Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və
2014-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclası keçirilmişdir
Azərbaycan Prezidenti İlham
Əliyevin yekun nitqi
-
2014-cü ildə ölkəmizin dinamik inkişafı təmin
edilməlidir. Hesab edirəm ki, əvvəlki illərdə qəbul
edilmiş qərarlar və 2014-cü ildə görüləcək
işlər imkan verəcək ki, biz cari ili
də uğurla başa vuraq.
İnvestisiya proqramı kifayət qədər
böyük olacaqdır. İnvestisiya
proqramında əsas infrastruktur layihələri
öz əksini tapıb. Hələ infrastruktur
layihələrinin icrasına böyük ehtiyac vardır.
Düzdür, son illərdə böyük
işlər görülmüşdür, ancaq hələ ki,
görüləsi işlər çoxdur. İstisna edilmir ki, Azərbaycana 2014-cü ildə
qoyulacaq investisiyalar keçən ildə qoyulan
investisiyaların səviyyəsində olacaqdır. Belə olan halda, əlbəttə ki, makroiqtisadi vəziyyətin
sabitliyi əsas şərtdir. Azərbaycanda
iqtisadi islahatların aparılmasında böyük təcrübə
toplanmışdır. Hətta
maaşların qaldırılması, əmanətlərin
verilməsi və milyardlarla dollar həcmində qoyulan sərmayə
makroiqtisadi sabitliyə mənfi təsir göstərmir.
Keçən il inflyasiyanın cəmi 2,4
faiz səviyyəsində olması bunu göstərir. Bu, çox müsbət göstəricidir.
Çalışmalıyıq
ki, bu il də inflyasiya lazımi səviyyədə
olsun. Biz həmişə deyirik ki, birrəqəmli
inflyasiya olmalıdır. Ancaq doqquz da birrəqəmli
ədəddir. Ancaq keçən il ölkədə
inflyasiyanın 2,4 faiz səviyyəsi, əlbəttə
ki, bizi çox sevindirir. Çalışmalıyıq ki, təxminən
bu səviyyə bu il də
saxlanılsın. Belə olan halda, əlbəttə
ki, insanların rifahının yaxşılaşması
üçün daha da gözəl imkanlar olacaqdır. Beləliklə, investisiya proqramının icrası,
xarici investisiyaların cəlb edilməsi, makroiqtisadi sabitlik,
onun qorunması - bütün bu amillər ölkəmizin
uğurlu inkişafını təmin edəcəkdir. Əminəm ki, 2014-cü ildə bizim statistik
göstəricilərimiz də, ümumi daxili məhsul da,
qeyri-neft sektorunun inkişafı da yüksək səviyyədə
olacaqdır.
Sahibkarlara dəstək davam etdiriləcəkdir. Burada rəqəmlər səsləndi
ki, keçən il sahibkarlara güzəştli
şərtlərlə 275 milyon manat kredit verilmişdir. Bu, həm də iqtisadiyyatımızın real
sektoruna qoyulan əlavə sərmayədir. Çünki bu kreditlərin ancaq iqtisadiyyatın
real sektoruna verilməsi nəzərdə tutulur. Eyni zamanda, bu, yerli sahibkarlığın
inkişafı üçün də böyük dəstəkdir.
Çünki həm bu pul vəsaitidir, eyni
zamanda, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən
tərtib edilən tövsiyə proqramları da vardır ki,
sahibkarlar onlardan da səmərəli şəkildə istifadə
edirlər. Ancaq gəlirli sahələrə,
gəlir gətirə biləcək layihələrə vəsaitin
ayrılması nəzərdə tutulur. Məhz
bunun nəticəsidir ki, verilən bütün kreditlər demək
olar, vaxtında qaytarılır. Bu gün
Sahibkarlığa Kömək Milli Fondunun portfelində
qaytarılmış kreditlər də önəmli bir hissə
təşkil edir. Bu il biz
üçüncü Regional İnkişaf Proqramını qəbul
edəcəyik. Keçən il ikinci
proqram icra edilmişdir. Artıq onun icrası
başa çatmışdır. Bu iki
proqramın icrası, onların qəbul edilməsi deyə bilərəm
ki, bölgələrdə ciddi dönüşün
yaranmasına səbəb olmuşdur. Biz
bunu həm statistik göstəricilərdə, həm də həyatda
əyani görürük. Bölgələr
canlandı, abadlaşdı, müasir infrastruktur
yaradıldı. O cümlədən sosial infrastruktur obyektlərinin
tikintisi geniş vüsət almışdır.
Bölgələrdə
iş yerləri açılmışdır. Son on il ərzində Azərbaycanda 1 milyon 200 min yeni
iş yeri açılmışdır. Onların
böyük hissəsi bölgələrin payına
düşür. Bu, həm bölgələrdə
gedən canlanmaya müsbət təsir göstərir, şəhərlərə
miqrasiya meyillərinin qabağını alır, yerli
istehsalın artımına imkan yaradır, həm də
idxaldan asılılığımızı azaldır. Bir sözlə, bu sahədəki fəaliyyət cari
ildə də davam etdiriləcəkdir. Konkret
layihələr vardır və sahibkarlara kömək dövlət
tərəfindən davam etdiriləcəkdir.
Əlbəttə
ki, qəbul ediləcək Regionların Sosial-İqtisadi İnkişafı
Dövlət Proqramının birinci ilinin fəaliyyət
planı da təsdiq ediləcəkdir. İnvestisiya
proqramı bütövlükdə təsdiq edildikdə, əlbəttə
ki, regional proqram da nəzərə alınıbdır.
Eyni
zamanda, bu il - yəqin ki, yaxın günlərdə
Bakı və onun ətraf qəsəbələrinin
inkişafı ilə bağlı yeni proqram qəbul ediləcəkdir.
2013-cü ildə bu proqram başa
çatmışdır və yeni proqram hazırlanır.
Hesab edirəm ki, növbəti üç illik
proqramın icrası nəticəsində Bakı qəsəbələrində
mövcud olan bütün problemlər öz həllini
tapmalıdır. İnfrastruktur, sosial infrastruktur, məktəblər,
tibb məntəqələri, yollar, su xətləri,
kanalizasiya, qaz, işıq - yəni bütün əsas məsələlərin
həlli, o cümlədən iş yerlərinin
yaradılması nəzərdə tutulur. Ümid edirəm ki,
biz növbəti 3 il ərzində bu
proqramın tam şəkildə icra edilməsinə nail ola
biləcəyik.
Kənd təsərrüfatının inkişafı ilə
bağlı mən giriş sözümdə fikirlərimi
bildirdim. Bir daha demək istəyirəm ki, bu, növbəti illər
üçün qeyri-neft sektorunun inkişafı istiqamətində
prioritetlərdən biri olacaqdır. Ərzaq
təhlükəsizliyinin təmin edilməsi proqramı da icra
edilir. Son illərdə bu istiqamətdə
böyük addımlar atılmışdır, idxaldan
asılılığımız böyük dərəcədə
azalmışdır. Bu gün Azərbaycanda
bütün əsas ərzaq məhsulları istehsal edilir, bəzi
məhsulların istehsalı tələbatımızı tam
ödəyir, bəzi sahələrdə hələ ki,
idxaldan asılıyıq. Ancaq bildiyiniz
kimi, mən bu məsələ ilə bağlı dəfələrlə
öz fikirlərimi bildirmişdim. Bu
gün də demək istəyirəm ki, Azərbaycanda
bütün əsas ərzaq məhsulları tam şəkildə
öz tələbatımızı təmin etməlidir.
Yəni bizdə istehsal olunan ərzaq məhsulları
tam şəkildə tələbatımızı təmin etməlidir.
Biz buna yaxınlaşırıq və
çalışmalıyıq ki, növbəti 5 il ərzində,
bəlkə də ondan da tez bir müddətdə 3-cü
Regional İnkişaf Proqramının icrası başa
çatanda artıq ərzaq təhlükəsizliyi ilə
bağlı olan bütün məsələlər öz həllini
tapsın.
Bu məsələlər elə həll edilməlidir ki,
biz perspektivi də nəzərə alaq. Çünki
burada da səsləndi və biz hamımız yaxşı
bilirik ki, Azərbaycanda demoqrafik vəziyyət çox
müsbətdir. Bu göstəriciyə
görə biz Avropada birinci yerdəyik və getdikcə Azərbaycan
əhalisi daha da artacaqdır. Əhalinin
artımı birbaşa iqtisadi inkişafla bağlıdır.
Əgər biz iqtisadi inkişafın
dinamikasına nəzər salsaq görərik ki, bunun əhalinin
artımı ilə birbaşa bağlılığı
vardır. Ona görə, ərzaq təhlükəsizliyimizlə
bağlı məsələlər indiki əhaliyə
hesablanmamalıdır, gələcəyə
hesablanmalıdır. Əlbəttə ki,
kənd təsərrüfatının intensiv inkişafı
prioritetdir.
Eyni zamanda, meliorasiya və irriqasiya layihələri nəticəsində
on minlərlə hektar torpaq sahəsi dövriyyəyə
buraxılacaqdır. Artıq Taxtakörpü Su Anbarı
istifadəyə verilmişdir, Şəmkirçay su
anbarının tikintisi gedir. Ona görə,
burada ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir,
inkişaf etmiş ölkələrin təcrübəsi dərindən
öyrənilməlidir. Biz indi
görürük ki, bəzi fermer təsərrüfatlarında
məhsuldarlıq ənənəvi məhsuldarlıqdan ən
azı 2 dəfə çoxdur. Ona görə
biz mövcud torpaq fondundan səmərəli şəkildə
istifadə etsək, məhsuldarlığı daha da artıra
bilərik. Hesab edirəm ki, lazım olan
bütün əsas ərzaq məhsullarını biz yüz
faiz Azərbaycanda istehsal edə bilərik.
Ancaq burada gələcəkdə, əlbəttə ki,
böyük ixrac potensialı yaranacaqdır və biz əhalinin
artımını da nəzərə almalıyıq. İslahatlara
gəldikdə, burada struktur islahatlarının
aparılmasına ehtiyac vardır və daha da səmərəli
struktur formalaşmalıdır. Subsidiyaların
verilməsi ilə bağlı məsələlər
vardır. Mən bu barədə dəfələrlə
öz fikirlərimi bildirmişəm. Hesab
edirəm ki, biz bu sahədə də tam işlək mexanizm
yaradacağıq, şəffaflığı tam şəkildə
təmin edəcəyik. Beləliklə, bu, bizə imkan
verəcək ki, bundan sonra da kənd təsərrüfatının
artımına
nail ola bilək.
Eyni zamanda, taxılçılıq üzrə iri fermer
təsərrüfatlarının yaradılması prosesi də
getməlidir.
Artıq birinci təcrübə vardır.
Təcrübə müsbətdir və biz bu
istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
Kənd təsərrüfatı texnikasının
alınması və Azərbaycanda istehsalı ilə
bağlı konkret fikirlər, təkliflər vardır. Biz texnika
parkımızı yeniləşdiririk, yeniləşdirəcəyik.
Dövlət vəsait ayırır və
ayıracaqdır. Şəmkirçay su anbarının
tikintisi bu il başa
çatmalıdır. Bu, qərb zonasında kənd
təsərrüfatının inkişafına böyük təkan verəcəkdir.
Qeyd etdiyim kimi, on minlərlə hektar torpaq suvarılacaqdır. Artıq
suvarılacaq torpaqların konturları müəyyən edilməlidir. Biz
dəqiq bilməliyik ki, artıq neçə min hektar torpaq
sahəsi suvarılacaqdır.
Ona görə, torpaq fondunun uçotu
aparılmalıdır. Biz bu layihəni başa çatdırmalıyıq.
Bir daha demək istəyirəm ki, dünyada
mövcud olan ən müasir praktika tətbiq edilməlidir.
Biz öz imkanlarımızı tam dəqiqliyi ilə bilməliyik
və buna görə də fəaliyyət
planımızı da tutmalıyıq.
2013-cü ildə, eyni zamanda, yüzdən çox kənddə
subartezian quyuları qazılmışdır. Prezidentin
Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bu il
hesab edirəm ki, ən azı iki yüz kənddə
subartezian quyuları
qazılmalıdır. Əhalinin
içməli su ilə təmin edilməsi işində bu
layihənin də böyük əhəmiyyəti
olacaqdır. Bu il infrastruktur layihələrinin
icrası davam etdiriləcəkdir.
Elektrik enerjisi ilə bağlı əsas məsələlər
öz həllini tapıb. Burada qeyd edildi ki, biz keçən il "Cənub" Elektrik Stansiyasının
istifadəyə verilməsini qeyd etdik. Təxminən 800 meqavata yaxın
gücü olan elektrik stansiyası bütün cənub
zonasının tələbatını
təmin edəcəkdir. Hazırda Bakıda
"Şimal-2" Elektrik Stansiyasının tikintisi davam etdirilir, yəqin ki, bu il
istifadəyə veriləcəkdir. Orada da təqribən
400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Son
illərdə biz
öz enerji potensialımızı böyük dərəcədə
möhkəmləndirə bilmişik, ancaq tələbat artır. Biz iqtisadiyyatın və sənayenin
inkişafını, gələcək inkişafı nəzərə
alaraq bundan sonra da generasiya layihələrinə investisiya cəlb
etməliyik. Yəqin ki, Bakıda yeni böyük elektrik
stansiyasının tikintisi məsələsi öz həllini
tapacaqdır. Buna ehtiyac vardır. Bizim enerji potensialımız bütün dövrlərdə
tələbatdan artıq olmalıdır. Bu gün bu, belədir
və gələcəkdə
də belə olmalıdır.
Ona görə, gələcək illərdə generasiya
işlərinə diqqət azalmamalıdır. Ancaq əlbəttə
ki, biz bu layihələri icra edəcəyik. O cümlədən bərpa
olunan enerji mənbələrinin yaradılması ilə
bağlı işlər daha da ciddi getməlidir. Mən bu məsələ ilə bağlı dəfələrlə
öz fikirlərimi bildirmişəm. Artıq
əlbəttə ki, müəyyən layihələr icra
edilir, xüsusilə su elektrik stansiyaları tikilir, həm də
Naxçıvanda. İndi demək olar ki,
Naxçıvanın elektrik enerjisinə olan bütün tələbatının,
təxminən yüz faizi su elektrik stansiyaları tərəfindən
təmin edilir. Bu, Naxçıvanın
enerji təhlükəsizliyinə də böyük dəstəkdir,
töhfədir. Ölkəmizin digər
bölgələrində - Füzulidə 25 meqavatlıq su
elektrik stansiyası tikilmişdir. Ondan sonra
Taxtakörpü Su Anbarında təxminən 25 meqavatlıq su
elektrik stansiyası inşa edilmişdir. Şəmkirçayda da o həcmdə olacaqdır.
Balaxanı Məişət Tullantıları Zavodunda da alternativ enerji mənbələri
yaranıbdır. Kiçik çaylarda
stansiyalar da tikilir. Bu
işlər daha da sürətlə getməlidir. Mən dəfələrlə
demişəm ki, bizdə bütün su mənbələrimizin
xəritəsi vardır və bilirik ki, harada nə qədər güc
götürə bilərik. Sadəcə olaraq, investisiyalar
daha da çox
qoyulmalıdır.
Günəş,
külək enerji
növlərinin inkişafı ilə bağlı
işlər daha da sürətlə getməlidir. Mən bu barədə
öz fikrilərimi bir neçə dəfə bildirmişəm. Hətta indi Azərbaycanda günəş panelləri
istehsal edən müəssisələr də vardır. Ancaq günəş enerjisinin inkişafı ilə
bağlı işlər ləng gedir. 2014-cü
ildə burada düzəlişlər edilməlidir, işlər
daha da sürətlə getməlidir. Nəzərə
alsaq ki, Azərbaycanda günəşli günlər kifayət
qədər çoxdur, bu imkanlardan istifadə etməmək əlbəttə
ki, böyük səhv olardı.
Qazlaşdırma ilə bağlı olan layihələr
davam etdirilir.
Mənə
mütəmadi qaydada məlumatlar verilir. Demək olar
ki, hər ay bir
neçə kənddə qazlaşdırma işləri
başa çatır, Bakıda 96 faizə çatmışdır. Yaxın aylarda əminəm ki, yüz faiz
olacaqdır. Bütövlükdə ölkə üzrə
qazlaşdırmanın səviyyəsini 95 faizə
çatdırmalıyıq və biz növbəti illərdə
buna nail
olacağıq.
Kənd yollarının tikintisi
keçən il xüsusilə geniş
vüsət almışdır. Həm Prezidentin Ehtiyat
Fondundan, dövlət büdcəsindən böyük vəsait
ayrılmışdır. Bu il də o sahəyə
xüsusi diqqət göstəriləcəkdir. Bunun
çox böyük mənası, faydası vardır. Kəndlərdə
yaşayan vətəndaşlar üçün biz gözəl
imkanlar yaradırıq və bu il də bu
məqsədlər üçün vəsait nəzərdə
tutulur. İlk növbədə, başlanan layihələr sona
çatmalıdır, çünki
bəzi layihələrin icrası
yarımçıqdır. Yeni layihələr
vardır. İndi yerlərdən təkliflər gəlir. Yerli icra orqanları
və mənim bölgələrə səfərlərim
zamanı vətəndaşların müraciətləri əsasında
biz bu işləri görürük və əminəm ki, bu il də
yaxşı nəticələr olacaqdır.
İnfrastruktur
layihələrinin
içində deyə bilərəm ki, hazırda ən
böyük önəm daşıyan layihələr içməli
su, kanalizasiya layihələridir. Keçən il
mən bir neçə şəhərdə içməli su
layihələrinin açılışında iştirak
etmişəm və bu il də bu proses davam etdiriləcəkdir.
Bütövlükdə respublika üzrə əhalinin
55 faizi 24 saat ərzində içməli su ilə təmin
edilir. Əlbəttə ki, bu, çox
aşağı bir göstəricidir. O da həqiqətdir
ki, içməli su, kanalizasiya məsələləri
bütün dövrlərdə çox kəskin problem
olmuşdur. Bölgələrimizdə kanalizasiya xətləri
ümumiyyətlə, olmamışdır. Bakının kanalizasiya xətləri
köhnəlmişdir, bugünkü standartlara uyğun deyildir. Ona
görə, bu, böyük maliyyə və texniki resurslar tələb
edən layihələrdir. Biz artıq bu
layihələrə başlamışıq və işlər
uğurla gedir.
Hazırda Bakıda əhalinin 78 faizi 24 saat ərzində
içməli su ilə təmin edilir. Bu,
böyük irəliləyişdir. Biz bu
layihələrə başlayanda həmin rəqəm 50 faizdən
aşağı idi. Əlli faizdən az
əhali 24 saat ərzində su alırdı. İndi
78 faizdir. Yaxşı irəliləyişdir.
Amma Bakı kimi gözəl şəhərdə
bu təminat 100 faiz olmalıdır. Bakıda
və bizim bütün şəhər və qəsəbələrimizdə
əhaliyə keyfiyyətli, təmiz, Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun su verilməlidir.
Əlbəttə ki, burada əsas işləri "Azərsu"
Açıq Səhmdar Cəmiyyəti icra edir. Eyni zamanda,
qeyd etdiyim kimi, Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin xətti ilə
subartezian quyularının qazılması işləri də
aparılmalıdır. Ekologiya və Təbii
Sərvətlər Nazirliyi də çaylar boyu yerləşən
kəndlərdə modul tipli təmizləyici qurğuların
quraşdırılmasını təmin edir. Artıq yüzlərlə kənd o layihələrlə
əhatə edilir. Artıq keçən il
birinci pilot layihəsi icra edilmişdir. Bu da ilk
növbədə, suvarma məqsədləri üçün
Xəzər dənizinin suyunun şirinləşdirilməsi
layihəsidir. Artıq bu pilot layihəsi icra edilibdir. Biz bu praktikanı genişləndirməliyik. Gələcəkdə isə, lazım gəldikdə
Xəzər dənizinin suyundan içməli su kimi istifadə
etmək üçün də imkan olacaqdır. Yəni bu layihələr deyə bilərəm ki, bu
gün sosial infrastruktur layihələri arasında prioritet yerlərdən
birindədir. Mən bu layihələrə
ona görə infrastruktur layihələri deyirəm ki, bu layihələr
sırf sosial məna daşıyır və vəsaitlər
ancaq insanların sağlamlığı, rahatlığı
üçün qoyulur.
Nəqliyyat
sektorunda bu il yol tikintisi layihələri
davam etdiriləcəkdir. Bütün bu layihələrin
siyahısı artıq təsdiq edilib. Avtomobil
yollarının tikintisi davam etdirilir. Mən hesab edirəm
ki, biz Bakı-Astara yolunun tikintisinə xüsusi diqqət
yetirməliyik, orada işlər bir az ləng
gedir. Bakı-Qazax-Gürcüstan sərhədi,
ondan sonra Bakı-Rusiya sərhədi yollarında işlər
daha sürətlə gedir. Ancaq biz Bakı-Astara-İran
sərhədi yolunun tikintisində lazımi tempi əldə edə
bilməmişik. Ona görə, bu il
bu layihəyə üstünlük daha çox verilməlidir.
Qeyd
etdiyim kimi, Ələt Dəniz Ticarət Limanının
birinci mərhələsi bu il icra edilməlidir.
Beləliklə, hesab edirəm ki, bu il biz
şəhərin mərkəzində yerləşən
Bakı Ticarət Limanının köçürülməsinə
nail ola bilərik. Beləliklə, şəhər
sakinləri üçün yeni gözəl ictimai zonalar
yaranacaqdır. O ərazilərdə ictimai yerlər,
parklar, bağçalar, gəzinti yerləri
salınacaqdır. Bulvar uzadılacaq, Dəniz
vağzalından sonra "Ağ şəhər" istiqamətində
tikilən bulvarla birləşəcək və beləliklə,
gəzinti üçün bir neçə kilometri əhatə
edən gözəl bulvar yaranacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi qrafik üzrə
gedir. Hesab edirəm ki, vaxtında icra ediləcəkdir.
Biz bu yolun əhəmiyyəti haqqında dəfələrlə
danışmışıq. Əlavə
etməyə ehtiyac görmürəm. Sadəcə
olaraq, burada da, əlbəttə ki, üç ölkənin əməkdaşlığı
bir daha özünü göstərir. Azərbaycan-Gürcüstan-Türkiyə
həm enerji, həm nəqliyyat sahələrində artıq
uzun illərdir ki, uğurlu əməkdaşlıq edirlər.
Hesab edirəm ki, Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi də bu əməkdaşlığın
gözəl nəticəsi olacaqdır.
Bakı şəhərində metro tikintisi gedir. Bir neçə
stansiya tikilir. Metro ilə bağlı biz əvvəlki
dövrdə böyük proqram qəbul etmişik. Əlliyə yaxın yeni stansiya tikiləcəkdir.
İnvestisiya proqramında, əlbəttə ki,
bu məsələlər öz həllini tapacaqdır.
Sənaye istehsalının artırılması ilə
bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət
daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr
vardır. Sumqayıt Texnoparkı fəaliyyət
göstərir. Yeni Kimya Texnologiya Parkı
artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə
texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi
gedir. Bu istiqamətdə bu il daha da
ciddi addımlar atılmalıdır. Ümumiyyətlə,
mən dəfələrlə demişəm ki, bizim uğurlu
inkişafımız qeyri-neft sənayesinin hesabına təmin
edilməlidir. Ümumi daxili məhsulumuzun
artımı da sənaye istehsalının hesabına
mümkün olacaqdır.
2014-cü ildə metallurgiya sənayesinin inkişafı
ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox
perspektivli bir sahədir. Xüsusilə nəzərə
alsaq ki, metallurgiya sənayesinin inkişafı
üçün bizdə kifayət qədər yerli xammal, təbii
resurslar vardır. Müasir metallurgiya kombinatının
tikintisi, əlbəttə ki, çox böyük bir nailiyyət
olacaqdır. Hesab edirəm ki, bu il bu
sahəyə xüsusi diqqət göstərilməlidir.
Ekoloji vəziyyətin
yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir. Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir.
Xüsusilə havanı çirkləndirən
amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, "Avro-3" standartına
keçid sürətləndirilməlidir. "Avro-3" də son hədd deyildir. "Avro-4", "Avro-5" ilə bağlı
işlər daha da sürətlə getməlidir. Əlbəttə ki, bu işlərdə Azərbaycanda
fəaliyyət göstərən neftayırma
zavodlarının da böyük rolu vardır. Orada da yenidənqurma aparılmalıdır. Bakıda yeni neftayırma zavodunun tikintisi nəzərdə
tutulur. Ancaq o tikilənə qədər
mövcud zavodlarda ekoloji tədbirlər görülməlidir.
Ümumiyyətlə, havanı çirkləndirən
amillərə qarşı ciddi mübarizə
aparılmalıdır.
Mənə verilən məlumata görə, əsas amil
minik maşınlarıdır. Keçən il
Azərbaycana yüz mindən çox avtomobil idxal edilibdir. Bu, əlbəttə ki, vətəndaşların
rifah halının yaxşılaşmasını təsdiqləyən
bir faktdır. Ancaq, eyni zamanda, bizim yol
infrastrukturumuza nə qədər böyük yükdür.
Biz yollar çəkirik, qovşaqlar, tunellər
tikirik. Bəlkə də Bakıda, Azərbaycanda
olan bu layihələr heç bir başqa ölkədə
yoxdur. Nə qədər yollar, tunellər
tikilib və tikilir. Nə qədər vəsait
ayrılır. Ancaq yüz min
maşının - onların da böyük hissəsinin
Bakıya gəlməsi, əlbəttə ki, tıxac problemlərini
yaradır, ekoloji vəziyyəti pisləşdirir. Ona görə, vaxtilə biz ekoloji standartlara, yaxud da
ki, texniki şərtlərə uyğun olmayan
maşınların idxalını dayandırmışıq.
Hesab edirəm ki, bu il Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, digər aidiyyəti qurumlar və
Nazirlər Kabineti bütövlükdə bu məsələyə
bir də baxmalıdır. Ekologiyanı
çirkləndirən maşınlar Azərbaycana
buraxılmamalıdır. Sıradan
çıxmış maşınlar, ümumiyyətlə, gətirilməməlidir
və mənə konkret təkliflər verilməlidir ki, biz bu
məsələni birdəfəlik həll edək.
Havanı çirkləndirən müəssisələrdə
ciddi yoxlamalar aparılmalıdır. İqtisadiyyat və Sənaye
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər
aidiyyəti qurumlar belə müəssisələrin
siyahısını mənə təqdim etsinlər və
orada ciddi tədbirlər görülməlidir. Ya o müəssisələri işlədənlər,
- istər dövlət, istər özəl qurumlar - lazım
olan təmizləyici qurğuları quraşdıracaqlar, ya da
ki, o müəssisələr bağlanmalıdır. Birmənalı şəkildə. Havanı çirklədən, insanları zəhərləyən
müəssisələr lazım deyildir. Deyə
bilərəm ki, cərimələr burada işləmir.
Çünki cərimələrin tutulması
prosesi çox mürəkkəbdir. Bir də
ki, indi cərimələrin məbləği də o qədər
böyük deyil ki, bu cərimələrə görə kimsə
öz fəaliyyətini dayandırsın. Ona
görə, ya təmizləyici qurğular
quraşdırılmalıdır, ya müəssisə
bağlanmalıdır. Heç bir tərəddüdsüz.
Hesab edirəm ki, bu, ekoloji vəziyyətin
yaxşılaşmasına böyük təsir göstərəcəkdir.
Biz milyonlarla ağac əkirik, ictimai zonalar
yaradırıq, içməli su-kanalizasiya xətləri
çəkirik. Ancaq havanı çirkləndirən
müəssisələr bizim bütün bu işlərimizin
üstündən elə bil ki, xətt çəkir. Ona görə bu, çox ciddi məsələdir.
Bu, hər bir Azərbaycan vətəndaşının
sağlamlığı məsələsidir. Sağlamlıq isə birinci yerdədir.
Digər ekoloji tədbirlər də görüləcəkdir. Böyükşor
gölünün təmizlənməsi layihəsi bu il başlanacaq və gələn il onun birinci mərhələsi
başa çatmalıdır. Artıq
İqtisadiyyat və Sənaye Nazirliyi mənə bu barədə
məlumat veribdir. İşlər bu il
başlayacaq və Böyükşor gölünün
üçdəbir hissəsi bəndlə ayrılacaq, orada
ekoloji tədbirlər görüləcəkdir. Əminəm ki, bu təcrübə uğurlu
olacaqdır. Ondan sonra qalan hissə təmizlənəcəkdir.
Böyükşor gölünün ümumi ərazisi
min hektardan çoxdur. Çox
böyük bir göldür. Şəhərin mərkəzində
yerləşir və bilirsiniz ki, o gölə axıdılan
çirkab suları, lay suları, neftlə çirklənmiş
sular Bakının ekoloji vəziyyətini böyük dərəcədə
pisləşdirir. Ona görə, bu layihələr
də icra edilməlidir və digər göllərlə
bağlı vaxt gəlib çatıb ki, biz ciddi məşğul
olaq. Mən bir neçə il bundan əvvəl
bu barədə öz fikirlərimi bildirmişəm. Hətta o göllərin hamısının
adlarını da sadalamışam. Ona
görə, vaxt gəlib çatıb. Bütün
göllərin təmizlənməsi, haradakı bu,
mümkün deyil, onların qurudulması, yəni kompleks tədbirlər
planı olmalıdır. Biz xüsusi
proqram da qəbul edə bilərik və edəcəyik.
Burada digər sahələrlə bağlı məlumat
verildi. Kosmik sənayenin inkişafı ilə bağlı.
Birinci peykin orbitə çıxarılması,
qeyd etdiyim kimi, böyük tarixi məsələdir.
Ancaq ikinci, üçüncü peyklərin də
hazırlanması ilə bağlı bu il
konkret addımlar atılmalıdır. Yəqin
ki, tender prosedurları açılmalıdır. Bizimlə əməkdaşlıq etmək istəyən
şirkətlərin sayı kifayət qədər
çoxdur. Ona görə, Azərbaycanda
kosmik sənaye inkişaf edəcəkdir. Bu il növbəti peyklərin fəaliyyəti
üçün konkret addımlar atılmalıdır.
Sosial obyektlərin tikintisi davam etdiriləcəkdir. Bütün
bunlar investisiya proqramının tərkib hissəsidir.
Deyə bilərəm ki, keçən il
300-ə yaxın məktəbdə, 80-dən çox tibb
müəssisəsində təmir-tikinti işləri
aparılmışdır. Bu istiqamətdə
işlərin böyük əksəriyyəti görülübdür.
Ancaq hələ ki, görüləsi işlər
çoxdur.
Keçən
ildə olduğu kimi, bu il də korrupsiyaya
və rüşvətxorluğa qarşı çox ciddi
mübarizə aparılacaqdır. Bu mübarizənin
gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində "ASAN xidmət"in
fəaliyyətə başlaması bu sahədə
böyük bir dönüş yaratdı, bir yenilik gətirdi.
"ASAN xidmət" Azərbaycan məhsuludur,
Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə
insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm
ki, hər hansı bir şikayət və ya narazılıq
olsun. Bütün xidmətlər şəffaf,
mədəni şəkildə göstərilir. "ASAN
xidmət"də göstəriləcək xidmətlərin
sayı artırılmalıdır və bu il
regional mərkəzlər də yaranmalıdır. Artıq Gəncə,
Sumqayıt şəhərlərində mərkəzlər
vardır və səyyar xidmət də göstərilir. Biz
bu il bölgələrdə ən azı
dörd, bəlkə də beş "ASAN xidmət" mərkəzi
tikməliyik, yaratmalıyıq və bu, investisiya
proqramında da öz əksini tapmalıdır.
Ancaq korrupsiyaya qarşı mübarizə "ASAN xidmət"in fəaliyyəti ilə bitmir. Bütün dövlət idarələrində, xüsusilə vətəndaşlarla təmasda olan dövlət qurumlarında korrupsiyaya, rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılmalıdır. Biz bilirik yaralı yerlərimiz haradadır. Bu yaraları sağaltmaq üçün nə etməyin lazım olduğunu da bilirik. Siyasi iradə də vardır. Kifayət qədər güclü iradədir. Yerlərdə, mərkəzi icra orqanlarında, yerli icra orqanlarında korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır. Onlara qarşı cinayət işləri açılmalıdır. Düzdür, indi Korrupsiyaya Qarşı Mübarizə İdarəsində bu işlər gedir, cinayət işləri açılır. Daha da ciddi tədbirlər görülməlidir ki, biz bu bəladan özümüzü xilas edək. 2014-cü ildə bu sahədə, hesab edirəm ki, daha da böyük addımlar atılacaqdır.
Neft-qaz sektorunda işlər yaxşı gedir. Giriş sözümdə dediyim kimi, "Şahdəniz-2", TANAP, Trans-Adriatik boru kəmərləri layihəsi tarixi qələbəmizdir. Bu, Avropanın ən böyük infrastruktur layihəsidir və bunun icrası artıq başlanıbdır. Hesab edirəm ki, bütün işlər vaxtında görüləcəkdir.
Biz Avropa Oyunlarına hazırlıq üçün həlledici ilə qədəm qoyuruq. Bildiyiniz kimi, Avropa Oyunları 2015-ci ildə keçiriləcəkdir. Hazırlıq üçün bizə cəmi iki il yarım vaxt verilmişdir. Baxmayaraq ki, Olimpiya Oyunlarına hazırlıq 7-8 il davam edir. Biz iki il yarım ərzində Yay Olimpiya Oyunları səviyyəsində Avropa Oyunlarını keçirmək niyyətindəyik. Əminəm ki, buna nail olacağıq. Təşkilat Komitəsi formalaşıb, fəaliyyət göstərir. Bütün aidiyyəti qurumlar bu işlərə daha da böyük diqqət yetirməlidir ki, biz hazırlıq işlərinin əsas hissəsini bu il başa çatdıraq. İdman obyektlərinin, böyük əksəriyyətinin tikintisi bu il başa çatmalıdır. Olimpiya stadionu, gimnastika mərkəzi, su idman növləri sarayı, stend atıcılığı mərkəzi - onların tikintisi gedir. Heydər Əliyev İdman Kompleksi, Əl Oyunları Sarayı əsaslı təmir edilir, digər idman obyektləri yaradılır.
Bir sözlə, əminəm ki, bu istiqamətdə heç bir problemimiz olmayacaqdır. Ancaq bu Oyunların hazırlanması təkcə olimpiya obyektlərinin tikintisi ilə məhdudlaşmır. Burada təhlükəsizlik məsələləri çox böyük əhəmiyyət daşıyır. Nəqliyyat məsələləri, qonaqların, idmançıların yerləşməsi, Olimpiya şəhərciyinin yaranması və digər məsələlər çox ciddi diqqət tələb edir. Bu il, bir daha demək istəyirəm ki, Oyunlara hazırlıq üçün həlledici il olacaqdır. Mən əminəm ki, biz bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. Nəzərə alsaq ki, bu, birinci Oyunlardır, Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcəkdir.
Keçən il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmişdi. Bunun əsas səbəbi ondan ibarət idi ki, keçən il biz birinci peyki orbitə buraxdıq və bütövlükdə İKT sahəsinə böyük diqqət verilmişdir. Hesab edirəm ki, bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir.
Bütün bu amilləri nəzərə alaraq, mən hesab edirəm ki, biz 2014-cü ili "Sənaye ili" elan edək. Müvafiq sərəncam imzalanacaqdır. "Sənaye ili"ndə sənayenin inkişafı ilə bağlı görüləcək konkret tədbirlər planı tərtib və təsdiq ediləcəkdir.
2014-cü il başlayır. İlin birinci həftəsində artıq iki böyük obyektin açılışı olmuşdur. Qəbələdə "Tufan" Dağ-Xizək Mərkəzi, Bakıda müstəqillik dövründə tikilmiş ən böyük tibb ocağı - Bakı Sağlamlıq Mərkəzi artıq açılmışdır. Yəni biz ili artıq gözəl hadisələrlə başlayırıq. Əminəm ki, 2014-cü il də ölkəmiz, xalqımız üçün uğurlu olacaqdır. Sağ olun.
AzərTAc
Azərbaycan.-2014.- 10 yanvar.- S.2.