fəhlələrə
də böyük ehtiyac
var. Bu problemlərin həlli üçün
AzTU-nun nəzdində MSK ixtisasları
üzrə ixtisaslaşmış lisey və
kollecin yaradılması xüsusi
aktuallıq kəsb edən məsələlərdəndir. İnteqrasiya olunmuş iri strukturlar daxilində müəssisələrin mühəndis-texniki
işçiləri və ixtisaslı fəhlələri üçün
ixtisasartırma, yeni ixtisasalma
və digər əlavə təhsil xidmətləri təşkil olunmalıdır. Belə mərkəzlər həmçinin müxtəlif beynəlxalq assosiasiyalar
çərçivəsində, məsələn, MDB Ölkələri
Texniki Universitetləri Assosiasiyası, Xəzəryanı
Ölkələrin Universitetləri Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələri
Universitetləri Assosiasiyası
çərçivəsində də yaradıla bilər
ki, bu da universitetlərin maliyyə problemlərinin həllini
asanlaşdırardı.
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının uğurla həyata keçirilməsini təmin edən səmərəli icra mexanizmləri cəmiyyətin rifahı naminə çalışan, zəruri əxlaqi və mənəvi dəyərlərə malik olan, ölkənin gələcəyini və inkişaf yollarını görə bilən dünya səviyyəli milli təəssübkeş elitanın formalaşdırılmasına xidmət etməlidir. Bu insanlar müxtəlif peşələrə malik olmalarına, müxtəlif fəaliyyət sahələrində çalışmalarına və müxtəlif maraqlara xidmət etmələrinə baxmayaraq, özlərini məsləkdaş, bir komandanın üzvləri saymalıdırlar. Ölkənin modernləşdirilməsi dövrünün elitası həyatın mənasını şəxsi zənginləşmədə deyil, milli və transmilli şirkətlərin yaradılmasında, səmərəli iqtisadiyyatın və güclü dövlətin qurulmasında, vətəndaşların yüksək həyat səviyyəsinin təmin olunmasında görməlidir. Dövlət Strategiyasının reallaşması əsasında formalaşacaq Azərbaycanın yeni elitası dünya elitasının bir hissəsinə çevrilməlidir.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru, professor
Həsən HÜSEYNOV,
universitetin kafedra müdiri,
professor
Azərbaycan.-2014.- 8 yanvar.- S.6.