Sosial inkişafın yeni mərhələsi

 

Prezident İlham Əliyev: "Sosial sahənin

 əsas istiqaməti insanların sağlamlığıdır"

 

 

 

Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir. Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə müəyyənləşdirdiyi inkişaf strategiyasını ötən 10 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyinyoxsulluğun səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Ötən dövrdə ən yaddaqalan sosial layihələrdən biri ölkə başçısının vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalaması və bu prosesin uğurla reallaşmasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllininin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradıldı. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində çalışan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. "ASAN xidmət", ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biriodur ki, həmin xidmətlər müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.

Bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar üçün həyata keçirilir və təqvimin bütün günlərində açıq olur. "ASAN xidmət" mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiyas. dövlət orqanlarının əməkdaşları vətəndaşlara müasir və keyfiyyətli xidmətlər göstərirlər. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, neqativ hallarla üzləşməsinin qarşısını alır.

Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi 2014-ci ilin dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Büdcə xərclərinin strukturunda sosialyönümlü xərclər yenə də prioritet istiqamətlərdən birini təşkil edir. Dünya iqtisadiyyatında tənəzzül meyllərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev məqsədyönlü kursuna sadiq qalaraq 2013-cü ilin sentyabr ayından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elmelmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət orqanlarında çalışanların əməkhaqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin orta hesabla 10 faiz artımını təmin edib. Həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaq. 2014-ci ilin dövlət büdcəsi deməyə əsas verir ki, cari ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcək.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanmışdır. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzində saxlanılmışdır. Anauşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də ölkədə ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə 6 perinatal mərkəz fəaliyyətə başlamışdır.

Ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb ocaqlarının yenidən qurulması geniş vüsət almışdır. Səhiyyə islahatlarının mühüm istiqaməti olan tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilmişdir. Bu məqsədlə səhiyyənin prioritet sahələri üzrə 9 dövlət proqramı qəbul olunmuşdur.

Son 10 ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılmışdır. Onlardan təxminən 70 faizi regionların payına düşür. Bundan əlavə, son illərdə ölkədə tibb kadrlarının hazırlanması, tibbi təhsil və tibb elminin inkişafı sahəsində də ciddi uğurlara nail olunmuşdur. Bu günlərdə isə paytaxtda 50 min kvadratmetr sahəsi olan 550 çarpayılıq, ölkəmizdə ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verildi.

Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında bildirib: "Bu mərkəzin tikintisi əlamətdar hadisədir. Son illərdə Azərbaycanda səhiyyə sahəsinin inkişafı ilə bağlı böyük işlər görülmüşdür. Bütün rayonlarda müasir xəstəxanalar, diaqnostika mərkəzləri tikilmişdir. Son illərdə yüzlərlə tibb mərkəzi açılmışdır ki, bu gün Azərbaycan vətəndaşlarına xidmət göstərir. Belə mərkəzlərin yaradılması Azərbaycanda sosial sahəyə göstərilən diqqətin əlamətidir. Bu sahə 2014-cü ildə də prioritet olaraq qalacaqdır. Çünki Azərbaycanın artan iqtisadi inkişafı, iqtisadi potensialı imkan verir ki, sosial sahəyə diqqət daha da böyük olsun.

Əlbəttə ki, sosial sahənin əsas istiqaməti insanların sağlamlığıdır. Bu sahəyə də daim böyük diqqət göstərilir.  Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlar statistik göstəricilərdə də özünü əks etdirir. Çünki ana ölümü, uşaq ölümü xeyli dərəcədə aşağı düşmüşdür. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda aparılan islahatları təqdirlə qeyd edir. Bir sözlə, son illərdə ölkəmizdə və xüsusilə Bakıda müasir tibb müəssisələrinin  yaradılması geniş vüsət almışdır. Əminəm ki, gələcək illərdə hazırda təmirə ehtiyacı olan tibb müəssisələrində də təmir-bərpa işləri aparılacaq və gözəl şərait yaradılacaqdır".

Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması, həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlərin yaradılması nəzərdə tutulur.

2014-cü ilin ilk günlərində Prezident İlham Əliyevin iştirakı ilə Qəbələdə Dağ-Xizək Kompleksinin açılması da Azərbaycanda sosial sahənin inkişafına və əhalinin sağlamlığına göstərilən dövlət qayğısının əsas göstəricilərindəndir. Ölkə başçısı bir neçə mühüm sahə ilə yanaşı, Azərbaycanda turizmin inkişafını da qeyri-neft sektorunun əsas sahələrindən biri elan etmişdirbu istiqamətdə atılan addımlar öz bəhrəsini verir. Qəbələdəki "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi bu sırada mühüm yer tutur. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Paytaxt ilə yanaşı, indi bu prosesə regionlar da cəlb olunmuşdur və bölgələrimizdə irimiqyaslı turizm layihələri icra edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, son bir neçə ildə dünyanın ən məşhur hotel brendləri Azərbaycana gəlmiş, ölkədə çoxsaylı beşulduzlu hotellər istifadəyə verilmişdir. Həm Qusar rayonundakı "Şahdağ" Qış-Yay Turizm, həm də Qəbələdəki "Tufan" Dağ-Xizək Qış-Yay İstirahət komplekslərində görülən işlər Azərbaycanın turizmin inkişafı sahəsində əldə etdiyi uğurların miqyasını göstərir.

Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri Azərbaycan vətəndaşlarının sağlamlığına, firavan həyat tərzinin təmininə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş gündəlik həyatında, məişətində hiss edir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də çox irəli getmişdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 11 yanvar.- S.2.