Prezident İlham Əliyev 2013-cü ildə
7 dəfə «İlin adamı» elan edilib
İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqeyini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi bu iqtisadi siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.
2013-cü ilin 9 oktyabr seçkilərinin nəticəsi olaraq xalqımız uzun illərin sərt sınaqlarından çıxaraq yüksək etimad qazanmış, siyasətin davamlığının təmin olunması, hər bir fərdin perspektiv mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl şəkildə davam etdirilməsi naminə ciddi siyasi iradə ortaya qoydu. Heydər Əliyev siyasətinin alternativsizliyi qənaətini özü üçün tam yəqinləşdirmiş Azərbaycan xalqının İlham Əliyevi strateji islahatlar kursunun layiqli davamçısı görməsi reallıqlarla şərtlənmiş, obyektiv zərurətdən irəli gəlmişdir. Dövlətə rəhbərlik missiyasını üzərinə götürən liderin şəxsiyyətcə bütöv, iradəli və sarsılmaz olması xalqın özünə inamını təmin etməklə yanaşı, hər bir vətəndaşın sabit və istiqrarlı yaşam tərzinə imkan yaradır.
Bu
gün Azərbaycan regionda hansısa ölkədən enerji
asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın
enerji təhlükəsizliyinə geniş imkanlar açır.
Bu layihələr eyni zamanda respublikamızın müstəqilliyini
daha da möhkəmləndirir, regionda müstəqil siyasət
aparmasını təmin edir. Azərbaycan dünyaya qaz nəql
edən ölkə kimi də tanınmaqdadır. Beş il müddətində Avropa İttifaqı ilə
aparılmış danışıqlar cari ilin iyununda Avropaya
qaz nəqli marşrutunun müəyyən edilməsi, həmçinin
sentyabr ayında "Şahdəniz" konsorsiumu və
Avropanın qaz alıcıları arasında sazişin
imzalanması ilə nəticələnib. İlkin mərhələdə
Azərbaycan qazının daşınması
"Şahdəniz-2" layihəsinin hasilatı hesabına
olacaqdır. Təbii qazın nəqli ilk mərhələdə
15-16 milyard kubmetrlə başlanacaqdır. 2019-cu ildə
Avropaya 10 milyard kubmetr, 2018-ci ildə isə Türkiyəyə
6 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan
qaz ixracatını 40-50 milyard kubmetrə
çatdıracaqdır.
Prezident İlham Əliyev ötən 10 illik fəaliyyəti dövründə məhz ölkə üçün taleyüklü, strateji əhəmiyyətli hadisələrin müəllifinə çevrilmişdir. Dövlət başçısının ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə və birliyinə xidmət etmişdir. Dövlət başçısının özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının ona sonsuz etimadının əsas səbəblərindəndir. Ölkə həyatının bütün sahələrində əldə olunan uğurlar beynəlxalq təşkilatların hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən vaxtaşırı keçirilən rəy sorğularında təqdir olunur və respublikmızın davamlı inkişaf yolunda olduğu xüsusi vurğulanır.
İlin adamı
Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzeti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "2013-cü ilin adamı" elan edib. Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim Zahid Malikin nəşrin birinci səhifəsində "İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli" adlı xüsusi məqaləsi çap olunub. Məqalədə deyilir ki, Avrasiya məkanında özünü təsdiq etmiş parlaq siyasi xadim olan İlham Əliyev 2013-cü il 9 oktyabr tarixli seçkilərdə yenidən xalqın etimadını qazanaraq Azərbaycanın Prezidenti seçilib.
Məqalədə deyilir ki, 90-cı illərin əvvəllərində iqtisadiyyatı tənəzzülə uğrayan Azərbaycan hazırda regionun lider dövlətinə çevrilib. Zahid Malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olunduğunu, Azərbaycanın inamlı addımlarla inkişaf etdiyini diqqətə çatdırıb.
Müstəqil Azərbaycanın gənc ölkə olduğunu bildirən baş redaktor xarizmatik lider Heydər Əliyevin rəhbərliyi ilə 90-cı illərin əvvəllərində Azərbaycanın demokratik inkişaf və dövlət quruculuğu yoluna qədəm qoyduğunu qeyd etmiş, bu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Zahid Malik yazır ki, İlham Əliyev 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilmiş ümumxalq seçkilərində inamlı qələbə qazanaraq dövlət başçısı seçilmişdir. Bir sıra aparıcı beynəlxalq təşkilatlar və dövlətlərdən olan müşahidəçilər seçkilərin demokratik və şəffaf keçirildiyini vurğulamışlar.
Məqalədə həmçinin bildirilir ki, Qərbin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamışdır. Neft yataqlarının istismarı istiqamətində həmin sazişə dair danışıqlarda İlham Əliyev aparıcı rol oynamışdır. Ölkə rəhbərliyinin həyata keçirdiyi neft strategiyasının icrası xalqın rifah halının yüksəlməsinə səbəb olmuşdur. Yazıda deyilir ki, bu siyasətin davamı olaraq neft və qazın nəqli marşrutları müəyyən edilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilmişdir. Azərbaycan qazının Avropaya nəqlini təmin edəcək Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələri icra olunmaqdadır. Neft strategiyası çərçivəsində görülən işlər nəticəsində ölkə 78 milyard dollar məbləğində mənfəət əldə etmiş, bir vaxtlar qaz idxal edən Azərbaycan bu məhsulun ixracına başlamışdır. Qeyd olunmuşdur ki, ölkədə tikilmiş 14 yeni elektrik stansiyası ölkənin elektrik enerjisinə olan tələbatını tam təmin etmiş və eyni zamanda ixrac imkanları yaratmışdır.
"Pakistan
Observer"in məqaləsində qeyd edilir ki, hazırda Azərbaycan
regionun ən böyük investoruna çevrilmişdir. Materialda Prezident İlham Əliyevin idmanın
inkişafına göstərdiyi qayğıdan, bu sahədə
əldə edilmiş uğurlardan da söhbət
açılır.
Geniş oxucu kütləsinə malik nüfuzlu
"VİOAS" ("Hind okeanının və Ərəb dənizinin
səsi") jurnalı da Azərbaycan Prezidenti İlham
Əliyevi dünyada "İlin adamı" elan etmişdir. Bu münasibətlə
jurnal 2013-cü ilin dekabr ayında dərc olunan xüsusi Milad
nəşrini Azərbaycana həsr etmişdir. Seyşel Adaları Respublikasında nəşr olunan
"VİOAS" jurnalı strateji əhəmiyyətə
malik olan Hind okeanı və Ərəb dənizi regionunun səsini
dünyaya çatdırmaq missiyasını üzərinə
götürmüşdür. Jurnalın əsas məqsədi
regiondakı əsas geosiyasi prosesləri
işıqlandırmaqla yanaşı, ekosistemin qorunması və
qlobal istiləşmə, dəniz quldurluğuna qarşı
mübarizə, turizmin inkişaf etdirilməsi məsələlərinə
diqqəti cəlb etmək, eləcə də Hind okeanında
və sahillərində yaşayan xalqlar arasında dostluğun
və mehriban münasibətlərin möhkəmləndirilməsinə
töhfə verməkdir.
Jurnalın
redaksiya heyətinin oxuculara müraciətində qeyd olunub ki,
Azərbaycan Prezidentinin "İlin adamı" seçilməsi
heç də onun xalqın böyük dəstəyi ilə
növbəti dəfə Prezident seçilməsi və şəxsi
liderlik keyfiyyətləri ilə bağlı deyildir. Bu qərar həm də Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanın BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətinin
və vəzifəsinin öhdəsindən yüksək səviyyədə
gəlməsinin nəticəsidir.
Bu
münasibətlə dövlət başçısı
İlham Əliyevin 10 illik fəaliyyətindən sonra
2013-cü il oktyabrın 9-da yenidən
xalqın böyük dəstəyi ilə Prezident
seçildiyi diqqətə çatdırılır. Bildirilir
ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 5,5 faizə düşmüşdür. 2020-ci ilədək ölkədə ümumi daxili məhsul
istehsalının iki dəfəyədək
artırılması qarşıya məqsəd qoyulmuşdur.
Azərbaycanın
sosial-iqtisadi və siyasi uğurlarına böyük diqqət
ayıran "VİOAS" jurnalının "İlin
adamı" sərlövhəli ilk məqaləsi də
Prezident İlham Əliyevin dövlət
başçısı kimi 10 illik fəaliyyəti
dövründə ölkəmizin keçdiyi inkişaf yoluna
həsr olunmuşdur. Azərbaycan haqqında bir
sıra məlumatların verildiyi yazıda Prezident İlham
Əliyevin 1993-cü ilin oktyabrından 2003-cü ilin
oktyabrınadək Azərbaycanın dövlət
başçısı olmuş ulu öndər Heydər
Əliyevin davamçısı olduğu vurğulanır.
Qeyd olunur ki, 1969-1982-ci illərdə Heydər
Əliyev sovet Azərbaycanına da rəhbərlik etmişdir.
Məqalə müəllifi yazır ki, Prezident İlham
Əliyev islahatçı lider kimi bənzərsiz inkişafa,
ölkənin yüksək səviyyəli xarici əlaqələrinin
qurulmasına, yoxsulluğun kəskin şəkildə
azalmasına nail olmuşdur. Seçkilərdən
sonra Prezident İlham Əliyevin xalqa müraciətində Azərbaycanın
son 10 ildə dünyada ən sürətli iqtisadi artıma
malik olan ölkələrdən birinə çevrilməsi ilə
bağlı fikirlərini xatırladan müəllif qeyd edib
ki, bu gün ölkənin gələcəyi işıqlı
görünür. Ümumi daxili məhsulda
böyük artımla yanaşı, sosial rifah ölkədə
əmanətlərin üçqat artmasına səbəb
olmuşdur. Seçkidən sonra xalqa müraciətində
Prezident İlham Əliyev qarşıdakı illərdə
ölkənin inkişafına zəmin yaradan "Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından bəhs
etmişdir. Ümumilikdə, bu strategiya çərçivəsində
ölkənin adambaşına düşən ümumi daxili məhsulun
həcmi 2020-ci ilədək iki dəfə
artırılacaqdır. Bu isə öz
növbəsində infrastrukturun yenidən qurulması, nəqliyyat,
şəhər xidmətləri və özəl sektorun
inkişafına ayrılan diqqət sayəsində Azərbaycanı
ənənəvi iqtisadiyyatdan biliklərə əsaslanan
iqtisadiyyatı olan ölkəyə çevirəcəkdir.
Jurnaldakı "Azərbaycan beynəlxalq səviyyədə
ədalətin bərpasına mühüm töhfələr
verir" sərlövhəli məqalədə isə ölkənin
BMT Təhlükəsizlik Şurasına üzvlüyü
dövründə beynəlxalq səviyyədə ədalətin
bərpasına və beynəlxalq hüququn prinsiplərinə
mühüm töhfələr verdiyi vurğulanır. Yazıda
bildirilir ki, bu müddət ərzində Azərbaycan
etibarlı tərəfdaş olaraq quruma üzv ölkələrlə,
digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı
davam etdirmişdir. Həmçinin qeyd olunur ki, 2012-ci
ilin may və 2013-cü ilin oktyabr aylarında Azərbaycan Təhlükəsizlik
Şurasına sədrlik etmişdir. Bu müddət
ərzində qurumda bir sıra mühüm qərarlar qəbul
olunmuş, beynəlxalq sülh və təhlükəsizlik məsələləri
müzakirə edilmişdir. Azərbaycanın
təşəbbüsü ilə BMT və İslam Əməkdaşlıq
Təşkilatı arasında əlaqələrin gücləndirilməsi
ilə bağlı yüksək səviyyəli
görüş keçirilmişdir.
Göründüyü kimi, Azərbaycanın
sosial-iqtisadi inkişafı və xarici siyasət fəaliyyəti
beynəlxalq aləmdə uğurlu nümunə kimi qəbul
olunur. Bu
baxımdan nüfuzlu "VİOAS" jurnalının
Prezident İlham Əliyevi "İlin adamı" elan etməsi
Azərbaycanın son illərdə daxili və xarici siyasətdə
qazandığı uğurların müəllifi olan dövlət
başçısına beynəlxalq aləmdə verilən
yüksək qiymətin, habelə ölkəmizin
dünyadakı nüfuzunun durmadan artmasının təsdiqidir.
İslahatçı lider
2013-cü
il dekabrın 5-də İstanbulda
keçirilən Xəzər Forumunun sonunda müxtəlif
nominasiyalar üzrə Xəzər mükafatları təqdim
olundu. Sevindirici haldır ki, "İlin Xəzər
dövlət adamı" mükafatına regionda həyata
keçirilən transmilli layihələrdə liderliyinə
görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev layiq görüldü.
2013-cü
ilin aprelində isə Böyük Britaniyanın nüfuzlu
"The Business Year" jurnalı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi dünyada
"İlin adamı" elan etdi. Ölkə
başçısı "İlin adamı"
mükafatına son beş ildə Azərbaycanın dinamik
inkişafına, dünyanın geosiyasi məkanda fəal
iştirakına, BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına, "Azərspace" ilk telekommunikasiya
peykinin orbitə buraxılması ilə Azərbaycanda,
bölgədə və dünyada internetin,
informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına
verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın
mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar
forumların, konfransların, idman yarışlarının
keçirildiyi mərkəzə çevrilməsindəki xidmətlərinə
görə layiq görülmüşdü.
Filippində
nəşr olunan və Asiya qitəsinin inkişaf etmiş
ölkələrində həyata keçirilən uğurlu
islahatları, dövlət başçılarının fəaliyyətini
əks etdirən, geniş oxucu kütləsinə malik
"BizNewsAsia" jurnalı da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevi "İlin
adamı" elan etmişdi. Jurnalın avqust
buraxılışında "İlham Əliyev: İlin
adamı", "Əliyev erası: Azərbaycanın
qızıl dövrü", "Sosial təminatlar və
yüksək maaşlar Azərbaycanda yoxsulluğu
azaltmışdır", "Dünya Bankının Azərbaycana
sualı: Yoxsulluğun azaldılmasına necə nail olmaq
mümkündür?", "İqtisadiyyatın şaxələndirilməsi
yolları" və digər məqalələr dərc
olunmuşdu.
Prezident
İlham Əliyev 2013-cü il iyulunda
Türkiyənin nüfuzlu "Ekovitrin" jurnalı tərəfindən
keçirilmiş rəy sorğusunun nəticəsinə
görə türk dövlətləri, Orta Asiya və Cənubi
Qafqazda "10 ilin dövlət adamı"
seçilmişdi. "Ekovitrin" jurnalı tərəfindən
keçirilən rəy sorğusunda 270 min 992 respondent
iştirak etmişdi. Jurnalda cənab
İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsində
səmərəli fəaliyyəti, qazandığı
uğurular barədə ətraflı məlumat verilmişdi.
Qeyd edilmişdi ki, son 10 ildə Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbayan sürətlə
inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən
birinə çevrilmişdir. Nəşrdə
dövlət başçısının daxili və xarici
siyasətinin uğurlu nəticələri də geniş əks
etdirilmişdi.
Dialoq və
Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər
Forumu (DƏİKGF) İstanbulda dünyanın 40 ölkəsindən
50-dən artıq universtetini təmsil edən 170-dən
çox gənc və 10 minə yaxın tələbə
arasında online sorğu keçirmişdi. Sorğuya
əsasən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev İƏT coğrafiyasında "İlin dövlət
başçısı" seçilmişdi. Bu barədə
qərar iyulun 6-da DƏİKGF və Malayziya Beynəlxalq
İslam Universitetinin (MBİS) təşkilatçılığı
ilə Kuala Lumpur şəhərində keçirilən
3-cü Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı
Modelinin Sammitinin bağlanış mərasimində elan
edilmişdi.
"İlin
dövlət başçısı" nominasiyasında
iştirak etmiş və İƏT-in 57 üzv ölkəsi
sırasından seçilmiş dövlət
başçılarının namizədlikləri İslam
irsinə göstərilən qayğı, İƏT ölkələri
arasında həmrəyliyin möhkəmləndirilməsi, təşkilata
üzv ölkələrin sosial-iqtisadi inkişafı və
beynəlxalq mövqelərinnin gücləndirilməsi sahəsində
fəaliyyətləri kimi
meyarlar üzrə qiymətləndirilmişdi. Dövlətimizin başçısı bu
nominasiyanın da qalibi olmuşdu.
Prezident
İlham Əliyev "İlin dövlət
başçısı" seçilərkən Azərbaycan
Prezidentinin rəhbərliyi altında əldə olunmuş
nailiyyətlər, o cümlədən Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi və bu
mövqedən İƏT ölkələrinin
maraqlarının müdafiəsi, Fələstin dövlətinə
yardım üzrə İslam Maliyyə Təhlükəsizliyi
Şəbəkəsinin təsis konfransı və Qüds
şəhərinin inkişafına yardım üzrə donor
konfransına 2013-cü ilin iyununda Bakıda ev sahibliyinin edilməsi,
bütövlükdə Azərbaycanın İƏT-in
İslam həmrəyliyi istiqamətində fəaliyyətinə
dəstəyi, həmçinin Cənubi Qafqazın ilk məscidi
və İslam sivilizasiyasının incisi sayılan
Şamaxı məscidinin bərpası təşəbbüsləri
nəzərə alınmışdı.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan inkişaf strategiyasının Prezident İlham
Əliyevin yeni mərhələdə uğurla davam etdirilməsi
bu gün müstəqil Azərbaycanı regionun qüdrətli
dövlətlərindən birinə çevirmişdir. Bunların nəticəsi
olaraq Azərbaycan hazırda daha geniş geosiyasi arealda
sülh, tərəqqi və sabitlik, iqtisadi əməkdaşlıq
mərkəzi kimi tanınır.
Elnur HACALIYEV,
Azərbaycan.-2014.- 11 yanvar.- S.1.