AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun «Əsərləri» –

«Ədəbiyyat məcmuəsi»nin xüsusi buraxılışı çapdan çıxmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Əsərləri" - "Ədəbiyyat məcmuəsi"nin xüsusi buraxılışı çapdan çıxmışdır. İnstitutdan bildirmişlər ki, 1946-cı ildən nəşr edilən və sayca 24-cü cild olan elmi nəşrin xüsusi buraxılışı  Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuşdur.

Xüsusi buraxılışın əvvəlində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin çoxəsrlik Azərbaycan ədəbiyyatı və nəhəng ədəbi simaları barədə dəyərli fikirləri yer almışdır. Kitabda həmçinin "AMEA-nın Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqında" akademiyanın rəyasət heyətinin 2013-cü il 17 oktyabr tarixli qərarı da verilmişdir.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Nizami adına Ədəbiyyat İnstitutu" məqaləsində ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirən institutun şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı  yetirmələri barədə müfəssəl məlumat verilmişdir. Tarixi oçerk səciyyəli bu məqalə ingilisrus dillərinə də tərcümə edilmişdir.

Məcmuədə yer almış ikinci məqalə "Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında (1933-2013)" (müəlliflər akademik İsa Həbibbəyli və filologiya üzrə elmlər doktoru Asif Rüstəmlidir) adlanır. Tarixi qaynaqlar əsasında qələmə alınmış bu tədqiqat işində institutun keçdiyi şərəfli yola nəzər salınır, bu elmi-tədqiqat müəssisəsində çalışmış görkəmli ədəbiyyatşünas alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı barədə müfəssəl məlumat verilir.

On səkkiz çap vərəqi həcmində nəşr olunmuş "Əsərlər"də yer alan məqalələr "Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları" və "Elmin yollarında" adlı iki bölmədə paylanmışdır. Birinci bölmədə  15, ikincidə isə 26 ədəbiyyatşünas alim haqqında bioqrafik oçerklər verilmişdir. Bu materiallar yığcam olsa da, əhatəlidir. Materialların hazırlanmasında institutun elmi əməkdaşlarının əksəriyyəti iştirak etmişdir.

AMEA-nın müxbir üzvü Teymur Kərimlinin "Nizami adına Ədəbiyyat İnstitutunun elmi nəşrləri" məqaləsində "Ədəbiyyat məcmuəsi" nəşrinin tarixinə nəzər salınmış, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə yeni yaradılan "Ədəbi əlaqələr" və "Poetika. izm" jurnalları haqqında məlumat verilmişdir.

Xüsusi buraxılışın sonunda AMEA-nın Humanitarİctimai Elmlər Bölməsi üzrə elmi-tədqiqat institutlarının 2013-cü ilə dair reytinq cədvəli verilmişdir. Bu cədvəldə Ədəbiyyat İnstitutunun yeri ön sıralardadır.

İsa Həbibbəylinin baş redaktorluğu ilə "Elm və təhsil" nəşriyyatında işıq üzü görmüş elmi jurnalın məsul katibi filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat redaktoru Töhfə Talıbovadır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 9 yanvar.- S.5.