Damcılı bulaq, sirli Azıx və patriarxın arzuları

 

Gizli tarix

 

"Arxeoloji mənbələr tarixin güzgüsüdür. Əgər yazılı mənbələri saxtalaşdırmaq mümkündürsə, arxeoloji mənbələrlə bu cür davranmaq qeyri-mümükündür. Məhz buna görə də dünya alimləri tarixin tədqiqində arxeoloji mənbələrə daha çox üstünlük verirlər. Lakin arxeoloji mənbələr bilikli, geniş məlumatlı və dərin savadlı arxeoloq əlinə düşəndə daha böyük elmi əhəmiyyət kəsb edir, tarixi həqiqətlər necə varsa, eləcə də ortaya qoyulur. Arxeoloji mənbələr, tarixi abidələr savadsız, naşı tədqiqatçı-arxeoloq əlinə düşüb, elmi-dəyərini itirincə, yüz illər boyu toxunulmaz şəkildə, torpaq altında qalsa yaxşıdı..."

Bu sözlər Azərbaycan arxeologiya elminin şöhrətli alimi, tarix elmləri doktoru, professor Məmmədəli Hüseynova məxsusudur. Aradan illər keçsə də, deyilənlər tarixi keçmişimizi araşdıran, arxeoloji materiallarla məşğul olan gənc alimlərimiz üçün əhəmiyyətini qoruyub saxlamaqdadır. Həqiqətən, uzaq keçmişin tədqiqində ən mühüm mənbə arxeoloji tapıntılar hesab olunur. Arxeoloji mənbələr əsasında ilk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması, tarixi keçmişin ayrı-ayrı mərhələləri haqqında dəqiq fikir söyləmək olar. Məhz arxeologiya elminin aşkara çıxardığı maddi mədəniyyət qalıqları vasitəsilə bəşəriyyətin hansı yollarla inkişaf etdiyini, hansı dolambaclardan keçdiyini, dünənə söykənərək sabaha necə getdiyini anlamaq mümkündür.

Bu yolda inamla addımlayan, Azərbaycan arxeologiya elminin inkişafında xüsusi xidmətləri olan Məmmədəli Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Mollacəfərli kəndində anadan olub, elə orda da orta məktəbi bitirib. Ağlı kəsəndən  həmişə sirli-sehrli sözlər eşidib, tarixi bilinməyən daşların, qayaların arasında uşaqlıq illəri keçib. Bəlkə elə onlar idi ömrü boyu onu qoruyan. Bəlkə elə onların sayəsində 1941-1945-ci illərin qanlı döyüşlərindən M.Hüseynov sağ-salamat çıxıb Vətənə qayıda bildi. Məmmədəli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirərək Tarix Muzeyində əmək fəaliyyətinə başladı. Elə həmin dövr onun arxeologiya elmi ilə - gizli tarixmizlə daha yaxından məşğul olmasına bir təkan verdi və tezliklə Azərbaycan paleolit məktəbinin banisinə, dünya şöhrətli bir alimə çevrildi. Dünya arxeologiyasında böyük hadisə olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı da Məmmədəli Hüseynov idi. Onun Azıxda və digər düşərgələrdə apardığı arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində Azərbaycan ərazisində qədim insan düşərgələrinin tarixinin 1,2 milyon ildən artıq olduğu sübuta yetirdi. Bu xidmətlərinə görə Məmmədəli Hüseynov, Azərbaycan arxeologiya elminin patriarxı kimi yad edilməkdədir.

1953-cü ilin noyabr ayında Məmmədəli Hüseynovun görkəmli paleolitşünas alim, professor S.N.Zamyatin ilə birlikdə Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonlarında daş dövrü abidələrini öyrənmək məqsədi ilə arxeoloji kəşfiyyat işləri apararkənı mühüm bir elmi nəticə əldə edildi, daş dövrünün mustye, mezolitneolit mədəniyyətlərinə aid arxeolojipalentaloji məmulatlar aşkar olundu. Beləlilklə, hələ 1881-ci ildə Tiflisdə V arxeoloji qurultayda səslənən Azərbaycanda daş dövrü abidələrinin olmadığı haqqında qərarın əsassızlığı elmi faktlarla sübuta yetirildi. Bunun ardınca M.Hüseynovun rəhbərliyi altında 1958-ci ildə Qazax rayonu ərazisində Daşsalahlı mustye düşərgəsində zəngin elmi materiallar aşkara çıxarıldı.

1960-cı ildə Tbilisidəki Arxeologiya, EtnoqrafiyaTarix institutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri"adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan M.Hüseynov ən böyük arzusunun ardınca Qarabağa üz tutur və tezliklə Quruçay və Köndələnçay sahillərində Azıx və Tağlar paleolit düşərgələrinin tədqiqinə başlayır. Füzuli şəhərindən 16 kilometr aralıda, Tuğ çökəkliyində yerləşən bu düşərgələrdə 1960-1986-cı illərdə aparılan kompleks arxeoloji tədqiqatlar zamanı 10 arxeoloji təbəqə qeydə alınıb. Elmi tədqiqatlar zamanı sübuta yetirilib ki, hələ  qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olubbu, hələ 2,5 milyon il əvvəl Quruçay vadisində sivilizasiynın mövcudluğundan xəbər verir. 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsində aparılan arxeoloji qazıntılar zamanı əmək alətləri ilə birlikdə qədim insan çənəsi də tapılaraq tədqiqata cəlb edildi. Bununla əlaqədar professor D.Hacıyevin apardığı elmi tədqiqatlar nəticəsində həmin çənənin 350 min il əvvəl burada yaşamış 18-22 yaşlı qadına məxsusluğu müəyyən edildi.

1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisdə yerləşən İnsan muzeyində təşkil olunan "Avropanın ilk sakinləri" adlı sərgidə dünyanın ən qədim insan düşərgələrindən aşkarlanan arxeolojipaleoantropoloji tapıntılar nümayiş etdirilmişdiorda keçmiş SSRİ-dən ancaq Azıx və Tağlar paleolit düşərgələrindən tapılan maddi mədəniyyət qalıqları üçün guşə ayrılmışdı...

Dünyanın heç bir paleolit düşərgəsindən burdakı əmək alətlərinə rast gəlinmədiyinə görə Azıx və Tağlar mağaralarında bu tapıntılara Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunan "Quruçay mədəniyyəti" adı verilib.

Sübut olunub ki. burda qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarınıdan istifadə edib və onları məhz Quruçaydan toplayaraq Azıx düşərgəsinə gətiriblər.

Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılan tədqiqatlar zamanı respublika ərazisində çoxlu tarixi abidə aşkar olundu və nəticədə Azərbaycan paleolit məktəbi ərsəyə gəldi. 1985-ci ildə Kiyevdə "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru,  1987-ci ildə professor adını qazanan M.Hüseynov uzun illər ArxeologiyaEtnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etdi. Eyni zamanda Bakı Dövlət Universitetinin tarix fakültəsində arxeologiyaetnoqrafiya kafedrasının müdiri oldu. Azərbaycanda arxeologiya elminin təşəkkülündən danışanda ilk yada düşən Məmmədəli Hüseynovdur. Onun bu sahədə gördüyü işlər misilsiz və əvəzolunmazdır.

Alimin gərgin zəhməti sayəsində Azərbaycanda  arxeologiya elmində yeni bir yol açıldı və onun davamçıları bu gün də o yolla irəliləməkdədirlər. Məmmədəli müəllimin ən böyük xidməti Qarabağda - Azıx paleolit düşərgəsində apardığı tədqiqatlardır. Bunlar həm də onun millət sevgisindən, böyük vətəndaş olduğundan xəbər verir. Qarabağ həm də onun arzularının məkanı idi. Məhz ona görə itirilən torpaqların ağrısı onu çox yaşatmadı. Uzun illər Məmmədəli Hüseynovla birgə çalışan AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun qeyd etdiyi kimi, o, "...yaradıcılığının ən məhsuldar vaxtında - 1994-cü il iyulun 5-də vəfat etdi. Lakin yaratdığı Azərbaycan paleolit məktəbinin məzunları bu günprofessor M.Hüseynovun xatirəsini əziz tutur, arzularını həyata keçirmək yolunda uğurlu tədqiqat işləri aparırlar. Təsadüfi deyil ki, həmin məktəbin nailiyyətlərini Avropada və dünyanın digər ölkələrində yüksək qiymətləndirirlər. Elə bu sətirlərin müəllifinin 2001-2005-ci illərdə Beynəlxalq İNTAS-2000 proqramı üzrə Avropa alimləri ilə birgə apardığı elmi tədqiqat işləri nəticəsində əldə olunmuş elmi nailiyyətləri də dediklərimizə əyani sübutdur."

 

 

 

(ardı var)

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2014.- 9 yanvar.- S.6.