Növbəti ünvan
abidələrdi
Çoxəsrlik tarixə malik Azərbaycan maddi-mədəniyyət abidələri ilə zəngin bir ölkədir. Əsrlərin sınağından keçərək bu günümüzə qədər gəlib çatmış elə mədəniyyət abidələri var ki, təbii olaraq müəyyən təsirlərə məruz qalmış, qəza vəziyyətinə düşmüş, hətta öz əvvəlki görüntüsünü də itirmişdi. Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra tarix və mədəniyyət abidələrinə xüsusi diqqət yetirildi. Bu sərvətlərin qorunması ilə bağlı müxtəlif sərəncamlar imzalandı, qanun qəbul edildi. Mütəmadi olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı tutuldu. Hazırda ölkəmizin ərazisində 6308 tarix və mədəniyyət abidəsi dövlətin mühafizəsindədir, 27 dövlət tarix-mədəniyyət, memarlıq, bədii və etnoqrafiya qoruğu fəaliyyət göstərir.
Paytaxt Bakıdan başlayaraq bölgələrimizdə də tarix və mədəniyyət abidələrinin qorunması ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Yanardağ", "Atəşgah" məbədi, "Keşikçidağ", "Xınalıq" dövlət tarix-mədəniyyət, təbiət, memarlıq və etnoqrafiya qoruqları yaradılmışdır. Hər bir Azərbaycan vətəndaşı üçün qürur və sevinc doğuran haldır ki, "İçərişəhər" dövlət tarix-memarlıq qoruğu (2007-ci il), Şirvanşahlar sarayı kompleksi və Qız qalası (2000-ci il), Qobustan dövlət tarix bədii qoruğu UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Heydər Əliyev Fondu tərəfindən "Qala" etnoqrafiya qoruğunun ərazisində yaradılan "Qala" arxeoloji-etnoqrafik muzey-kompleksi Azərbaycanın tarixi keçmişini qoruyub saxlamaqla yanaşı, qoruğun turizm mərkəzlərindən birinə çevrilməsinə də imkan yaratdı.
Ölkə ərazisində yerləşən mühüm tarixi memarlıq əhəmiyyəti olan abidələrdə müxtəlif bərpa konservasiya işləri aparılaraq başa çatdırıldı. Qoruqlara gedən magistral yollarda təmir işləri görüldü. Ötən ilin sonunda - 2013-cü il 27 dekabrda Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-cü - 2020-ci illər üzrə Dövlət Proqramı" təsdiq edildi. Bu proqramın qəbul edilməsində əsas məqsəd daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, eləcə də bu tipli qoruqların fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir. Bu istiqamətdə əsas vəzifələr ondan ibarətdir ki, daşınmaz tarix və mədəniyyət abidələrinin bərpa və konservasiyası dəqiq yerinə yetirilsin. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, tətbiqi, eləcə də arxeoloji abidələrin inventarlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, bütün bu sərvətlərin ölkə daxilində və beynəlxalq miqyasda təbliği, təşviqi və s. kimi mühüm məsələlər nəzərdə tutulub.
Dövlət proqramının icrası bir sıra yeniliklərlə nəticələnəcək. Bu sırada dövlət proqramının həyata keçirilməsi üçün tədbirlər planı da hazırlanıb. İlk növbədə, normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. Bu işdə əsas icraçılar Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ədliyyə Nazirliyi və bir sıra dövlət idarələridir.
Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması işini təkmilləşdirmək üçün təbii ki, yüksək ixtisaslı kadrların hazırlanması məsələsi də vacib sayılır. UNESCO və digər beynəlxalq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi proqramın reallaşmasına müsbət təsir göstərəcək. Bu səbəbdən monitorinqlərin aparılması, bərpa-konservasiya, tədqiqat və təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Milli-mədəni irsin qorunması istiqamətində aparılan islahatların davamı olaraq daşınmaz tarix və mədəniyyət abidələrinin, qoruqların mühafizəsinin müasir səviyyədə təşkilinə, bərpasına, öyrənilməsinə və s. məsələlər üzrə yönəlmiş dövlət proqramının həyata keçirilməsi birbaşa Prezidentin nəzarəti altındadır.
Azərbaycan.-2014.- 10 yanvar.- S.6.