Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Tovuzda

 bölgə üzrə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün əməli tədbirlər görürlər.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov yanvarın 9-da Tovuz şəhərində Qazax, Ağstafa, Gədəbəy, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul etmiş, onların şikayət və təkliflərini dinləmişdir.

Qəbulla əlaqədar  əvvəlcədən KİV-də elan verilmiş, DTXK-nın region üzrə bütün strukturlarının və şöbələrinin yerləşdikləri inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilmişdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, DTXK-nın şöbə və struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bu bölgədən olan 40-a yaxın vətəndaşın müraciətinə baxılmışdır.

Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə DTXK-ya aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılmışdır. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri DTXK-nın kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınmış və komitənin müvafiq məktubları ilə aidiyyəti qurumlara ünvanlanmışdır. Bu barədə, həmçinin öz səlahiyyətlərinə dair işlərin qısa müddətdə icrası məqsədi ilə DTXK-nın aidiyyəti rayon və şəhər şöbələrinin müdirlərinə də rəsmi qaydada tapşırıqlar verilmişdir.

Qəbulda vətəndaşların bəziləri Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvi ucbatından siyahıya salınmaması, bəzi həyətyanı sahələrin kəndlərlə qonşuluqda yerləşən dövlət meşə fondu torpaqlarına və qış otlağı ərazilərinə düşməsi ilə bağlı onlara şəhadətnamələrin verilməməsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qüsurlara yol verildiyi, qonşu torpaq mülkiyyətçiləri arasında yaranan torpaq-sərhəd mübahisələri, eləcə də həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlı mövcud problemlər barədə müraciətlər etmişlər.

 

Azərbaycan.-2014.- 10 yanvar.- S.4.