2013-cü il də ölkəmizin sosial-iqtisadi

inkişafında mühüm mərhələ olmuşdur

 

Nazirlər Kabinetinin son iclasında keçən il əldə

 olunan uğurlara qiymət verilməklə yanaşı,

 qarşıda duran vəzifələr də müəyyən edildi

 

 

Azərbaycan iqtisadiyyatı yola saldığımız 2013-cü ildə də dinamik inkişaf etmişdir. Ötən il bütövlükdə iqtisadiyyatın bütün sahələrində böyük uğurlar qazanılmışdır. Bu dövrdə bir çox iri layihələrin icrası başa çatmış, yenilərinə start verilmişdir. Bir sözlə, həyata keçirilən uğurlu iqtisadi islahatlar ötən il də iqtisadiyyatın inkişafına öz müsbət təsirini göstərmişdir. Bunu ötən ilin makroiqtisadi göstəricilərinin dinamikası, ölkə iqtisadiyyatının şaxələnmiş şəkildə inkişafı bir daha sübut edir.

Rəqəmlərə nəzər salaq: keçən il ölkə üzrə 57 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmaqla real artım 5,8, o cümlədən qeyri-neft sektorunda 9,8 faiz artım olmuş, adambaşına düşən ümumi daxili məhsulun həcmi 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatmışdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə qazanılan uğurlardan danışarkən demişdir: "2013-cü ildə iqtisadiyyatımız inkişafını davam etdirmişdir. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Nəzərə alsaq ki, bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır, təxminən 6 faiz səviyyəsində artan ümumi daxili məhsul böyük nəticədir. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz 9,8 faiz artmışdır. Yəni, təxminən 10 faiz artmışdır və bu da son illərdə aparılan islahatların nəticəsidir. Aparılan islahatlar bunu təmin edibdir. Qeyri-neft sektorunun gələcək illərdə də inkişafını təmin etmək üçün indi ciddi proqramlar icra edilir və növbəti illərdə icra ediləcəkdir. Əminəm ki, biz bu dinamikanı saxlayacağıq".

Məlumdur ki, iqtisadiyyatın inkişafında kapital qoyuluşu mühüm rol oynayır. Keçən il iqtisadiyyatımıza rekord həcmdə - 28 milyard dollar sərmayə qoyulmuşdur. Halbuki son illər bu rəqəm 20-22 milyard civarında olmuşdur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, yatırılan investisiyaların 17,5 milyard dolları daxili sərmayədir. Belə hal artıq bir neçə ildir davam edir. Bu fakt onu göstərir ki, ölkəmiz artıq ağır şərtlərlə xarici kapitalı cəlb etmək məcburiyyətində deyil. O da sevindirici haldır ki, daxili sərmayədə üstünlük dövlətə məxsus olsa da, yerli özəl sektor da ildən-ilə kapital qoyuluşunu artırır.

Bununla bağlı bir faktı da vurğulamaq yerinə düşər - ötən il dekabrın 17-də Bakıda "Şahdəniz-2" investisiya sazişinin bağlanması ölkəmizə böyük həcmdə yeni xarici kapitalın axınına şərait yaradacaq. "Şahdəniz-2", TANAP, TAP layihələrinin icrası ilkin hesablamalara görə, 45 milyard dollar sərmayənin cəlb edilməsinə imkan verəcək. Təbii ki, sözügedən layihələrin ölkəmizə aid olan hissəsinin icrasında bu istiqamətdə böyük təcrübəsi olan yerli dövlət və özəl şirkətlər də yaxından iştirak edəcəklər.

Yeri gəlmişkən qeyd edək ki, ölkədə özəl sektorunyerli sahibkarlığın inkişafı dövlətin diqqət mərkəzində qalır. Özəl sektorun inkişafı üçün ötən il dövlət tərəfindən sahibkarlara güzəştli şərtlərlə 275 milyon manat güzəştli kreditin verilməsi bunun əyani təsdiqidir. Cari ildə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlərin verilməsi davam edəcək. Başqa sözlə, bu il də özəl sektorda iqtisadiyyatın digər sahələrində olduğu kimi, dinamik inkişaf səngiməyəcək.

Son 10 ildə sənayenin, xüsusilə qeyri-neft sənayesinin inkişafında böyük uğurlar qazanılıb. Əvvəllər istehsal, emal və xidmət tipli iriorta müəssisələr ölkənin paytaxtında tikilirdi. Lakin son bir neçə ildə belə müəssisələrin çoxu bölgələrdə istifadəyə verilir. Bu, iqtisadiyyatın şaxələnmiş inkişafı ilə yanaşı, coğrafi məkanın da müxtəlifliyini təmin edir. Üstəlik, bölgələrdə yaşayan əhalinin işlə təmin olunmasına imkan yaranır. Təsadüfi deyil ki, 2003-cü ildən bəri ölkədə açılan 1 milyon 200 min yerinin əksəriyyəti bölgələrin payına düşür. Belə hal əhalinin bölgələrdən paytaxta miqrasiya axınının qarşısını alır ki, bu da özlüyündə sosial problemin həlli deməkdir.

Onu da qeyd edək ki, regionların inkişafına dair qəbul edilən dövlət proqramları xüsusi rol oynayır. Belə proqramlarda hər bir bölgənin inkişaf perspektivləri, yerli xammal və potensialının nəzərə alınması da müsbət haldır. Nəticə göz qabağındadır. Ölkənin bütün bölgələri öz potensialına uyğun  sürətlə inkişaf edir.

Artıq ölkəmizin sənayeləşməsində yeni istiqamətlər müəyyənləşdirilib. Əvvəllər iriorta sənaye müəssisələrinin tikintisi üstünlük təşkil edirdisə, son illər nəhəng sənaye komplekslərinin inkişafına xüsusi önəm verilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında ölkənin sənayeləşməsi perspektivlərindən danışarkən demişdir: "Sənaye istehsalının artırılması ilə bağlı texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər sahələrdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkın yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdar. 2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bu, çox perspektivli bir sahədir. Xüsusilə nəzərə alsaq ki, metallurgiya sənayesinin inkişafı üçün bizdə kifayət qədər yerli xammal, təbii resurslar vardır. Müasir metallurgiya kombinatının tikintisi, əlbəttə ki, çox böyük nailiyyət olacaqdır. Hesab edirəm ki, bu il bu sahəyə xüsusi diqqət göstərilməlidir". Yeri gəlmişkən bildirək ki, bütün bunları nəzərə alan dövlət başçısı 2014-cü ili "Sənaye ili" elan etmişdir.

Keçən il isə ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" (İKT) idi. Dövlət tərəfindən bu sektora göstərilən qayğı müsbət nəticə vermişdir. İKT sektorunun artım tempi bu sahə üzrə ümumdünya orta göstəricisini təxminən 2 dəfə üstələyərək 14 faiz təşkil etmişümumi gəlirlər 2 milyon dolları ötmüşdür. Telekommunikasiya sahəsində stasionar telefon şəbəkəsi genişlənərək regionda (MDB və Mərkəzi Asiyada) müasirliyi, keyfiyyəti, əhatə dairəsi və qiymət göstəricilərinə görə ön cərgədədir. Mobil telefon şəbəkəsi isə əhali və ərazi əhatəsinə görə daha da genişlənərək Avropa orta səviyyəsindən yüksək olmuşdur. Hələ dünyanın bir çox ölkələrində ikinci nəsil rabitə texnologiyası tətbiq edildiyi halda, ölkəmizdə 3-cü nəsil texnologiya tamamilə, Bakı və Abşeronda isə 4-cü nəsil rabitə texnologiyaları tətbiq olunmağa başlanmışdır. Bununla yanaşı, qlobal internet şəbəkəsinin inkişafı 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderlik yerini saxlamışdır.

İqtisadi inkişaf əhalinin sosial-rifahının yüksəlməsinin başlıca mənbəyidir. Ölkə iqtisadiyyatının dinamik inkişafı əhalinin yaşayış parametrlərinin bütün sahələrinə öz müsbət təsirini göstərir. Elə 2012-ci illə müqayisədə keçən il ölkə üzrə işləyənlərin orta əməkhaqqının 6,2 faiz artaraq 423 manata çatması məhz bunun nəticəsidir. Bundan əlavə, hesabat dövründə manatın dəyəri sabit qalmış, inflyasiya 2,4 faiz təşkil edərək əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olmuşdur. Keçən il əhalinin banklarda olan əmanətlərin məbləği də 34 faiz artaraq 6,8 milyard manata çatmışdır.

Bütün bu və keçən ilin digər makroiqtisadi göstəriciləri deməyə əsas verir ki, 2013-cü il də Azərbaycanın iqtisadi inkişafında mühüm dövr olmuşdur

 

 

 

Rüstəm KAMAl,

Azərbaycan.-2014.- 11 yanvar.- S.1-2.