Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2014-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
iclası keçirilmişdir
Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlət başçısı iclasda giriş nitqi söylədi.
Prezident İlham Əliyevin
giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2013-cü ilin yekunlarını müzakirə edəcək, 2014-cü ildə qarşıda duran vəzifələr haqqında danışacağıq.
Deyə bilərəm ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik.
Azərbaycanın beynəlxalq nüfuzu artdı. Beynəlxalq əlaqələrimizin inkişafı üçün gözəl imkanlar vardır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu. Mən bəyan etdiyim kimi, BMT Təhlükəsizlik Şurasında biz beynəlxalq hüququ və ədaləti müdafiə etmişik, hər bir məsələ ilə bağlı konkret mövqe sərgiləmişik, prinsipial mövqe tutmuşuq. Deyə bilərəm ki, bu iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artdı. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasına seçiləndə 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir. Hazırda hesab edirəm ki, bu dəstək daha da böyükdür.
Bu, onu göstərir ki, beynəlxalq aləm dövlətimizin mövqeyini müdafiə edir, dəstəkləyir, addımlarımızı təqdir edir. Çünki Azərbaycan bütün beynəlxalq təşkilatlarda özünü ləyaqətlə aparır, prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutur. Şübhəsiz ki, beynəlxalq birlik bu amilləri nəzərə alaraq Azərbaycana dəstəyini daha da artıracaqdır.
2013-cü
ilin əvvəlində Avropa Şurası Parlament
Assambleyasında da əlamətdar hadisə baş
vermişdir. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız,
qərəzli, ikili standartlar əsasında təşkil
edilmiş hücum fiaskoya uğramışdır. Assambleyada
böyük əksəriyyət antiazərbaycan
kampaniyasına qoşulmamışdır, bu, kampaniyanın təşəbbüskarlarını,
o cümlədən pərdəarxası təşəbbüskarlarını
məyus etmişdir və Azərbaycanın haqlı
mövqeyini müdafiə etmişdir. Siyasi amillərlə
şərtlənən qətnamənin layihəsi keçmədi,
Azərbaycanın mövqeyi üstünlük təşkil
etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti
qələbə qazanmışdır.
Bu
hadisə bir də onu göstərmişdir ki, haqq-ədalət
həmişə zəfər çalmalıdır. Azərbaycan
öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi
və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə
vurulan ən böyük zərbələrdən biridir. Hesab
edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan
antiazərbaycan qruplaşmalar özləri üçün nəticə
çıxaracaqlar.
2013-cü
ildə Azərbaycanda bir sıra beynəlxalq tədbir
keçirilmişdir. Mən onlardan İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində Fələstinə
yardım məqsədilə konfransı qeyd etmək istəyirəm.
Azərbaycan bu konfransın keçirilməsində təşəbbüskar
kimi çıxış etmişdir. Hesab edirəm ki, bu, bizim
mövqeyimizi əks etdirir. Fələstinli
qardaşlarımıza olan dəstəyi biz bir daha
nümayiş etdirdik. Bakıda İslam Əməkdaşlıq
Təşkilatının, üzv ölkələrin nazirlərinin
iştirakı ilə böyük donor konfransı
keçirilmişdir və Azərbaycan öz tərəfindən
Fələstinə maddi yardım da etmişdir.
Keçən
il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi
istiqamətində önəmli saziş imzalandı. Bu, bizim
Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür.
Bu münasibətlər gələcəkdə də
inkişaf edəcəkdir. Hazırda - təbii ki, 2014-cü
ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin
gələcək formatı müəyyən edilməlidir.
Mən
dəfələrlə bəyan etmişəm ki, biz Avropa
İttifaqı ilə və üzv olmadığımız
bütün başqa təşkilatlarla səmərəli
işgüzar münasibətlər qurmaq istəyirik. Biz buna
nail ola bilmişik. Üzv olmadığımız
bütün təşkilatlarla münasibətlərimizin
prinsipləri açıqdır, aydındır və beynəlxalq
prinsiplərdən kənarda deyildir, qarşılıqlı
hörmət, bir-birinin işinə qarışmamaq,
qarşılıqlı dəstək, anlaşma və hərtərəfli
əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz
növbəti illərdə Avropa İttifaqı ilə daha da
səmərəli formatın yaradılmasına nail
olacağıq.
Bakıda III Beynəlxalq Humanitar Forum
keçirilmişdir. Bu, artıq gözəl ənənədir
və dünya ictimaiyyətinin diqqətini çəkir.
Tanınmış siyasətçilər, elm
xadimləri, 10-dan çox Nobel mükafatı laureatı bu tədbirdə
iştirak etmişlər. Artıq Azərbaycan
dünya gündəliyində dözümlülük,
tolerantlıq, humanitar əməkdaşlıq məsələləri
ətrafında öz böyük rolunu ortaya qoymuşdur.
Bakı və Azərbaycan artıq
dünyanın multikulturalizm, tolerantlıq,
dözümlülük mərkəzlərindən birinə
çevrilibdir. Artıq beynəlxalq
ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir.
İkinci Mədəniyyətlərarası Dialoq Forumu
keçirilmişdir. Təxminən bu forumun da gündəliyi
oxşardır. Yəni, bir sözlə, Azərbaycanda
keçirilən çoxsaylı tədbirlər, o cümlədən
dünyanın bir nömrəli iqtisadi qurumu olan Dünya
İqtisadi Forumunun - Davos Forumunun toplantısının
Bakıda keçirilməsi ölkəmizin önəmini
artırdı, beynəlxalq imicini möhkəmləndirdi və
Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha
dünya ictimaiyyətinə təqdim etdi. Yəni mən bu
gün, sadəcə olaraq, cəmi bir il ərzində
keçirilən əsas beynəlxalq tədbirləri
sadalamışam. Görün, nə qədər böyük
işlər görülmüşdür və Azərbaycanın
mövqeyi nə qədər möhkəmləndirilmişdir.
Bizim
başqa ölkələrlə ikitərəfli formatda
münasibətlərimiz də inkişaf etmişdir. Mənim
çoxsaylı xarici səfərlərim, xarici qonaqların
Azərbaycana səfərləri bu əlaqələri daha da
möhkəmləndirmişdir. Əminəm ki, bu il də bu
meyil davam etdiriləcəkdir.
Xarici
siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
işində, əfsuslar ki, heç bir irəliləyiş
olmamışdır. Ermənistan tərəfi il ərzində
danışıqlar prosesini yenə də müxtəlif bəhanələrlə
uzatmaq taktikasını seçmişdir. Demək olar ki, il ərzində
danışıqlar prosesində heç bir irəliləyiş
olmamışdır, durğunluq hökm
sürmüşdür. Sadəcə olaraq, ilin sonunda müəyyən
canlanma müşahidə edilib. Görərik, əgər Ermənistan
məsələnin həlli ilə bağlı konstruktiv
mövqe nümayiş etdirərsə, qısa müddət ərzində
razılaşmaya gəlmək mümkün olacaqdır. Müəyyən
ümidlər, müəyyən nikbin məqamlar vardır,
ancaq 2014-cü ildə biz bunları
araşdıracağıq. Hər halda, 2014-cü ildə Ermənistanın
həqiqi niyyəti tam bəlli olacaqdır. Sözün
düzü, keçən dövr nikbinliyə o qədər də
əsas vermir. Çünki Ermənistan bütün
danışıqlar prosesi zamanı qeyri-konstruktiv mövqe sərgiləmişdir,
vaxtı uzatmaq taktikasını seçmiş və beləliklə,
danışıqlar prosesini iflic vəziyyətə
salmışdır.
Ancaq əgər
Ermənistanda realist yanaşmalar üstünlük təşkil
edərsə, hesab edirəm ki, qısa müddət ərzində
münaqişə ilə bağlı irəliləyiş ola
bilər. Realist yanaşma isə gerçəyə, real
güclər nisbətinə söykənməlidir. Azərbaycanın
artan gücü də burada öz rolunu oynayır və
oynayacaqdır. Bu gün Ermənistan ilə Azərbaycan
arasında müqayisə apardıqda bizim
üstünlüyümüz hər bir sahədə
açıq-aydın özünü büruzə verir. Bizim
dövlət büdcəmiz Ermənistanın dövlət
büdcəsindən 10 dəfə böyükdür.
Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə
çoxdur. Bizim bütün potensialımız güclənir,
böyüyür, artır, Ermənistanda isə həm
çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət
yaşanır. Deyə bilərəm ki, demoqrafik fəlakət
yaşanır və bunu Ermənistanın rəsmi orqanları
da təsdiq edir. Ona görə əgər Ermənistan rəhbərliyi
məsələyə ciddi yanaşarsa və Ermənistan
dövlətinin maraqlarını üstün tutarsa,
açıq-aydın anlayar ki, Azərbaycan ilə bundan sonra rəqabət
aparmaq üçün onlarda nə imkanlar var, nə də ki,
potensial.
Hesab etmirəm
ki, hansısa bir ölkə üçün ancaq xarici
yardıma arxalanmaq böyük şərəf gətirir. Hər
bir ölkə hər halda çalışmalıdır ki,
öz müstəqilliyini qorusun, öz seçimini müdafiə
etsin, öz dövlətinin gələcəyi haqqında
düşünsün. Hər halda, güclər nisbəti
çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi.
Mən bu barədə hələ 5-6 il bundan əvvəl
demişəm, öz fikirlərimi bildirmişəm. Artıq
biz buna nail ola bilmişik və bundan sonrakı dövr də,
şübhəsiz, Azərbaycan dövləti
üstünlüyünü daha da möhkəmləndirəcəkdir.
Ümid
edirik ki, danışıqlar prosesində müsbət dəyişikliklər
olacaqdır. Beynəlxalq vasitəçilər
çalışırlar ki, burada irəliləyiş olsun.
Ancaq mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin
hələ ki, heç bir nəticəsi olmamışdır.
Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən,
onların dövlət başçıları tərəfindən
müsbət bəyanatları eşidirik. Onların içində
xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik
edən ölkələrin dövlət
başçılarının birgə bəyanatlarında
status-kvonun qəbuledilməzliyi haqqında sözlər
deyilmişdir. Bu, çox müsbət haldır. Eyni zamanda,
onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ
yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət
qədər alternativ vardır. Sadəcə olaraq, biz istəyirik
ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan
öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm
ki, danışıqlarla bağlı prosesdə vasitəçilər
daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq, Ermənistan
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini
icra etməlidir, işğal edilmiş torpaqlardan
çıxmalıdır və Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir.
Razılaşmanın prinsipləri bundan ibarətdir.
Azərbaycan
heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin
yaradılmasına imkan verməyəcəkdir. Məsələ
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həll edilməlidir və həll ediləcəkdir. Mən
buna şübhə etmirəm və buna nail olmaq
üçün biz hələ ki, danışıqları
davam etdirəcəyik, ancaq öz gücümüzü də
artıracağıq.
O cümlədən
hərbi gücümüz də artır. 2013-cü ildə
ordu quruculuğu ilə bağlı önəmli addımlar
atılmışdır. Biz çox ciddi islahatlara
başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir.
Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə
böyük dərəcədə artacaqdır. Qeyd etməliyəm
ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar,
yeni prinsiplər, döyüş taktikası ilə
bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın
yaranmasına gətirib çıxarır. Nəzərə
alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə
silah-sursat, texnika almışdır, - ən müasir
texnikadır, - bizim döyüş qabiliyyətimiz
böyük dərəcədə artacaq, artır və bu,
danışıqlar prosesinə ancaq müsbət təsir
göstərəcəkdir.
Bəzi
hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumlar,
yaxud da Ermənistanın dəyirmanına su tökən siyasətçilər
bizi tənqid etməyə çalışırlar ki, nə
üçün Azərbaycan hərbi büdcəsini
artırır. O ölkələrin nümayəndələri
bunu deyir ki, onların hərbi büdcəsi göylərə
qalxıbdır. Bizim təbii hüququmuzdur, biz öz hərbi
potensialımızı artırırıq,
artıracağıq. Dağlıq Qarabağ məsələsinin
ədalətli, beynəlxalq normalara uyğun şəkildə
həll edilməsi üçün bizim hərbi
gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün
güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən
güclü orduları sırasındadır. Əlbəttə
ki, ordu quruculuğu işi davam etdiriləcəkdir.
Erməni
işğalından əziyyət çəkən
soydaşlarımızın problemləri də keçən
il həll olunmuşdur, 20 min köçkün yeni evlərə,
mənzillərə köçürülmüşdür.
Bu il də ən azı 20 min köçkünün yeni evlərə
köçürülməsi nəzərdə tutulur. Faktiki
olaraq, biz il ərzində bir şəhər yaradırıq və
bu siyasəti davam etdirəcəyik. Çünki hələ
ki, məktəblərdə, uşaq bağçalarında, hərbi
hissələrin ərazilərində, yataqxanalarda ağır
vəziyyətdə yaşayan köçkünlər kifayət
qədərdir. Artıq bu proses də
başlamışdır və davam etdiriləcəkdir.
Əlbəttə
ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi
gücümüz müəyyən edir və iqtisadi
islahatların dərinləşməsində Azərbaycan
böyük uğurlara imza atıb. Əgər biz
güclü iqtisadiyyat yaratmasaydıq, əminəm ki, nə
beynəlxalq aləmdə, nə də regionda bu uğurlara
nail ola bilməzdik. 2013-cü ildə iqtisadiyyatımız
inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul
təxminən 6 faiz artmışdır. Bu, çox
böyük göstəricidir. Nəzərə alsaq ki, bu
gün dünyanın əksər ölkələrində
ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən
6 faiz səviyyəsində artan ümumi daxili məhsul
böyük nəticədir. Ən sevindirici məsələ
ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz
artmışdır. Yəni təxminən 10 faiz
artmışdır və bu da son illərdə aparılan
islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin
edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də
inkişafını təmin etmək üçün indi
ciddi proqramlar icra edilir və növbəti illərdə icra
ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı
saxlayacağıq. Əhalinin pul gəlirləri 8 faiz
artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da
çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri
inflyasiyanı 3 dəfədən çox üstələyir.
Bu, onu deməyə əsas verir ki, vətəndaşların
rifah halı yaxşılaşır və müsbət
dinamika burada da özünü göstərir.
İl ərzində
ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya
qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində
bu qədər investisiya qoyulmamışdır. Son bir neçə
il ərzində orta hesabla 20-21-22 milyard dollar investisiya
qoyulurdu, artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard
dolları daxili sərmayədir. Bu da artıq neçə
ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni
üstələyir. Bu, hesab edirəm ki, müsbət
haldır. Əlbəttə ki,
daxili sərmayənin içində əsas sərmayə dövlət
sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan
iqtisadiyyatına böyük yatırımlar edir.
Bizim
valyuta ehtiyatlarımız da rekord həddə
çatmışdır. Mən dəfələrlə
demişəm, yenə də qeyd etmək istəyirəm ki,
bizim valyuta ehtiyatlarımız ildən-ilə artmalıdır
və artır. Son illər ərzində elə bir il
olmamışdır ki, valyuta ehtiyatlarımız
aşağı düşsün. Baxmayaraq ki, çoxlu
investisiya layihələri icra edilir, keçən il də
artmışdır. Hazırda Azərbaycanın valyuta
ehtiyatları 50 milyard dollara çatmışdır. Bu da
ümumi daxili məhsulun 70 faizini təşkil edir. Dünya
miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Bunu biz
yaratmışıq, bunu bizim siyasət, bizim iqtidar
yaradıbdır. Bu, Azərbaycanın böyük
üstünlüyüdür, bizə əminlik, inam və
imkan verir ki, bundan sonra da ölkəmizin inkişafı ilə
bağlı böyük layihələri icra edək.
Keçən
il işsizliklə bağlı olan problemlər öz həllini
tapmışdır. 110 min yeni iş yeri
açılmışdır ki, onlardan 80 mini daimi iş
yeridir. İşsizliyin səviyyəsi 5 faizə
düşmüşdür. Yoxsulluğun səviyyəsi də
aşağı düşmüşdür, 5,3 faizdir.
Bizim xarici dövlət
borcumuz ümumi daxili məhsulun
8 faizini təşkil edir. Bu da dünya miqyasında ən
gözəl göstəricilərdən biridir. Təsadüfi
deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə
görə 39-cu yerə layiq görmüşdür.
Budur bizim
əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm
ki, biz iqtisadi inkişafı gələcək
illərdə də təmin edəcəyik. Bu barədə
biz bir qədər sonra danışacağıq ki, 2014-cü
il də ölkəmiz üçün uğurlu olsun.
Keçən
il sosial məsələlərin həlli işində önəmli
addımlar atılmışdır. İlk növbədə,
sovet vaxtından qalan əmanətlərin qaytarılması,
daha doğrusu, kompensasiya şəklində əhaliyə
verilməsi prosesi başa çatmışdır. Deyə bilərəm
ki, MDB məkanında bu əmanətlərin
kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi
birinci yerdədir. Biz bunu ən qısa müddətdə - iki il ərzində təmin
etmişik. Biz bu vəsaiti əhaliyə ən böyük əmsalla
çatdırmışıq. Baxmayaraq ki, müstəqil Azərbaycan
dövləti bu məsələ ilə bağlı heç bir
məsuliyyət daşımırdı - nə hüquqi, nə
mənəvi məsuliyyət. Ancaq siyasətimizin təməlində
Azərbaycan vətəndaşı dayandığı
üçün biz bunu etdik. Böyük vəsait
ayırdıq və qısa müddət ərzində bu məsələni
həll edə bildik.
Keçən
il maaşlar və pensiyalar qaldırılmışdır. Bu
da müsbət haldır. Biz yaxşı bilirik ki, bəzi
ölkələrdə pensiyalar, maaşlar kəsilir, iş
yerləri, xərclər ixtisar edilir. Azərbaycanda heç
bir sosial proqrama toxunulmadı, əksinə, biz insanların
rifah halının yaxşılaşması üçün əlavə
tədbirlər gördük. Həm sosial yönümlü, həm
investisiya yönümlü. Əlbəttə ki, bu,
özünü real həyatda da göstərir.
2013-cü
ildə qeyri-neft sektorunun inkişafı ilə bağlı
çox ciddi addımlar atılmışdır və statistik
göstəricilər də bunu təsdiqləyir. Mən
onların içində kosmik sənayenin yaranmasını
qeyd etmək istəyirəm. 2013-cü il Azərbaycanda kosmik sənayenin
yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil
ki, biz ilin əvvəlində 2013-cü ili
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan etdik.
Birinci Azərbaycan peyki "Azərspace-1" fəzaya
qaldırılmışdır. Bu, xalqımızın,
dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik
kluba üzv olmuşuq.
Turizmin
inkişafı ilə bağlı
böyük addımlar atılmışdır.
Xüsusilə bölgələrdə bir neçə
beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri
açılır. Azərbaycanın turizm potensialı
artıq ölkəmizin inkişafına, xalqımızın
rifah halının yaxşılaşmasına xidmət
göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları
getdikcə daha çox ölkə daxilində istirahətə
üstünlük verəcəklər. Çünki Azərbaycanda
yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar
da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni
qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət
də çox önəmlidir.
Əlbəttə,
kənd təsərrüfatının inkişafı qeyri-neft
sektorunun deyə bilərəm ki, əsas istiqamətlərindən
biridir. Keçən il kənd təsərrüfatı təxminən
5 faiz artmışdır. Ancaq potensial daha da
böyükdür. Mən hesab edirəm ki, 2014-cü ildə
və ondan sonrakı illərdə kənd təsərrüfatının
inkişafı ilə bağlı daha da böyük işlər
görüləcəkdir. Böyük proqramlarımız,
planlarımız vardır. Həm struktur xarakterli islahatlar,
idarəçilikdə təkmilləşmə getməlidir.
İndi subsidiyalarla bağlı yeni təkliflər müzakirə
edilir. Əlbəttə ki, dövlət investisiyaları,
infrastruktur layihələri, xüsusilə suvarma ilə
bağlı olan layihələr hesab edirəm ki, kənd təsərrüfatının
inkişafına yeni təkan verəcəkdir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ən
böyük vəsait fermerlərə verilir. Bu il də bu,
davam etdiriləcəkdir. Yəni qeyri-neft sektorunun
inkişafı bu il də bizim iqtisadi sahədə prioritet
olaraq qalır.
Ancaq biz, əlbəttə
ki, neft sektorunu da, nəqliyyat sektorunu da unutmamalıyıq. Nəqliyyat
sektorunda da böyük işlər
görülmüşdür. Beş yüz kilometr yol çəkilmişdir.
Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini
birləşdirən kənd yolları çəkilmişdir.
Həm dövlət büdcəsinin, həm də Prezidentin
Ehtiyat Fondu hesabına. Yəni bu sahəyə də
böyük önəm verilir. Qlobal nəqliyyat layihələri
icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Bu il də
bu işin böyük hissəsi görüləcəkdir.
Ümid edirəm ki, biz 2015-ci ildə artıq yolun
açılışını qeyd edə bilərik. Gəmiqayırma
zavodunun açılışı. Bu da həm sənaye, həm
qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə
xidmət göstərəcəkdir. Ələt Dəniz Ticarət
Limanı tikilir. Bu il biz onun birinci mərhələsinin
açılışını gözləyirik. Dəmir
yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir.
Yəni bütün nəqliyyat sektoru inkişaf edir.
Əlbəttə
ki, neft-qaz sektorunda da 2013-cü il tarixdə qalacaqdır.
2013-cü ildə Azərbaycanın neft-qaz potensialının
inkişafı və möhkəmləndirilməsi
üçün tarixi sazişlər
bağlanmışdır. 2012-ci ildə TANAP layihəsi ilə
bağlı sazişin imzalanması buna gətirib
çıxardı ki, 2013-cü ilin iyun ayında Trans-Adriatik
boru xətti əsas marşrut kimi seçilmişdir. Ondan
sonra müvafiq kontraktlar bağlanmışdır. Artıq Azərbaycan
qazının 2018-ci ildən sonra Avropada satılması ilə
bağlı bütün kontraktlar bağlanmışdır.
Bu da çox önəmli bir hadisə idi. Nəhayət, ilin
sonunda - dekabrın 17-də Bakıda "Şahdəniz-2"
investisiya Sazişi bağlanmışdır. Bu tarixi nailiyyətdir,
tarixi qələbəmizdir. Bu
layihə XXI əsrin layihəsidir.
Bu layihə
Azərbaycana böyük dividendlər gətirəcəkdir -
həm iqtisadi, həm siyasi. Ölkəmizin nüfuzu, bizim
iqtisadi gücümüz artacaqdır. Ölkəmizə böyük
həcmdə investisiyalar gətiriləcəkdir. "Şahdəniz-2",
TANAP, TAP - yəni bu məsələ ilə bağlı olan
layihələrin icrası ancaq ilkin hesablamalara görə, 45
milyard dollar investisiyanın cəlb edilməsinə xidmət
göstərəcəkdir. Nəzərə alsaq ki, artıq
Azərbaycanda tikinti sektorunda, infrastruktur layihələrinin
icrasında, neft-qaz əməliyyatlarının
aparılmasında böyük təcrübə
toplamış həm dövlət, həm özəl qurumlar,
şirkətlər vardır, əlbəttə, bu şirkətlərə
böyük sifarişlər veriləcəkdir. Beləliklə,
bizim biznesimizdə qeyri-neft sektorumuz yeni imkanlara
çatacaqdır. Əlbəttə, biz
çalışacağıq və bunu artıq demişik ki,
harada mümkündür, harada bizdə standartlara uyğun
işlər görülür bütün kontraktlar Azərbaycan
şirkətlərinə verilsin və onlara şərait
yaradılsın. Yəni bu layihə Azərbaycanı
dünyaya əvəzolunmaz bir qaz ixrac edən ölkə kimi
təqdim edir.
Yaxşı
bilirsiniz ki, bu layihə beynəlxalq birliyin də böyük
dəstəyini qazanmışdır. Azərbaycanda
aparıcı ölkələrin, yüksək vəzifəli
şəxslərin iştirakı ilə təntənəli mərasim
keçirilmişdir. Azərbaycan "Cənub" qaz dəhlizinin
təşəbbüskarı kimi burada da öz həlledici
rolunu oynadı. Mən tam əminliklə deyə bilərəm
ki, əgər Azərbaycan bu tarixi məsuliyyəti öz
üzərinə götürməsəydi və həlledici
anlarda cəsarət, uzaqgörənlik, prinsipial mövqe
göstərməsəydi, bu layihə icra edilməzdi. Biz
"Cənub" qaz dəhlizi ilə bağlı artıq 10
ilə yaxındır ki, müxtəlif tədbirlərdə
iştirak edirdik. Mən şəxsən bəlkə 10-a
yaxın beynəlxalq konfransda, tədbirdə, müşavirədə
iştirak etmişdim. Ancaq görürdük ki, bu məsələ
inkişaf etmir, yəni elə yerində sayır, tərpənmir,
qabağa getmir. Ona görə biz yenə də məsuliyyəti
öz üzərimizə götürdük. Biz
anlayırdıq ki, bu layihənin lideri olmalıdır və
liderlik funksiyasını öz üzərimizə
götürdük. Bu, böyük məsuliyyətdir. Həm
siyasi məsuliyyətdir, həm maliyyə məsuliyyətidir.
Ancaq son illər ərzində yaratdığımız
güclü iqtisadiyyat bu gün imkan verir ki, biz bu layihələrdə
də, qlobal xarakter daşıyan layihələrdə də
liderlik keyfiyyətlərimizi ortaya qoyaq. Bu gün Avropanın
enerji təhlükəsizliyi məsələlərinin bir hissəsi
Azərbaycan tərəfindən irəli
sürülmüş layihələr hesabına təmin ediləcəkdir.
Bu layihənin əhəmiyyəti o qədər
böyükdür ki, gələcək illər mənim
sözlərimi bir daha təsdiqləyəcəkdir.
Nəhayət,
2013-cü ildə Azərbaycanda ölkəmizin ictimai-siyasi həyatında
önəmli hadisə baş vermişdir - prezident seçkiləri
keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini
bizim siyasətimizə, real siyasətə vermişdir,
boşboğazlığa, boş vədlərə yox, real
siyasətə, real işlərə öz səsini
vermişdir. Doğma xalqıma bir daha minnətdarlığımı
bildirmək istəyirəm ki, on illik fəaliyyətimi
yüksək qiymətləndirərək mənə yenidən
böyük etimad göstərmişdir. Bildiyiniz kimi,
seçkiləri müşahidə edən bütün
mötəbər təşkilatlar seçkilərə
çox müsbət qiymət vermişlər. Avropa
Şurası, Avropa İttifaqı, ATƏT Parlament
Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı,
MDB və digər mötəbər təşkilatlar, yəni
qlobal təşkilatlar seçkilərin keçirilməsini
birmənalı olaraq yüksək qiymətləndirmişlər
və öz bəyanatlarında seçkilərin azad, ədalətli,
şəffaf keçirilməsi haqqında rəsmi rəy
ortaya qoymuşlar. Ancaq bir daha demək istəyirəm ki, əsas
rəyi Azərbaycan xalqı vermişdir. Səsvermə
günü və səsvermədən sonrakı dövrdə
cəmiyyətdə hökm sürən vəziyyət bir daha
seçkilərin nə qədər şəffaf, ədalətli
keçirilməsini təsdiqləyir. Əlbəttə ki, bu
böyük etimad bizim hamımızı yeni işlərin
görülməsinə sövq edir, sövq etməlidir. Biz
bundan sonra da fəal işləməliyik, ölkəmizi
gücləndirməliyik, Azərbaycan xalqının rifah
halını təmin etməliyik.
Azərbaycan.-2014.- 10 yanvar.- S.1,2.