2014-cü ilin Azərbaycan Respublikasında
«Sənaye ili» elan edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Ötən əsrin 70-80-ci illərindən
başlayaraq Azərbaycanda
sənayeləşmə siyasəti
geniş miqyasda həyata keçirilmiş,
yüzlərlə sənaye
müəssisəsi inşa
edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün
sahələrində olduğu
kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye
məhsulları istehsalının
həcmi 2,7 dəfə artmışdır.
Bu müddət ərzində
rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması,
sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması
sahəsində çoxsaylı
layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə
sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Hazırkı mərhələdə müasir çağırışlar
və yeni təşəbbüslər nəzərə
alınmaqla sənayenin
modernləşdirilməsi və
qeyri-neft sənayesinin
şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin
həyata keçirilməsi,
o cümlədən mövcud
təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə
cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə
yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması,
regionlarda sənaye potensialının gücləndirilməsi,
sənayenin innovasiyalar
əsasında inkişafını
təmin edəcək
imkanların formalaşdırılması
zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkə iqtisadiyyatının
sənayeləşməsini sürətləndirmək, Azərbaycanın
güclü sənaye
mərkəzinə çevrilməsi
üçün mövcud
potensialdan daha səmərəli istifadə
etmək məqsədi
ilə qərara alıram:
1.
2014-cü il Azərbaycan Respublikasında
"Sənaye ili"
elan edilsin.
2. Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyi
2014-cü ilin Azərbaycan
Respublikasında "Sənaye
ili" elan edilməsinə dair tədbirlər planını
bir ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. "Azərbaycan Respublikasında
sənayenin inkişafına
dair 2015-2020-ci illər
üçün Dövlət
Proqramı"nın layihəsini üç ay
müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. bu sərəncamdan
irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 yanvar
2014-cü il
Azərbaycan.-2014.- 11 yanvar.- S.1.