Milli-mənəvi dəyərlərə yüksək dövlət qayğısı

 

"Kitabi-Dədə Qorqud" dastanına

 olan münasibət bunun təsdiqidir

 

 

Oğuz türklərinin dünyagörüşü, Azərbaycan xalqının tarixi keçmişi, mənəvi dəyərləri, adət-ənənələri, toponimləri əks olunmuş "Kitabi-Dədə Qorqud" eposu dastan dilimizin qədim incəliklərini, minilliyin hadisələri və şəxsiyyətlərini, mədəniyyətini öyrənmək baxımdan da zəngin mənbədir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev dastanın öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ilə əlaqədar  xüsusi qərar və sərəncamlar imzalamışdır.

Xatırladaq ki, hələ 1975-ci ildə   respublikanın rəhbəri Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə "Dədə Qorqud" bədii filmi çəkilib. 2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə xalqımızın mənəvi və etnoqrafik tarixi dastanı olan "Kitabi-Dədə Qorqud"un 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə, dövlət səviyyəsində qeyd olunub.

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı  daha bir fərmanla Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. Dövlət başçısının 2007-ci ildə imzaladığı "Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında" Sərəncama əsasən, Dədə Qorqud heykəli və "Dədə Qorqud dünyası" tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün  tapşırıqlar verilib. Bunların nəticəsidir ki, Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb və etnoqrafiya muzeyini  xatırladan parkın mərkəzində isə "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb.

Yeni istirahət məkanlarından biri kimipaytaxt sakinlərinin ixtiyarına verilən parkın və abidə kompleksinin açılış mərasimində dövlət başçısı iştirak edərək bu əlamətdar tarixi və mədəni  hadisə ilə əlaqədar xalqımıza bir daha təbriklərini çatdırdı.

Əlbəttə, "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir. Bununla yanaşı, yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə töhfə verərək paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti mərasimdə bu əlamətdar hadisəni yüksək qiymətləndirərək bildirdi ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur: "Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur. Bir sözlə, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalq ədəbiyyatının yazılı abidəsidir. Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür".

Yeri gəlmişkən, adıçəkilən dastanın 1950-ci ilə kimi, yəni sovetlər dövründə qadağan edilməsini də unutmaq olmaz. Lakin ötən əsrin əllinci illərindən sonra Azərbaycan alimlərinin səyləri nəticəsində əsərin tədqiq edilməsinə başlanması, Oğuz türklərinin ümumi dastanı kimi tanınan "Kitabi-Dədə Qorqud" un tədqiqi ilə bağlı elmi işlərin Azərbaycan alimlərinə məxsus olması da diqqətçəkən faktlardandır. Bu, bir daha onu göstərir ki, Azərbaycanda "Kitabi-Dədə Qorqud" dastanına xüsusi münasibət var. Həm də ona görə ki, dastanda Oğuz eli kimi coğrafi məfhum Azərbaycan ərazilərini əhatə edir.

1970-1980-ci illərdə Heydər Əliyevin tövsiyəsi ilə əsərin təbliği, dünya ictimaiyyətinə çatdırılması ilə bağlı konkret qərarlar qəbul edilib. Ulu öndərin tövsiyəsi ilə yetmişinci illərdə bədii film çəkilib. Müstəqillik dövründə - 1993-2003-cü illərdə isə dastanın dünya ictimaiyyətinə çatdırılması üçün çox böyük işlər görülüb.

Azərbaycan Prezidenti İlham Əliyev "Kitabi-Dədə Qorqud" dastanı ilə bağlı fikirlərini bölüşərkən bildirdi ki, Türk dünyasında gedən inkişaf, qarşılıqlı əməkdaşlıq, müsbət demoqrafik dinamika bizi daha da gücləndirəcək və türkdilli dövlətlərin əməkdaşlığı, bir-birinə olan dəstəyi hesabına hər bir dövlət öz milli maraqlarını daha böyük dərəcədə qoruya biləcəkdir: "Bizim ölkələrimizi əlbəttə ki, siyasi maraqlar, iqtisadi sahədəki əməkdaşlıq bağlayır. Əməkdaşlığımızın təməlində tarixi köklər dayanır, o cümlədən "Kitabi-Dədə Qorqud" dastanı burada çox böyük rol oynayır. Ona görə mən hesab edirəm ki, bugünkü mərasim türk dünyasında gözəl əks-səda verəcəkdir".

Dövlət başçısının vurğuladığı kimi, "Kitabi-Dədə Qorqud" dastanı türk dünyasını daha da sıx birləşdirir.  Azərbaycan Prezidentinin bu istiqamətdə yürütdüyü siyasət xalqlarımız tərəfindən birmənalı şəkildə təqdir edilir. Çünki ölkə rəhbəri türkdilli dövlətlərin daha sıx birləşməsi üçün səylərini əsirgəmir: "Bu, bizim xarici siyasətimizin ayrılmaz hissəsidir, əsas istiqamətlərindən biridir. Türkdilli ölkələrin dövlət başçılarının Azərbaycanda keçirilmiş Zirvə görüşləri bunun əyani sübutudur. Bakıda, Naxçıvanda, Qəbələdə keçirilmiş Zirvə görüşləri türk dünyasını daha da sıx birləşdirir. Son Zirvə görüşündə mən qeyd etmişdimbir daha demək istəyirəm ki, XXI əsr türk dünyasının əsri olmalıdır" - deyə dövlətimizin rəhbəri bildirmişdir.

Azərbaycan Prezidenti "Dədə Qorqud" dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında 28 dekabr 2013-cü il tarixdə Sərəncam imzalaması ilə bir daha milli-mənəvi dəyərlərə dövlət qayğısını təsdiqləmişdir. Sərəncamda deyildiyi kimi, Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir.

 

 

 

Məhəmməd NƏRİMANOĞLU,

Azərbaycan.-2014.- 9 yanvar.- S.6.