Masallıda folklor festivalı

 

"Mədəniyyəti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir".

Heydər Əliyev

 

 

 

2013-cü ildə Masallıda genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri görülmüşdür. Rayon mərkəzinin, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişmişdir. Yeni-yeni ictimai binalar, yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilmiş, köhnələri əsaslı təmir edilmiş, parklar, xiyabanlar salınmış, küçələr, yollar asfaltlaşdırılmış, yaşayış məntəqələri qazlaşdırılmış, əhalinin su təchizatı yaxşılaşdırılmışdır.

Bununla yanaşı 2013-cü il masallılılar üçün min illər boyu yol keçib gələn, ulu əcdadlarımızdan miras qalmış folkorumuzun öyrənilməsi, tədqiqi, böyüməkdə olan gənc nəslə çatdırılması sahəsində də əlamətdar il olmuşdur. Dalbadal Masallıda folklor bayramı keçirildi. Rayon İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə növbəti illərdə də bu tədbiri keçirmək qərarına gəlmişdir. Festivala xarici ölkələrin folklor kollektivləri də dəvət olunurlar. Bu, respublikamızın digər ölkələrin xalqları ilə yaxınlaşmasına, qarşılıqlı şəkildə adət-ənənələrin öyrənilməsinə kömək etmiş olur. Həm də xalqımızı, mədəniyyətini təbliğ etməklə dünyaya tanıtmaq ağrılı problemimiz olan Qarabağ düyününün açılması işinə xidmət edir. Bu festival birona görə əlamətdar idi ki, ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmişdi.

Bu cümlələri yazarkən cari ilin iyun günləri bir daha kino lenti kimi gözlərim önündən keçdi. Cənubda, Masallı şəhərinin arxasında görünən meşə örtüklü yamyaşıl Talış sıra dağları teatr səhnəsindən asılmış təbiət mənzərəsi dekorasiyasını xatırladırdı. Şəhərdə böyük bir canlanma, yüksək əhvali-ruhiyyə  hökm sürürdü. Küçələr, meydanlar, parklar bayraqlarla, süarplakatlarla bəzədilmişdi. Hamı sevinc, bayram içində idi. Əmək kollektivləri dəstə-dəstə şəhərin mərkəzində yerləşən rayon icra hakimiyyəti binasının qarşısındakı əraziyə, II beynəlxalq folklor festivalının start götürdüyü meydana tələsirdilər.

Çox çəkmir ki, aparıcılar II beynəlxalq folklor festivalının açılışını Azərbaycan və inglis dillərində elan edirlər. Azərbaycan, Dağıstan, Gürcüstan, İran, Qazaxıstan, Latviya, Ukrayna, Rusiya, Türkiyə respublikalarının folklor kollektivləri milli musiqilərini, rəqslərini nümayiş etdirərək rayon mədəniyyət evinin qarşısına yollanırlar. Yol boyu küçələrin hər iki tərəfi adamla doludur. Masallılılar qonaqları səmimi sözlərlə salamlayır, onlara "xoş gəlmisiniz" deyirlər. Mədəniyyət evinin qarşısında isə sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil olunmuşdur. Festival iştirakçıları, xüsusilə xarici ölkələrin təmsilçiləri sərgidəki yüz illər, min illər yol keçib gələn, yaşadılan hər bir əl işinə, sənət nümunəsinə heyranlıqla tamaşa edir, onlar haqqında məlumat almağa çalışırlar. Həsirdən toxunmuş ayrı-ayrı əşyalar: palaz, zənbil, tərəzi, günlük, duluzçuluq məmulatlarından bardaq, səkçə, piti qabı, gül dibçəkləri, habelə taxtadan hazırlanmış bəzəkli sandıq, mücrü, yuniplik xalçalar, müxtəlif suvenirlər onların diqqətini özünə daha çox çəkir. Sərginin bir guşəsində qadınlar palaz üstə oturaraq cəhrə əyirir, hana toxuyur, qoğal, paxlava, şəkərbura və digər şirniyyatlar hazırlayırlar. Masallının mətbəx nümunələrindən ətirli çay, toyuq və balıq ləvəngiləri, kabab, müxtəlif şirniyyat məhsulları tədbir iştirakçılarının ağzını dada gətirir. Sərgidə ölkəmizin və Masallının turizm potensialını əks etdirən kitablar, jurnallar, bukletlər də özünə yer almışdı.

Festivalın birinci günü - 13 iyun tarixində saat 18-də folklor kollektivləri Heydər Əliyev parkına gəldilər. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq qonaqları salamladı və qeyd etdi ki, festival xalqlarımızı bir-biri ilə daha da yaxınlaşdıracaq, adət-ənənələrimizin, folklorumuzun, tariximizin qarşılıqlı surətdə öyrənilməsinə kömək edəcəkdir.

Respublika mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışında folklor festivalının Masallıda keçirilməsinin məziyyətlərindən, burada xalq ənənələrinin etibarlı şəkildə qorunub saxlanılmasından, nəsildən nəslə ötürülməsindən ətraflı söz açıb, festivalın işinə uğurlar arzuladı.

Yenə çal-çağır başladı, milli geyimdə olan folklor iştirakçılari məharətlərini nümayiş etdirdilər. Hər bir çıxış böyük hərarətlə qarşılandı. Ağdamın "Qarabağ bülbülləri" ansamblının ifa etdiyi "Qarabağ şikəstəsi" insanları duyğulandırdı. Digər ölkələrin folklor nümunələri ilə yanaşı, Masallının "Halay", Zaqataladan gələn folklor kollektivlərinin ifaları tamaşaçıların alqışı ilə müşayiət olundu.

Konsert başa çatdıqdan sonra qonaqlara yaxınlaşıb təəssüratlarını öyrənməyə çalışdıq.

Leyla Zinaddinova, Qazaxıstanın "Donbra Qopuz" qrupunun rəhbəri: - Təəssüratlarım çox yaxşıdır. Belə tədbirlər hər bir xalqın folklorunu, adət-ənənəsini yaşadan adamlara mənəvi qida verir. Görürlər ki, fəaliyyətlərini, ömürlərini çox mühüm bir işə həsr ediblər, min illik xalq nümunələrini yeni nəslə ötürürlər. Burada hər şey gözəldir. Təbiət də, insanlar da. Qonaqpərvərliyinizə isə söz ola bilməz. Belə festivallar xalqları biri-birinə yaxınlaşdırır. Qazaxıstanda çoxlu sayda azərbaycanlı yaşayır. Danışıq zamanı biri-birimizi çox aydın başa düşürük. Çünki türkdilli xalqların hamısı bir soydandır.

İrina Əhmədova, Dağıstanın "Deti Kavkaza" ("Qafqazın uşaqları") qrupunun rəhbəri: - Bu festivalda iştirak etməyimiz mənim kimi, rəhbərlik etdiyim qrupun hər bir üzvünüsevindirir. Biz iki yaxın xalqıq. Biləndə ki, Masallıda talış etnik azlığı yaşayır, marağım daha da artdı. Onlar da öz folklorlarını çox gözəl nümayiş etdirirlər. "Halay"ın çıxışlarından böyük zövq aldım. Azərbaycan tolerant ölkədir. Bizim Dağıstan kimi, sizdə də xeyli sayda azsaylı xalqlar yaşayır. Bilirəm ki, hər birinin öz folklorunu, tarixini, keçmiş adət-ənənələrini yaşatması üçün dövlət tərəfindən onlara xüsusi diqqət və qayğı göstərilir. Festivalın yüksək səviyyədə təşkili məni heyran etdi. Heç bir şey unudulmayıb. Buna görə sizə həsəd aparıram.

Adnan Karaca, Türkiyənin Ankara şəhərindən gələn 15 nəfərlik qrupun rəhbəri: - Böyük dövlət xadimi Heydər Əliyevin dediyi kimi, "biz bir millət, iki dövlətik". Burada folklor festivalı çərçivəsində biz bunu bir daha yaxından hiss etdik, duyduq. Festival eyni zamanda digər xalqların da folkloru ilə tanış olmaq imkanı yaratdı. Masallıya valeh oldum. Gözəl, abad bir yerdir. Rəsmilərindən, vətəndaşlarından çox böyük hörmət, məhəbbət gördük. Allah sizləri hər vaxt ucaltsın. Azərbaycanın varlığı Türkiyənin varlığıdır. Hamınıza sevgimizi, sayğılarımızı bildirirəm. Yaşasın Türkiyə ilə Azərbaycanın qardaşlığı.

İyunun 14-də saat 11-də kollektivlər yenidən bir yerə toplaşdılar. Onlar avtobusa oturaraq rayonun Hişkədərə və Həsənli kəndlərinə yola düşdülər. Hər iki kəndin əhalisi festival iştirakçılarını sevinclə, gül-çiçəklə qarşıladılar. Folklor kollektivləri burada da böyük coşqu ilə öz ustalıqlarını nümayiş etdirdilər. Kənd sakinləri "yaşayın", "var olun" sözləri ilə onları alqışladılar.   

Festivalın üçüncü günü kollektivlərin səhər saatlarında şəhərin Nizami Gəncəvi parkına gəlməsi ilə başladı. Burada final konsertinin məşqləri keçirildi. Kollektivlərin hər biri dönə-dönə məşq edərək yekun konsertində daha yüksək təəssürat yaratmağa çalışırdı. Nəhayət, konsertin vaxtı gəlib çatdı. Final konserti Heydər Əliyev parkında keçirildi. Parkda adam əlindən boş yer tapmaq mümkün deyildi. Yenə də nəğmələr, rəqslər, musiqi sədaları altında folklor kollektivləri ustalıqlarını göstərdilər. Tədbir gecədən keçənə kimi davam etdi. Sonda kollektivlərə xatirə diplomları, hədiyyələr verildi. Masallıda keçirilən II beynəlxalq folklor festivalı, beləliklə, başa çatdı.

Qeyd etmək lazımdır ki, ikinci ildir, dalbadal Masallıda folklor festivalı keçirilir. Bunun məntiqi mənası belədir ki, Masallı Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Arxeoloji qazıntılar, elmi araşdırmalar və yazılı mənbələr göstərir ki, qədim insanlar bu ərazidə 15-20 min il əvvəl məskən salmışlar.

Masallı antik dövrdə Midiya, Midiya-Atropatena, sonralar Qafqaz Albaniyasının Kaspiana vilayətinin, XVI əsrdən XVIII əsrin ortalarına qədər Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından Talış xanlığının tərkibində olmuşdur. Masallı rayonu ərazisində üzərində tarixin izləri qalmış 168 qədim abidə mövcuddur. Masallıda xalqımıza, xüsusilə cənuib bölgəsinə məxsus olan yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də yaşamaqdadır.

Bu əvəzsiz mənəvi dəyərləri qorumaq, gələcək nəsillərə çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Çünki ana dili kimi folklor da xalqın mənəvi dəyəri, milli kimliyidir. Elə buna görə də folklorumuzun təbliği, gənc nəsil tərəfindən öyrənilməsi ilə bağlı son illər sistemli şəkildə tədbirlər görülməkdədir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "2010-2012-ci illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramı tərtib etmişbu Proqrama əsasən, 2012-ci ildə Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilmişdir. Bunanla bağlı rayon icra hakimiyyətində təşkilat komitəsi yaradılmışdır. Tədbir çərçivəsində şəhər, qəsəbə və kəndlərdə yaşayan yaşlı nəslin nümayəndələri, ziyalılar, din xadimləri ilə görüşlər keçirilmiş, söhbətlər aparılmışdır. Adamların sinəsində, yaddaşında yatıb qalan bir çox folklor nümunələri aşkarlanaraq qələmə alınmış, "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Folklor nümunələrini yaşadan "Halay" xalq kollektivi nəinki respublikamızda, onun hüdudlarından kənarda da tanınır. O 1957-ci ildə həvəskar mədəniyyət işçisi, etno-folklorun, mərasim və əmək nəğmələrinin mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən yaradılıb. Artıq 50 ildən çoxdur ki, kollektiv folklor nümunələrini insanlara çatdırır və sevdirir. Çəkilən zəhmət hədər getməmişdir. Həvəskar qızlardan ibarət qrup "xalq kollektivi" adına layiq görülmüşdür. Ucqar dağətəyi kəndindən başlanan yaradıcılıq yolu "Halay"ı respublikamızın nüfuzlu səhnələri ilə yanaşı, uzaq-uzaq ölkələrin: Macarıstan, İraq, Türkiyə, Rusiya - ümumilikdə 30-a yaxın ölkə tamaşaçılarının görüşünə aparmışdır.

2012-ci ildə keçirilən "Masallı - Azərbaycanın folklor paytaxtı" tədbiri də yüksək səviyyədə keçmişdi. Respublika Mədəniyyət və Turizm Nazirliyinin, habelə Masallı Rayon İcra Hakimiyyətinin birgə razılığı ilə qərara alınmışdır ki, növbəti illərdə də belə tədbirlər keçirilsin. Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının rəhbərliyi ilə 2013-cü ildə keçirilən festivala hazırlıq görüldü. Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müvafiq qurumları ilə birlikdə 2 cildlik "Masallı folklor toplusu" kitabı ərsəyə gəldi. Bundan əlavə, rayonun tarixini, coğrafiyasını, təbiətini, turizm potensialını özündə əks etdirən "Masallı ensiklopedik toplusu" nəşr edildi. Bu sıradan II beynəlxalq folklor festivalı ilə bağlı hazırlanan məlumat kitabçası da təqdirəlayiqdir.

Beləliklə, Masallıda keçirilən II beynəlxalq folklor festivalı yüksək səviyyədə başa çatdı. Ayrı-ayrı ölkələrdən gələn nümayəndələr qarşıdakı illərdə yenidən görüşmək ümidilə ayrıldılar.

2013-cü il başa çatdı. Bu ilin yaz-yay qovuşağında keçiriləcək növbəti folklor festivalına elə indidən hazırlıq işləri görülür.

 

 

 

Seyran CAVADOV,

Azərbaycan.-2014.- 9 yanvar.- S.6.