Azərbaycanın prokurorluq
orqanları cinayətkarlığa qarşı mübarizənin
gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının
qorunması sahəsində zəruri tədbirlər həyata keçirmişdir
Yanvarın 10-da Baş Prokurorluqda 2013-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müşavirədə çıxış edən baş prokuror Zakir Qaralov demişdir ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlət siyasətinin nəticəsi olaraq ölkə həyatının bütün sahələrində əhəmiyyətli uğurlar əldə edilmiş, dövlətçiliyimiz daha da möhkəmləndirilmiş, respublikamızın iqtisadi qüdrəti artmışdır.
Ölkəmizin sosial-iqtisadi inkişafında daha yüksək göstəricilərə nail olunmaqla hüquqi, demokratik dövlət quruculuğu prosesində mühüm uğurlar əldə edilmiş, dünya birliyinə inteqrasiya güclənmişdir.
Dövlət başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrikində qeyd olunduğu kimi, 2013-cü il ölkəmiz üçün çox uğurlu il olmaqla qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə icra edilmiş, iqtisadiyyatın, əhalinin pul gəlirlərinin əhəmiyyətli artımına nail olunmuş, mühüm infrastruktur layihələri reallaşdırılmış, ölkəmizin dünya dövlətləri üzrə reytinqinin yüksəlməsi və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən hərtərəfli dəstəklənməsi ilə nəticələnən makroiqtisadi göstəricilərə nail olunmuşdur.
Bildirilmişdir ki, ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə zəngin olan 2013-cü ildə Azərbaycanın prokurorluq orqanları digər hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Hesabat dövründə prokurorluq orqanlarının səyləri dövlət başçısının göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, həyata keçirilən islahatların yeni məzmunda davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına, mövcud çatışmazlıq və mənfi təzahürlərin təxirə salınmadan aradan qaldırılmasına yönəldilmişdir.
Son illər Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində daha qətiyyətli və səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran baş prokuror korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin kəsərliliyinin daha da artırılması, həmin sahədə ciddi tədbirlərin görülməsi, bu sosial bəlanın aradan qaldırılması, ona qarşı həyata keçirilən preventiv tədbirlərin səmərəliliyinin artırılması üzrə fəaliyyətin daha intensiv, ardıcıl və sistemli aparılmasının təmin ediləcəyini vurğulamışdır.
Əməliyyat
müşavirəsində ötən il ərzində cinayətkarlığa
qarşı mübarizənin, istintaq işinin və ibtidai
araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət
təqibi çərçivəsində insan və vətəndaş
hüquq və azadlıqlarının müdafiəsi sahəsində
görülmüş işlər və qarşıda duran vəzifələr,
Baş Prokurorluğun 2013-cü il iş planının
icrası və cari ilin iş planı barədə baş
prokurorun birinci müavini Rüstəm Usubovun, prokurorluq
orqanlarında qulluğa qəbulla bağlı 2013-cü ildə
elan edilmiş müsabiqənin təşkili və
keçirilməsi istiqamətində görülmüş
işlər və qarşıda duran vəzifələr barədə
baş prokurorun müavini Namiq Əsgərovun, 2013-cü ildə
prokurorluq orqanlarında informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi ilə əlaqədar
görülmüş işlər barədə Baş
Prokurorluğun idarə rəisi Natiq Hüseynovun məlumatları
dinlənilərək müvafiq qərarlar qəbul
edilmişdir.
Əməliyyat müşavirəsində Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsi barədə dövlət başçısının verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, əlaqədar struktur qurumlar və tabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.
Müşavirədə həmçinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilmişdir.
Eyni zamanda, 2013-cü il ərzində görülmüş işlərin vəziyyəti ümumiləşdirilməklə nəticələrin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilmişdir.
Əməliyyat
müşavirəsində bildirilmişdir ki, Azərbaycan
Respublikası Prokurorluğunun kollektivi 2014-cü ildə də
öz səlahiyyət hədləri daxilində Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən yeni məzmunlu siyasi tədbirlərin
reallaşdırılmasında, digər hüquq-mühafizə
orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsində,
dövlətçiliyimizin maraqlarının, insan hüquq və
azadlıqlarının qorunmasında bütün zəruri tədbirlərin
görülməsini təmin edəcəkdir.
AzərTAc
Azərbaycan.-2014.- 11 yanvar.- S.3.