Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq

 məsələləri barədə fikir mübadiləsi aparılmışdır

 

Yanvarın 8-də Azərbaycan Respublikasının müdafiə nazir general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən Bakıda səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi, korpus generalı Atilla Gülanın rəhbərlik etdiyi qardaş ölkənin Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Türkiyə Silahlı Qüvvələrinin ali rütbəli zabitlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan general-polkovnik Zakir Həsənov işğal edilmiş torpaqlarımızın azad edilməsinin bölgə üçün vacibliyini vurğulamışdır. Nazir Azərbaycan tərəfinin işğal faktı ilə barışmayacağını bildirmişdir.

Qonaqlar ölkəmizə səfərdən məmnun qaldıqlarını bildirərək Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin möhkəmlənməsində belə görüşlərin rolundan və əhəmiyyətindən danışmışlar.

Daha sonra regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler iştirak etmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 9 yanvar.- S.1.