AMEA-nın
Humanitar və İctimai Elmlər Bölməsi hesabat vermişdir
Yanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) əsas binasında
akademiyanın Humanitar
və İctimai Elmlər Bölməsinin
(HİEB) 2013-cü ildəki elmi-təşkilati fəaliyyətinin
yekunları ilə bağlı hesabat iclası keçirilmişdir.
AzərTAc xəbər verir
ki, əvvəlcə tədbir iştirakçıları
ötən il
bölmənin nəzdində
fəaliyyət göstərən
elmi-tədqiqat müəssisələrinin
əməkdaşları tərəfindən
nəşr etdirilmiş
kitablarla tanış olmuşlar. Tədbirdə HİEB-in akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayevin bölmənin elmi-tədqiqat müəssisələrinin
2013-cü ildəki elmi-təşkilati
fəaliyyəti haqqında
hesabat məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, hesabat dövründə Prezident
İlham Əliyevin
elm sahəsindəki müvafiq
fərman və sərəncamlarının, dövlət
proqramlarının icrasına
uyğun olaraq bölmədə kompleks tədbirlər həyata keçirilmiş, aparılan
elmi-tədqiqat işləri
Azərbaycanın müstəqilliyinə,
sosial-iqtisadi inteqrasiyasına,
mədəni-mənəvi, intellektual inkişafına,
elmimizin beynəlxalq aləmə inteqrasiyasına
və bu prosesdə maddi-mənəvi
dəyərlərin qorunmasına
istiqamətlənmişdir.
K.Abdullayev bölmə üzrə
2013-cü ilin elmi-tədqiqat
işlərinin planlarının
yerinə yetirilməsi,
əldə edilmiş
nəticələr, institutların
hesabat ilindəki fəaliyyəti, həmçinin
bir sıra digər təşkilatların
mühüm nəticələri
haqqında məlumat vermiş, AMEA-nın İqtisadiyyat, Arxeologiya və Etnoqrafiya institutlarında müqavilələr
üzrə aparılmış
işləri yüksək
qiymətləndirmişdir.
Diqqətə çatdırılmışdır
ki, AMEA-nın ən böyük struktur bölməsi olan HİEB-də 11 problem
şurası, 14 elmi tədqiqat müəssisəsi,
3 muzey fəaliyyət
göstərir. İl
ərzində bölmənin 5 ümumi,
8 büro iclası keçirilmişdir. Bölmə
iclaslarında, eyni zamanda 95 elmi-təşkilati,
33 kadr və 14 cari məsələyə
baxılmış, həmçinin
dövlət əhəmiyyətli
sənədlərin, gündəmdə
olan ən aktual problemlərin müzakirəsinə geniş
yer verilmişdir.
2013-cü ildə bölmə
üzvləri elmi, elmi-təşkilati, ictimai
işlər sahəsində
fəal çalışmış,
dəyərli yaradıcılıq
uğurları əldə
etmişlər. Hazırda bölmədə 11 akademik və 27 müxbir üzv fəaliyyət göstərir.
Onlar son
bir il
ərzində 68 kitab və 337 məqalə çap etdirmişlər.
Bu elmi əsərlər
sırasında akademik
Ramiz Mehdiyevin "Tarixi idrakın elmiliyi probleminə dair", "Azərbaycanı
dəyişmiş on il: 2003-2013" əsərləri
xüsusi əhəmiyyət
kəsb edir.
Hesabat ilində AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun redaktorluğu ilə ikicildlik fundamental "Heydər
Əliyev" monoqrafiyası
və akademik Teymur Bünyadovun "Qəbələ
folkloru" kitabı çapdan çıxmışdır.
Hesabatda qrantlar əsasında fəaliyyət göstərən
bölmə elmi-tədqiqat
müəssisələrinin (ETM) sayının artması, xarici əlaqələr sahəsində əldə
edilmiş nailiyyətləri
də öz əksini tapmışdır.
Bildirilmişdir ki, bölmə institutlarının beynəlxalq
əlaqələri genişləndirilmiş,
alim və mütəxəssislərimiz bir
sıra nüfuzlu beynəlxalq elmi konfranslarda və simpoziumlarda uğurla iştirak etmiş, institutların əməkdaşları
müxtəlif fəxri
adlara layiq görülmüş, diplom
və medallarla təltif olunmuşlar.
K.Abdullayev yeni nəşrlər haqqında ətraflı məlumat vermişdir. Nəzərə
çatdırılmışdır ki, il ərzində
bölmənin çap
məhsulunun sayı 3
min 98 olmuşdur ki, onlardan 282-si kitab, 123-ü
monoqrafiya, 2 min 463-ü isə
məqalədir. Xaricdə 11 kitab,
32 monoqrafiya, 476 məqalə,
69 tezis nəşr olunmuşdur. Bu çap məhsullarının
əksəriyyəti dünyanın
nüfuzlu nəşriyyatlarında
işıq üzü
görmüşdür.
Qeyd edilmişdir
ki, hesabat ilində 21 beynəlxalq konfrans keçirilmişdir. Onların
sırasında AMEA-nın
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Qloballaşma
prosesləri və Azərbaycan elmi" və HİEB-in Bakı Slavyan Universiteti ilə birgə keçirdiyi
"Azərbaycanşünaslığın
aktual problemləri"
mövzusunda elmi konfransları xüsusi əhəmiyyət kəsb
edir. Bundan əlavə, institutlarda respublika elmi konfransları, müxtəlif
mövzularda "dəyirmi
masa"lar, simpoziumlar,
sərgilər və təqdimat mərasimləri
yüksək səviyyədə
keçirilmişdir.
K.Abdullayev vurğulamışdır ki,
"Elmin İnkişafı
üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nda nəzərdə
tutulan kompleks tədbirlərdən biri də yüksək ixtisaslı kadr hazırlığı məsələsidir.
Hesabat ilində
bölməyə daxil
olan ETM-lərdə 2
min 300 nəfər çalışmışdır. Onlardan 5-i akademik,
14-ü müxbir üzv,
169-u elmlər doktoru,
628 nəfəri fəlsəfə
doktorudur. Beş nəfər
elmlər doktoru, 43 nəfər isə fəlsəfə doktoru dissertasiyası müdafiə
etmişdir.
Hazırda doktoranturada fəlsəfə
doktoru hazırlığı
üzrə 299 nəfər
təhsil alır. Qeyd edək ki, ötən
il fəlsəfə doktoru hazırlığı
üzrə doktoranturaya
154 nəfər qəbul
olunmuşdur. Hazırda bölmədə
480 dissertant vardır,
onlardan 135-i xarici vətəndaşdır.
Nəzərə çatdırılmışdır
ki, hesabat ilində bölmə ETM-lərinin beynəlxalq əlaqələri
xarici ölkələrə
elmi ezamiyyətlər,
dünyanın müxtəlif
mərkəzlərində, kitabxanalarında araşdırmaların
aparılması, beynəlxalq
elmi konfranslarda iştirak, elmi jurnallarda məqalələrin
nəşr etdirilməsi,
görüşlərin, ekspedisiyaların
keçirilməsi, müqavilələrin
bağlanılması və
s. formada həyata keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, dövlət başçısının müvafiq
sərəncam və fərmanlarına uyğun
olaraq bölmənin müxtəlif institutlarında
görkəmli mütəfəkkir
və alimlərimizin yubileyləri yüksək
səviyyədə qeyd
edilmişdir.
K.Abdullayev Azərbaycan elminin inkişafında ümummilli
lider Heydər Əliyevin yorulmaz fəaliyyətini xüsusilə
qeyd etmiş və bu siyasətin
hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini xüsusi vurğulamışdır.
İclasda AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli çıxış
edərək il ərzində bölmədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarına,
müxtəlif dövlət
proqramlarının icrasına
uyğun olaraq ardıcıl, məqsədyönlü
iş aparıldığını
bildirmişdir.
İ.Həbibbəyli qloballaşan dünyada
akademiyanın beynəlxalq
əlaqələrinin inkişaf
etdirilməsinin mühüm
əhəmiyyət kəsb
etdiyini qeyd etmiş, bu sahədə AMEA-da həyata keçirilən
işlərdən danışmışdır.
Bölmənin qrant layihələrindən,
nəşrlərindən söhbət
açan akademik impakt faktorlu jurnallarda alimlərimizin məqalələrinin sayının
artırılmasının əhəmiyyətini xüsusilə
vurğulamışdır.
Tədbirdə
akademiklər Vasim Məmmədəliyev, Teymur Bünyadov,
AMEA-nın müxbir üzvləri Yaqub Mahmudov, Tofiq Hacıyev
çıxış edərək akademiyanın
institutlarında görülmüş işlərdən
danışmış, təkliflərini səsləndirmiş,
bölmənin hesabatını qənaətbəxş hesab
etmişlər.
Azərbaycan.-2014.- 11 yanvar.- S.3.