Azərbaycanın tanınmış mədəniyyət, incəsənət və mətbuat xadimlərinə «TÜRKSOY-un 20 illiyi» yubiley medalı təqdim edilmişdir

 

Yanvarın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında türk dünyasının mədəni irsinin təbliği, türkdilli ölkələr arasında əməkdaşlığın gücləndirilməsi sahəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətləri olan Azərbaycanın  tanınmış mədəniyyət, incəsənət və  mətbuat xadimlərinə "TÜRKSOY-un 20 illiyi" yubiley medalının təqdim edilməsi  mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında Azərbaycanın yüksək səviyyədə fəallığından geniş söhbət açmışdır. Bildirmişdir ki, Bakıda keçirilən bütün tədbirlərdə, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan beynəlxalq forumlarda, müxtəlif konfranslarda, mərasimlərdə TÜRKSOY-un təmsil olunması bu nüfuzlu beynəlxalq təşkilatın üzvləri arasında əməkdaşlığı daha da artırır və onları bir-birinə yaxınlaşdırır.

TÜRKSOY-un baş katibi diqqətə çatdırmışdır ki, biz hamımız türk xalqlarını bir-birinə yaxınlaşdırmaq, ümumi tariximizi öyrənmək, ortaq dilimizi inkişaf etdirmək kimi xeyirxah bir missiyanı  yerinə yetiririk. Biz birgə mədəniyyətimizi inkişaf etdirməklə yanaşı, onu dünyanın hər yerində təbliğ edirik.

 Düsen Kaseinov 2013-cü ildə TÜRKSOY-un 20 illik yubileyinin dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda da böyük təntənə ilə qeyd edildiyini diqqətə çatdırmış, Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində yubiley tədbirinin yüksək səviyyədə keçirildiyini vurğulamışdır. Qeyd etmişdir ki, TÜRKSOY-un toplantısı ondan sonra Parisdə, Strasburqda, Astanada və digər şəhərlərdə də keçirilmişdir. Bu yubiley tədbirləri çərçivəsində Azərbaycanın mühüm mədəniyyət hadisələri də geniş qeyd edilmişdir.

Sonra TÜRKSOY-un baş katibi Düsen Kaseinov mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə, Azərbaycan Dövlət Akademik Milli  Dram Teatrının direktoru İsrafil İsrafilova,  Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Azərbaycan Dövlət Akademik Opera  Balet Teatrının direktoru Akif Məlikova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə, müğənnilərdən Azərinə, Azər Zeynalova, tanınmış tədqiqatçı jurnalist Ramiz Əsgərə və AzərTAc-ın baş direktoru Aslan Aslanova "TÜRKSOY-un 20 illiyi" yubiley medalını təqdim etmişdir.

Yubiley medalına layiq görülənlər adından çıxış edən Ədalət Vəliyev  fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə minnətdarlığını bildirmiş, TÜRKSOY-un həyata keçirdiyi genişmiqyaslı tədbirlərin, eləcə də Azərbaycan mədəniyyətinin bu təşkilat səviyyəsində dünyada təbliğinin böyük əhəmiyyət daşıdığını demişdir. Diqqətə çatdırmışdır ki, TÜRKSOY-un yaradılmasının 20 illik yubileyi ötən il Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yüksək səviyyədə qeyd edilmişdir.  Əlamətdar haldır ki, türkdilli dövlətlərin  başçıları bu qurumun fəaliyyətini yüksək qiymətləndirmiş, qarşıdakı illərdə onun birləşdirici missiyasını, görəcəyi işləri dəyərləndirmiş və inkişaf perspektivlərini göstərmişlər. TÜRKSOY-un bu yüksək mükafatı bizi bundan sonrakı fəaliyyətimizdə daha sıx və faydalı əməkdaşlığa sövq edəcəkdir.

Mərasimin sonunda xatirə şəkli çəkdirilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 11 yanvar.- S.5.